Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3071/2024 08.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X6, iddiaçının nümayəndəsi: X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh xx.xx.2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay üzrə alimentin (məhkəməyə müraciət etdiyi tarixdən başlayaraq) Lənkəran Rayon Məhkəməsinin 2(049)- 891/2012 saylı, 02 may 2012-ci il tarixli qətnaməsi ilə təyin olunmuş və cavabdehdən tutulan alimentin miqadarı artırılaraq 400 manat sabit pul məbləğində aliment müəyyən edilməklə alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Lənkəran rayonu, Boladi kəndində yaşayır. Cavabdeh ilə 2009-cu il tarixdə evlənmişlər. Nikahı 29 mart 2011-ci il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahdan 02 oktyabr 2010-cu il tarixdə Rəqsanə adlı övladı anadan olmuşdur. Cavabdeh ilə ilk vaxtlarda münasibətləri normal olsa da, lakin sonradan bu münasibətlər pozulmuş və Lənkəran Rayon Məhkəməsinin 2(049)- 184/2012 saylı, 27 mayrt 2012-ci il tarixli qətnaməsi ilə nikahı pozulmuşdur. Sonradan alimentin sabit pul məbləğində müəyyən edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdim və Lənkəran Rayon Məhkəməsinin 2(049)-891/2012 saylı, 02 may 2012-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh övladı 02 oktyabr 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində olmaqla hər ay 50 (əlli) manat alimentin alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda övladının saxlanması üçün əvvəlki qətnamədə qeyd edilən aliment övladının aylıq vacib tələbatlarını ödəməyə yetmir. Uşağın təlim və tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını da ödəmək tək qadın olaraq ona çox çətindir. Uşaq böyüdükcə maddi ehtiyacları və gündəlik tələbatları artmış, həmçinin uşaq üçün ərzaq, geyim, məktəb ləvazimatları və dərsliklər böyük xərc tələb edir. Bir məktəbli uşağın hər ayda xərci 300- 350 manat həddinə çatır. Lakin cavabdeh uşağın bu ehtiyaclarına qarşı heç bir diqqət və qayğı göstərmir. Ölkə, qanunvericiliyi daima artmaqda olan qiymətləri nəzərə alaraq uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu hər il artırır. Hesab edir ki, qanunvericiliyin bu tələbini rəhbər tutub - mənim uşağımın da aliment miqdarı qanunla hər il uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu 235 manat miqdarında müəyyən edilməlidir. Hesab edir ki, maddi vəziyyəti məhkəmənin çıxaracağı adil qərarla düzələcək. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında iddia ərizəsində göstəriklərini təsdiq edib, cavabdehin uşaqları uzun müddətdir görmədiyini, uşaqları ilə maraqlanmadığını, təyin edilmiş alimenti ödəmədiyini bildirərək alimentin miqdarının artırılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişini poçt vasitəsi ilə alsa da, məhkəmə iclasına gəlməmiş, lakin onun nümayəndəsi X3 məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə göndərərək iddianı qismən qəbul etdiyini və 100 manat aliment verə biləcəyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 27 mart 2012-ci il tarixli, 2(049)-184/2012 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 192 saylı nikah qeydinin pozulması, qət edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 02 may 2012-ci il tarixli, 2(049)-891/2012 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü hər ay 50 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış AZ-İİ 619194 saylı şəhadətnamədən görünür ki, xx.xx.2010-cu il tarixdə X5 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli MŞL/MT014/2024-01081 saylı mediasiya arayışından görünür ki, iddiaçı cavabdehə qarşı “alimentin artırılması” tələbi ilə ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh isə mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən mediasiya xərci kimi 60 manat ödənilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşağlarını saxlamadıqda uşağlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşağların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, ötən on iki il ərzində iqtisadi fəallığın artması, yeni bazar qiymətlərinin müəyyən edilməsi, habelə yaşayış minimumunun da hər il müəyyən faiz məbləğində artırılması hazırda da məhkəməyə alimentin miqdarını artırmağa əsas verir. Məhkəmə hesab edir ki, alimentin artırılmasına məqsəd əlavə xərcləri deyil, məhz iqtisadi dinamika ilə əlaqədar minimum dolanacaq xərcələrinin qarşılanmasıdır. Məhkəmə bu qənaətə gələrkən, Konstitusiya Məhkəməsinin Plenum qərarlarını əsas götürmüşdür. Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında göstərirlir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddələrində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunanları, o cümlədən uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumum keçən on iki il ərzində artmasını, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, həmçinin uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini, uşaqların hazırda iddiaçının yanında olmasını nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Aliment məbləğinin müəyyən edilməsi zamanı məhkəmə, həmçinin cavabdehin maddi imkanını, ailə vəziyyətini, eləcə də əvvəl təyin edilmiş alimentin miqdarını və aliment məbləğini ödəmə qabiliyyətinin mütəmadiliyi və fasiləsizliyinin təmin edilməsi üçün ağlabatan miqdarın müəyyən edilməsini əsaslı sayır. Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndini rəhbər tutaraq 2024-cü il üçün yaşayış minimumu haqqında qanunda qeyd olunduğu kimi əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə uşaqların saxlanması üçün alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanması üçün cavabdehin indiyədək iddiaçıya ödəməli olduğu alimentin miqdarını, 2024-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, eyni zamanda, alimentin miqdarı müəyyən olunduqdan sonra keçən müddət ərzində alimentin miqdarının artırılması barədə müraciət olunmadığını və alimentin miqdarının artırılmadığını, habelə, uşağın saxlanması valideynin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə tərəflərin birgə nikahından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilən əsaslara görə məhkəmə qərara gəlir ki, uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 200 manat sabit pul məbləğində tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırki iş üzrə alimentin artırılmış miqdarının 150 manat olması nəzərə alınmaqla, bir il ərzində ödəmənin məcmusu 1800 manat müəyyən edilir. Qüvvədə olan qanunverdiciliyə əsasən həmin məbləğə görə cəmi 38 manat dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə bağlı mediasiya prosesi ilə bağlı 60 manat məbləği iddiaçı özü ödəmiş, cavabdeh isə mediasiya prosesinin nəticəsinə dair onunla barışıq sazişi bağlamadığından iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Hazırki iş üzrə cavabdeh dövlət rüsumunu ödəməkdən azad olunan şəxs statusunda olmadığından məhkəmə hesab edir ki, iddiaçının mediasiya prosesində ödədiyi 60 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin məbləğ, yəni 60 manat, alimentin artırılmış miqdarına görə cavabdehin ödəməli olduğu 38 manat dövlət rüsumunu əhatə etdiyindən cavabdehdən əlavə olaraq hər hansı miqdarda dövlət rüsumu tutulmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 02 may 2012-ci il tarixli, 2(049)-891/2012 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. 02 oktyabr 2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. İş üzrə ödənilmiş mediasiya xərci 60 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-3071/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3071/2024
08.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver