Məhkəmə qərarları › İş №2(049)-3182/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3182/2023

28.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3182/2023 28.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli 2(049)-1503/2021 saylı qətnaməsi ilə birgə nikahlarındandan doğulmuş övladı xx.xx.2016-cı il təvəllüdlü X1 üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay 240 manat məbləğində sabit pul miqdarında alimentin Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli 2(049)-1503/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında Lənkəran rayon Qeydiyyat Şöbəsində 18 sentyabr 2014-cü il tarixdə bağlanmış nikah pozulmaqla birgə nikahlarından doğulmuş övladları xx.xx.2016-cı il təvəllüdlü X5 onun himayəsində saxlanması, 13 aprel 2021-ci il tarixdən hesablanmaqla 140 manat olmaqla sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə ödəniləcək məbləğ uşağın xərclərinin ödənilməsinə kifayət etmədiyinə görə alimentin məbləği artırılmalıdır. Belə ki, ötən müddət ərzində Respublikamızda xaricdən itxal edilən inflyasiya hesabına yaşayış xərcləri kifayət qədər artığına görə bu il üçün yaşayış minimumu və minimum əmək haqqı artığına görə uşağın saxlanması üçün yuxarıda qeyd edilən alimentin məbləği də artırılmalıdır. Bundan əlavə cavabdeh məhkəmə tərəfindən müəyyən edilmiş sabit pul məbləğində alimentin ödənilməsindən başqa uşağa heç bir maddi yardım göstərmir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq Bakı şəhərində yaşadığına görə məhkəmə iclasında iştirak edə blməyəcəyini bildirərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ona qarşı irəli sürülən iddia tələbini qəbul etməyərək, izahatında qeyd etdi ki, hazırda X2 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Özü "xxxx" MMC-də sürücü köməkçisi işləyir, əəmək müqaviləsinə əsasən aylıq əmək haqqı 441 manat təşkil edir və vergilər və sosial çıxıldıqdan sonra hər ay 400 manat əmək haqqı alır. 26 avqust 2021-ci il tarixli qətnamə ilə müəyyən edilmiş alimenti belə çox çətinliklə ödəyir. Həmçinin himayəsində yaşlı anası, atası da vardır və onların tələbatlarını da özü ödəyir. Üstəlik banka kredit borcu var və buna dair banka aylıq 170 manat ödəmək məcburiyyətindədir. Bütün bu xərclər onu acınacaqlı maddi duruma salmışdır. Aliment məbləği artırılacağı təqdirdə isə onu heç cür ödəməyə bilməyəcək. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə cavabdehin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2016-cı il təvəllüdlüdür. Atası - Cavabdeh, anası - İddiaçıdır. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-1503/2021 saylı qətnaməsindən müəyyən edilir ki, həmin qətnamə ilə Cavabdeh İddiaçı xeyrinə bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 140 manat məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X2 20 sentyabr 2023-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar və bu barədə X7 tərəfindən 459 saylı nikah akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Lənkəran rayon Mərkəzi xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X2 22 həftəlik hamilədir. İş materiallarında olan “iş yeri haqqında” arayışdan görünür Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyir və aylıq əmək haqqı 441 manat təşkil edir. İş materiallarında olan “ailə tərkibi haqqında” arayışdan görünür ki, Cavabdeh ailə üzvləri: atası X8, anası X3 və həyat yoldaşı X4r. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Çünki, xx.xx.2016-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində cəmi 140 manat məbləğində alimentin tutulmasına Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-1503/2021 saylı qətnaməsi hal-hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşağın saxlanılması üçün qeyd olunan məbləğdə aliment tutulur. Lakin, hazırkı iş üzrə aliment miqdarının dəyişdirilməsi barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)- 1503/2021 saylı qətnaməsi öz qüvvəsini itirir və ona görə də, hazırkı iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-1503/2021 saylı qətnaməsi ilə tutulmuş xx.xx.2016-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq alimentin artırılmış məbləğinin hesablanmasına başlanılsın. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar