Məhkəmə qərarları › İş №2(049)-3070/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3070/2024

19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3070/2024 19.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ X10 Əhmədağa oğlunun sədrliyi, Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında xx.xx.2024-cü il tarixdə baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Əfrail oğlundan 10500 manat pulun və 121 manat 50 qəpik dövlət rüsumunun, cəmi 10621 manat 50 qəpik pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Əfrail oğlu onun qardaşı oğludur, aralarında minasibətləri yaxşı olmuşdur. 10500 manat miqdarında pulu ona xx.xx.2023-ci il tarixdən bir neçə ay əvvəl vermişdir. Cavabdeh ondan pulu alanda ona demişdir ki, iki ay müddətinə qaytaracaqdır. Lakin iki ay keçəndən sonra pul ona qaytarmamışdır. O, onu məcbur etmişdir ki, pulunu qaytarsın. Cavabdeh ona biraz möhlət verilməsini xahiş etmişdir. Cavabdeh ona bildirmişdir ki, əyər ona inanmırsan gedib notarusa ona yazılı etraf edəcək ki, ona borcludur və tez bir zamanda qaytaracaqdır. Sonra o, məcbur qalıb onunla razılaşıb Notariat ofisində gedib xx.xx.2023-ci il tarixdə **********123 saylı ərizəni təsdiq etdirmişlər. Ərizədə cavabdeh 10500 manat ona borclu olduğunu etraf etmiş və bildirmişdir ki, 15 ay müddətində hissə-hissə qaytaracaqdır. Bəlkə birazda tez bir zamanda qaytaracaq. Lakin üstündən bir il keçsə də pulu qaytarmır. Cavabdeh həmin pulları ona qaytarmaqdan imtina edir. Ona görə də məcburiyyət qarşısında qalıb, məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə iddiaya qarşı etiraz ünvanlayaraq etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı “pul tələbi haqqında” iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı onun bibisidir. O, ondan heç vaxt 10500 manat məbləğində pul almamışdır. O, 10500 manat məbləğində pulu iddiaçı olan bibisi İddiaçınm kürəkəni Şükür Allahverdizadədən 2022-ci ildə almışdır. Həmin vaxt pula ehtiyacı olduğu üçün qeyd olunan məbləğdə pulu o, onu aldadaraq almış və fikri olub ki, gələcəkdə pulu olanda ondan aldığı pulu ona qaytarsın. Bundan başqa həm də onlar yaxın qohumları olduğu üçün onların şikayət etməyəcəklərinə əmin olmuşdur. Buna görə də o, 2022-ci ilin may ayında bibisi Mənzərin evində qonaq olarkən onun qızı Rüqəyya və kürəkəni Şükür də onlarda orada olmuşlar. Söhbət zamanı bibisi Mənzər kürəkəni Şükürün işsiz olduğunu və ailəsini dolandırmaqda çətinlik çəkdiyini, qızı Rüqəyyanin hər il imtahan versədə pullu kollecə düşdüyü üçün imkanı olmadığına görə oxutdura bilmədiyini bildirmişdir. Bibisi Mənzər də bu işdə onlara köməklik göstərməsini ondan xahiş etmişdir. Həmin vaxtı maddi sıxıntıda olduğu üçün pula ehtiyacı olmuşdur. Ona görə də Şükürə onu 6000 manata işə düzəldəcəyinə söz vermişdir. Şükür ondan onu hansı işə düzəldəcəyini soruşduqda ilk ağlına gələn Astarada gəmiçiliyə, hərbi komissarlıqda mülki işə və qaz idarəsində mühafizəyə düzəldə biləcəyini demişdir. Həmçinin Şükürə arvadı Rüqəyya üçün diplom alacağını və bundan sonra onu da müəllim kimi işə düzəldəcəyini bildirmişdir. Bu işin də başa gələməsi üçün 4500 manat pulun lazım olduğunu ona demişdir. Beləliklə də, o, hissə-hissə olmaqla Şükür Allahverdizadədən hər iki işə görə cəmi 10500 manat məbləğində pul almışdır. Sonradan onların işini düzəldə bilmədiyi üçün onlar öz pullarını ondan tələb etməyə başlamışlar. Maddi imkanı olmadığına görə həmin vaxt onlardan aldığı 10500 manat pulu qaytara bilməmişdir. Bundan sonra Şükür Allahverdizadə ondan Lənkəran ŞRPŞ-nə şikayət etmişdir. Orada araşdırma aparıldıqdan sonra ona Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Bundan sonra o, məcburiyyət qarşısında qalaraq Şükür Allahverdizadədən aldığı 10500 manat pulu ona qaytarmış və sonuncu bu barədə notarial qaydada ərizə yazaraq ona vermişdir. Bundan əlavə onun onlara heç bir məbləğdə borcu qalmamış və həmçinin İddiaçı heç bir məbləğdə pul almamışdır. Göstərdiyi halları İddiaçı Lənkəran ŞRPŞ-nin TBnin təhqiqatçısı Orucəli Mürşüdzadəyə izahat verərəkən də təsdiq etmişdir. Belə ki, həmin vaxtı İddiaçı izahatında qeyd etmişdir ki, X1 onun doğma övladıdır. X3 izə onun qızının əridir. 2 ildir ki, ailə həyatı qurublar. Cavabdeh Əfrayil oğlu onun qardaşı oğludur. 2022-ci ilin may ayında qızı Rüqəyya və yeznəsi Şükür ilə birlikdə yaşadıqları Lənkəran rayonu, Separadi kəndində yerləşən evinə qonaq gəlmişlər. Həmin gün qardaşı oğlu Fazil Gülvediyev də onlara qonaq gəlmişdir. Cavabdeh Lənkəran rayonu, Tükəvilə kənd məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. Evdə olduqları zaman qardaşı oğlu Fazilə yeznəsi Şükürün işsiz olduğunu deyərək iş olanda ona deməsini bildirmişdir. Fazil ona tanışının olduğunu, başqa şəxsləri də işə düzəltdiyini, danışıb Şükürü də işə düzəldə biləcəyini bildirmişdir. Şükür də işə düzəlmək istədiyini deyərək razılıq vermişdir. X11 işə düzəltmək qarşılığında nə verəcəklərini soruşmuş, Fazil Şükürə başqaları üçün 8000 manata, onlar üçün isə 6000 manata işə düzəldəcəyini bildirmişdir. Fazil yeznəsi Şükürə Astara rayonunda gəmiyə, qaz idarəsinə, mühafizə idarəsinə və hərbi komissarlığa işə düzəldə biləcəyini demişdir. Bu söhbətdən sonra Fazilə, qızı Rüqayyəni kollecə daxil olduğunu, lakin ödənişli olduğu üçün oxuya bilmədiyini demişdir. Fazil də kolleci oxumamış qızına, bir dəfə imtahan verməklə diplom alacağını bildirmişdir. Qarşılığında 4500 manat pul istəmişdir. Şükür Fazilə işə düzəltmək üçün 6000 manat pul vermişdir. X4 diplomunun alması üçün Fazilə 4500 manat da pul vermişdir. Ümumilikdə Fazilə 10500 manat pul vermişlər. X12 aldadaraq pulunu mənimsəmişdir. Daha sonra verilmiş suala cavab olaraq izahata heç bir əlavəsinin olmadığını qeyd etmişdir. Yuxarıda qeyd etdiyi kimi qeyd olunan 10500 manat məbləğində pulu da onun işi polis şöbəsində araşdırılarkən tam şəkildə İddiaçı kürəkəni Şükür Allahverdizadəyə qaytarmışdır. O, da öz növbəsində bu barədə ona notaril qaydada təsdiq edilmiş ərizə vermişdir. Həmin ərizəni o, etirazına əlavə etmişdir. Eyni zamanda İddiaçı Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı Orucəli Mürşüdzadəyə verdiyi izahatı da etirazına əlavə etmişdir. İddiaçı ondan tələb etdiyi 10500 manat məbləğində pul da onun yeznəsi Şükürün ona verdiyi puldur. Sadəcə olaraq o, vaxtı onlar ondan şikayəti geri götürsünlər deyə onlarla razılaşmışdır ki, bu barədə ərizə versin. Ona görə də notariat ofisinə gedərək bu barədə ərizə vermişdir. İddiaçı iddia ərizəsində qeyd etdikləri hamısı yalandır və ona qarşı böhtandır. Onun qeyd etdiklərinin heç bir məntiqi əsası yoxdur. Çünki, o, onun yeznəsi Şükürdən 2022-ci ildə 10500 manat pulu aldıqdan sonra və həmin pulu ona qaytarmadığına görə onun yeznəsi Şükür ondan polis şöbəsinə bununla bağlı şikayət etmiş və bununla bağlı onun barəsində cinayət işi üzrə araşdırma polis şöbəsində gedə-gedə necə olur ki, 2023-cü ilin iyul ayında İddiaçı yenidən ona 10500 manat məbləğində borca pul verir ? Buradan aydın görünür ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri yalandır və ona qarşı böhtandır. İddiaçı ondan tələb etdiyi 10500 manat məbləğində pul onun yeznəsi Şükür Allahverdizadənin ona verdiyi 10500 manat puldur və həmin 10500 manat pulu da o, artıq onun yeznəsi Şükürə qaytarmış və sonuncu bu barədə xx.xx.2024-cü il tarixdə ona notarial qaydada ərizə vermişdir ki, o, ondan aldığı 10500 manat pulu tam olaraq ona qaytarmış və onun ondan heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. İndi isə onlar ondan qisas almaq məqsədi ilə hazırki ərizəni ortaya ataraq aldıqları 10500 manat pulu yenidən tələb edirlər. Eyni zamanda onu da qeyd edir ki, iddiaçı ruhi və əsəb dispanserində qeydiyyatdadır və buna görə də, pensiya alır. Ona görə ola bilsin əsəbi olduğu üçün belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin barəsində olan cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılarkən məhkəmə iclasında iddiaçı, həm də onun yeznəsi Şükür Allahverdizadə bildirmişlər ki, o, onlardan aldığı 10500 manat pulu tam şəkildə onlara qaytarmış və onların gələcəkdə ona qarşı heç bir iddia və tələbləri olmayacaqdır. Qanunvericiliyin tələbinə görə bütün məhkəmə iclasları video ilə çəkilir və cinayət işinə əlavə olunur. Göründüyü kimi iddia ərizəsinin məzmunundan bəlli olunur ki, iddia ərizəsində göstərilən tələb yanlış və əsassız tələbdir. Ona görə də, İddiaçı ona qarşı “10500 manat məbləğində pul tələbi haqqında” iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etiraza münasibət bildirilməsinə dair ərizəsini məhkəməyə təqdim edərək həmin ərizəsində göstərmişdir ki, cavabdeh etirazında qeyd etmişdir ki, güya o, ondan pul almayıb, pulu işə düzəltmək adı ilə onun kürəkənindən və qızından almışdır. Sonra qeyd etmişdir ki, həmin pulla bağlı Lənkəran polis şöbəsinə şikayət edilib. Bu pulunu ona geri qaytarmamağına görə bəhanələridir. Cavabdeh kürəkənini və qızını aldadaraq güya onlara diplom və Astara rayonunda işə düzəldəcək adı ilə, onlardan 10500 manat pulu almışdır. Yeznəsi ilə qızı cavabdeh barəsində polisə şikayət ərizəsi vermişlər. Lənkəran ŞRPŞ-si tərəfindən cavabdeh barəsində cinayət işi açılmışdır. Həmin cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılan zaman cavabdeh ondan xahiş etmişdir ki, kürəkəni və qızı onu tutdururlar. O, bir bibi kimi ona köməklik etsin. O, kürəkəni və qızından xahiş etmişdir ki, cavabdehə kömək etsinlər. Lakin onlar onun xahişini qəbul etməmişlər. Ona bildirmişlər ki, pullarını qaytarsın, onda ondan əl çəkəcəklər. Buna görə də cavabdehə bildirmişdir ki, onlar onu “eşitmirlər”. Cavabdeh ona bildirmişdir ki, o ona 10500 manat borc versin, 6 ay müddətində həmin borcu qaytaracaqdır. Onların pulunu qaytarsın ki, onlar onu tutdurmasınlar. Görəndə ki, polis cavabdehi tutub buraxmır, məcbüriyyət qarşısında qalıb cavabdehə 10500 manat pulu borc vermişdir ki, kürəkəninə və qızına olan 10500 manat pulu qaytarsın ki, polis onu həbs etməsin. O ona pullu notariusun vasitəsi ilə vermişdir ki, o da pulu aparıb qızına və kürəkəninə versin, canını onların əlindən qurtarsırn. Polisdən cinayət işini Lənkəran Rayon Məhkəmə göndərilmiş, cavabdeh pulu qaytardığı üçün məhkəmə ona yüngül cəza vermişdir. Cavabdeh başqa-başqa şəxslərlə xəbər göndərir ki, o, ondan aldığı pulu ona geri qaytarmayacaq. Hesab edirə ki, onun etiraz ərizəsində yazdıqları cavabdehin uydurmalarıdır, yalanıdır, məhkəməni aldadmaqdır və xahişi əsassızdır, iddiası təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçı iddiasını müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verib onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq xx.xx.2024-cü il tarixdə, məhkəmə iclas zalında o göstərmişdir ki, kürəkəni verdiyi pulu Fazil tərəfindən qaytarılmadığını görüb kürəkəni polisə şikayət etmiş, bundan sonra Fazil 2023-cü ilin dəqiq xatırlamadığı 06 və ya 07 iyun və ya iyul ayında onun yanına gələrək ona bildirmişdir ki, kürəkəni onu tutdurmaq istəyir, buna görə də ona 10500 manat pul versin ki, o da həmin pulu onun kürəkəninə qaytarsın. Fazil, kürəkəni ilə onun yanıda danışdığı, kürərkən Fazilə 10500 manat pul verdiyi və sonuncu işi düzəltməyib pulu qaytarmadığı üçün kürəkəninin qarşısında “pis” olmuş, buna görə də kürəkəninə qaytarmaq məqsədilə Fazilə 10500 manat borc pul vermişdir. O, həmin pulu Fazilə verməsəydi, sonuncunu tutacaqdırlar. Fazil ondan aldığı pulun bir hissəsini kürəkəninə qaytarsa da, digər hissəsini qaytarmamış və buna görə də Fazil barəsində olan cinayət işi məhkəməyə göndərilmişdir. Məhkəmə zamanı Fazil qalan pulu da kürəkəninə verdiyindən, sonuncu ərizə yazaraq bildirmişdir ki, Fazilin ona vurduğu ziyan ona tam olaraq ödənilmişdir. Hazırki məhkəmə iclasında isə əlavə olaraq göstərmişdir ki, 2023-cü ilin iyun və ya iyul aylarında, qısa bir müddət ərzində Fazilə borc olaraq əvvəl 6000 manat, daha sonra isə 4500 manat olmaqla, ümumilikdə 10500 manat borc pul vermişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Fazil barəsində olan cinayət işinə baxılan zaman o, şahid qismində dindirlmiş və həmin məhkəmə iclasında verdiyi ifadəsini təsdiq edir. O, orada “bizdə ona hissə-hissə pul verdik. Həmin pul 10500 manat təşkil etmişdir... Daha mənim ondan şikayətim yoxdur... 10500-mü verib də...10500 manatı zərərçəkmiş şəxsin pulunu ödəyib... İnanmışdım, vermişdim də ” sözlərini deməklə, 10500 manat pulun kürəkəni tərəfindən onun yanında aparılmış danışıqlara görə verildiyinə görə dediyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyib, iddiaya qarşı verdiyi etirazda göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmamasısını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, ondan 03 nəfər şikayət etmiş, onlardan biri də iddiaçı olmuşdur. İddiaçı ona bildirmişdir ki, şikayətlə bağlı fərqi yoxdur kimə pulu qaytaracaqsan. Buna görə də notariat ofisində ərizə yazaraq iddiaçıdan 10500 manat aldığını göstərmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, iddiaçının kürəkəni Şükürdən 10500 manat pulu hissə-hissə almış, onu bankdan götürmüş kredit və s. pullar vasitəsilə xx.xx.2024-cü il tarixdə tam olaraq ona qaytarmışdır. Qaytardığı pulun əldə edildiyi məndə barəsində sübutu yoxdur. Tədqiq olunmuş sübutlar: Cavabdeh xx.xx.2023-cü il tarixdə Lənkəran rayon 1 saylı notariat ofisində imzaladığı və imzası notarial qaydada təsdiq edilmiş ərizənin surətində qeyd edilmişdir ki, Cavabdeh İddiaçı bir neçə ay əvvəl 10500 manat məbləğində borc pul almış, maddi imkanı olmadığından həmin məbləği həmin vaxta qədər ödəyə bilməmiş, həmin məbləği İddiaçı 15 ay müddətində hissə-hissə ödəyəcəkdir. Lənkəran Rayon Məhkəməsinin qanuni qüvvəsini alımış xx.xx.2024-cü il tarixli 1(049)- 74/2024 saylı hökmündən görünür ki, Cavabdeh 2022-ci ilin may ayının ortalarında Lənkəran rayonu, Separadi kəndində bibisi İddiaçı yaşadığı evində olarkən, sonuncunun kürəkəni X3 ilə söhbət əsnasında Şükür Allahverdizadə ona özünə iş axtarmasını və arvadı X2 üçün diplom əldə edib işə düzəltmək istədiyini deməsindən sonra etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda pul vəsaitindən ibarət əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə Şükür Allahverdizadəyə onun üçün 6000 manat müqabilində Astara rayonunda gəmiçiliyə, Lənkəran rayonunda Qaz İstismarı İdarəsinə və Mühafizə idarəsinə bu kimi yerlərdən birinə işə düzəldəcəyini, həmçinin 4500 manat müqabilində isə sonuncunun arvadı Rüqayyə Allahverdizadə üçün diplom əldə edib müəlliməlik işi ilə təmin edəcəyi barədə yalan vəd verərək ümumlikdə bu işləri hamısını 10500 manat müqabilində görəcəyini bildirib etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyətində olmadan Ş.Allahverdizadən onun üçün düzəldəcəyi iş ilə bağlı razılaşdığı 6000 manatdan 3000 manatını 2022-ci ilin iyun ayının əvvəllərində Lənkəran rayonun Separadi kəndində görüşüb ondan almış, qalan 3000 manatı isə 2022-ci ilin iyun ayının ortalarında Lənkəran şəhərində yerləşən Mərkəzi bazarın yaxınlığında, özünə məxsus avtomobildə Ş.Allahverdizadədən alaraq qəbul etmiş, bundan sonra 4500 manat müqabilində Ş.Allahverdizadənin arvadı Rüqayyə Allahverdizadə üçün diplom alıb işlə təmin edəcəyi barədə verdiyi yalan vədlə bağlı 2022-ci ilin iyul ayının əvvəllərində Lənkəran rayonun Separadi kəndində Ş.Allahverdizadənin yaşadığı evdə Rüqayyə Allahverdizadənin vasitəsi ilə 4500 manatın 3000 manatını ondan alaraq qəbul etmiş, qalan 1500 manatını 2022-ci ilin iyul ayının ortalarında X7 rayonunun Separadi kəndində yerləşən yanacaq doldurma məntəqəsində işləmiş və şəxsiyyəti məlum olmayan şəxsə verdiyi 1500 manatı həmin şəxsdən alaraq vahid niyyətlə dörd dəfəyə ümumilikdə 10500 manat pulu qəbul edib ələ keçirməklə zərərçəkmiş şəxsə Şükür Allahverdizadəyə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Şükür Allahverdizadənin xx.xx.2024-cü il tarixdə Lənkəran rayon 1 saylı notariat ofisində imzaladığı və imzası notarial qaydada təsdiq edilmiş ərizənin surətində qeyd edilmişdir ki, Cavabdeh tərəfindən ona vurulmuş 10500 manat məbləğində maddi ziyan sonuncu tərəfindən ona tam ödənilmiş və onlar barışmışlar. Ona görə də Cavabdeh barəsində heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə həmin işlə əlaqədar heç bir məhkəmə iddiası olmayacaqdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)3070/2024 saylı qərardaddan görünür ki, məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə, saat 10.30-a təxirə salınmışdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 121.90 manat dövlət rüsumu ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehə 10500 manat məbləğində pulun verilməsini cavabdehin xx.xx.2023-cü il tarixdə Lənkəran rayon 1 saylı notariat ofisində imzaladığı və imzası notarial qaydada təsdiq edilmiş ərizəsi ilə əsaslandırır. Həmin ərizədən görünür ki, Cavabdeh İddiaçı bir neçə ay əvvəl 10500 manat məbləğində borc pul almış, maddi imkanı olmadığından həmin məbləği həmin vaxta qədər ödəyə bilməmiş, həmin məbləği İddiaçı 15 ay müddətində hissə-hissə ödəyəcəyini öhdəsinə götürür. Cavabdeh isə iddianı qəbul etməyib, iddiaçının tələb etdiyi 10500 manat məbləğində pul ilə iddiaçının kürəkəni Şükürdən aldığı 10500 manat məbləğində pul ilə eyni pul olduğunu, həmin pulu Şükürə qaytardığını bildirərək, iddiaçıya borclu olmadığını bildirmişdir. Məhkəmə göstərilənlərlə bağlı qeyd edir ki, cavabdeh notariat ofisində iddiaçıdan 10500 manat aldığını etiraf etmiş, aldığı həmin pulla iddiaçının kürəkəni Şükürdən aldığı 10500 manat məbləğində pul ilə eyni pul olduğunu göstərsə də, bunu təsdiqləyən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehdən 10500 manat məbləğində pul tutularaq iddiaçıya verilməlıidir. Məhkəmə qeyd edir ki, pulun tutulması ilə əlaqədar mübahisəyə borc müqavilə öhdəliyinin icrası ilə bağlı normaları deyil, əsassız varlanma ilə bağlı normaları istinad edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1.Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, ... “Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar - avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar - telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, MM-nin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. İlk olaraq, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il tarixli Qərar). Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Bu kontekstdə MM-nin 739.1-ci maddəsinə istinad olunaraq qeyd edilməlidir ki, mübahisəli borc məbləği üç min manatdan çox olduğundan və tərəflər arasında heç bir yazılı müqavilə bağlanmadığından, hazırki mübahisənin həlli ilə bağlı borc münasibətlərinə istinad edilə bilməz. Məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, cavabdeh iddiaçıdan 10500 manat pulu borc olaraq almış, həmin borcu iddiaçıya 15 ay müddətinə hissə-hissə qaytaracağını öhdəsinə götürmüş, lakin qaytarılmamışdır. Nəzərə alınsa ki, Mülki Məcəllənin 739.1-ci maddəsi ilə fiziki şəxslər arasında üç min manatdan çox məbləğli borc müqaviləsinin yazılı formada bağlanması tələb edilmişdir, habelə, eyni Məcəllənin 337.1-ci maddəsi həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdlərin etibarsız olduğunu təsbit etmişdir, o halda iddiaçı ilə cavabdeh arasında 10500 manat məbləğlərdə borcun verilməsinə dair müqavilələrin bağlandığı anda etibarlı olmadığı (əhəmiyyətsiz olduğu) müəyyən olunur. Həmçinin, MM-nin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması qaydası tənzimlənmişdir. Həmin normaya görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Hazırkı mübahisə üzrə də tərəflər arasında yaranmış hüquq münasibətlərinin predmeti pulla, yəni əvəzedilən əşya ilə bağlıdır. Bu baxımdan, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulan restitusiya qaydası belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Çünki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Belə ki, MM-nin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən isə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh qanuni əsas və ya müqavilə əsası olmadan iddiaçının pulunu özündə saxlamaqla əsassız varlanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi tam təmin olunduğundan onun tərəfindən ödənilmiş 121.90 manat məbləğində dövlət rüsumu tələb etdiyi məbləğdə, 121.50 manat cavabdehə aid edilməli və sonuncudan alınaraq, iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiası təmin edilsin. Cavabdeh 10500 manat, iddianın verilməsi üçün ödənilmiş 121.50 manat məbləğində dövlət rüsumu, cəmi 10621.50 (on min altı yüz iyirmi bir) manat 50 qəpik tutularaq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar