Məhkəmə qərarları › İş №2(049)-2958/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2958/2023

11.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2958/2023 11.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X8 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə 11 oktyabr 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh X4 qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddiasını də onunla əsaslandırmışdır ki, Lənkəran rayon Məhkəməsinin 30 dekabr 2019cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək cavabdehlə birgə nikahlarından doğulmuş övladı 15 mart 2019-cu il təvəllüdlü X1 üçün xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdehdən hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda bu məbləğ çox cüzi olduğundan uşağın xərcin ödəmir. Cavabdehin isə qazancı yüksəkdir. Uşaqr böyüdükcə onun saxlama xərcləri də artır. Uşaqlar üçün yaşayış minimumunun 2023-cü il üçün artdığını nəzərə alaraq, Lənkəran rayon Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul miqdarında alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını, cavabdehin həmin alimenti ödəmək iqdidarında olmasını, lakin bu barədə sübutunu məhkəməyə təqdim edə bilmədiyini göstərmişdir. Əlavə olaraq bildirmişdir ki, Lənkəran rayonu, Verəvul kəndində müəllim işləyərək 250 manat əmək haqqı alır. Cavabdeh X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin məhkəmənin hazırlıq iclasında iddianı qismən qəbul edib 140 manat miqdarında aliment verə biləcəyini göstərmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan Lənkəran rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2019-cu il təvəllüdlü X6 anasının yanında qalması, onun saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdehdən hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə mübahisəyə hüquqi qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehin qazancının yüksək və 220 manat miqdarında aliment vermək imkanına malik olduğunu göstərsə də, bunu təsdiqləyən sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Əslində bu hal iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilərdi. Lakin, hamıya bəllidir ki, uşaq böyüdükcə ona sərf olunan xərclər də artır. Bundan əlavə, hər il uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu dövlət tərəfindən artırılır. İlk dəfə, 2019-cu ildə cavabdehdən iddiaçının xeyrinə aliment qət edilən zaman uşaqlar üçün yaşayış minimumu 160 manat olmuşdur. Hazırda isə 220 manatdır. Yəni, 2019-cu ilə nisbətdə uşaqlar üçün nəzərdə tutlmuş yaşayış minimumu 37,5% artırılmışdır. Məhz bunu nəzərə alaraq məhkəmə hesab edir ki, 2019cu ildə qət edilmiş 120 manat alimentin miqdarı 37,5% artırılmalı, yəni Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdehdən xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 165 manat sabit pul miqdarında alimentin alınıb iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının «X10» Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddia ərizələrə görə dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Həmin Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrinə görə 30 manat dövlət rüsumu ödənilir. Məhkəmə qeyd edir ki, hazırda uşağın saxlanması üçün ayda 165 manat miqdarında alimentin tutulması nəzərə alınmışdır. Bu da əvvəlki alimçentdən 45 manat artıq deməkdir. Artırılmış alimentin alınması haqqında iddianın bir il ərzində ödəmənin cəmi 540 manat təşkil eləyir (45 manat x 12 aya = 540). Buna görə də cavabdehdən 30 manat dövlət rtüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X4 qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq X3 xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 165 manat sabit pul miqdarında alimentin alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. X2 üçün cavabdehdən hər ay uşaq üçün 165 (yüz səksən) manat sabit pul miqdarında alimentin tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdehdən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar