Məhkəmə qərarları › İş №2(049)-3217/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3217/2025

11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3217/2025 11.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3000 manat borc məbləği və ödənilmiş 50 manat dövlət rüsumu - cəmi 3050 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi 2014-2015-ci illərdə Lənkəran şəhərində yerləşən hərbi hissədə işləyərkən tanımışdır. Həmin hərbi hissədə o, tağım komandiri, cavabdeh isə bölüyün baş çavuşu vəzifəsində işləmişdir. Daha sonra onun iş yeri başqa hərbi hissəyə dəyişdirilmişdir. N-cü ilin iyun ayında cavabdeh onunla görüşüb iş qurmaq istədiyini, ona 3000 manat pul lazım olduğunu demiş və ondan həmin məbləğdə borc pul istəmişdir. O da iş yoldaşı olduqlarını nəzərə alaraq cavabdehə inanmış və həmin məbləğdə pulu cavabdehə borc olaraq vermək qərarına gəlmişdir. O, xx.xx.N-cü il tarixdə saat 15:07-də “Birbank” mobil tətbiq vasitəsi ilə özünə məxsus olan 416973******9963 saylı kartdan cavabdehə məxsus olan 523915******7749 saylı karta 3000 manat pul göndərmişdir. Bir müddət sonra cavabdehdən borc olaraq verdiyi pulu qaytarmasını xahiş etmişdir. Həmçinin, borcunu qaytarması barədə cavabdehə müxtəlif vaxtlarda “WhatsApp” ani mesajlaşma proqaramı vasitəsilə müraciət etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Belə ki, cavabdeh ona fərqli məzmunda mesajlar yazaraq onu aldatmışdır. Onun mesajları “saat 7-ə kimi ataram da, yanımda adam var, çıxım zəng edərəm özüm sənə, hardasan ora gələrəm”, “atacam bu gün sənə pulu, and ola Allaha” , “salam, sabahın xeyir, dayı necəsən sabahdan tez verə bilmirəm, sabah alacam, istəyirsən şikayət et, ya eləmə sabah verəcəm”, “birisi gün saat 6 ya kimi” məzmununda olmuşdur. Həmçinin, cavabdeh ona “WhatsApp” ani mesajlaşma proqaramı vasitəsilə aşağıdakı məzmunda səsli mesajlar göndərmişdir: “Axşam vuracam pul, dəqiqdir, borcdu da, verərəm də” , “sən kartıvı göndər mənə”, “mənə bir-iki gün də vaxt ver, verəcəm pulu”. Təqdim etdiyi sübutlardan da aydın olur ki, cavabdeh ona 3000 manat borcu olduğunu etiraf edir, lakin borcunu qaytarmaqdan boyun qaçırır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, lakin məhkəməyə teleqram göndərərk məhkəmə iclaslarına üzürlü səbəbdən gələ bilmədiyini bildirmiş, onun iştirakı olmadan işə baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh də məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə baxış iclasına gəlməmiş, lakin iştirak etdiyi məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etdiyini bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxış iclasının tərəflərin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia tələbi ilə bağlı məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, iddiaçının ona qarşı olan iddia tələbini qəbul edir. O, borc məqsədilə iddiaçıdan 3000 manat pul almış, lakin maddi vəziyyəti ilə əlaqədar sonradan borcu qaytara bilməmişdir. Borcunu qaytarmağa çalışacaqdır. Ona görə də hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etirazı yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli pul köçürmə qəbzində qeyd edilən 3000 manat vəsaitin kimin hesabından ödənilməsi, qəbzdə qeyd edilən hesab nömrələrinin kimlərə məxsus olması barədə rəsmi məlumatların verilməsi üçün məhkəmə araşdırmasının gedişində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Lənkəran rayon filialına müvafiq mhkəmə qərarı göndərilmişdir. Həmin təşkilatdan verilən cavab məktubunda pul köçürmə qəbzinin təqdim edilməli olduğu qeyd edilmiş, lakin cavabdeh sonradan iddia tələbini tam şəkildə qəbul etdiyinə görə məhkəmə əlavə araşdırmaya lüzum görməmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin dəlilləri, həmçinin, iş materiallarına əlavə edilmiş telefon yazışmaları, xx.xx.N-cü il tarixli köçürmə qəbzi, xx.xx.2025-ci il tarixli mədaxil qəbzi ilə işin mübahisələndirilməyən halları olaraq müəyyən edildi ki, tərəflər arasında borc verilməsi ilə bağlı razılaşma olmuşdur. xx.xx.N-cü il tarixdə 416973******9963 nömrəli kart hesabından 523915******7749 nömrəli kart hesabına 3000 manat vəsait köçürülmüşdür. İddiaçı cavabdehə borc olaraq verdiyi məbləği geri ala bilmədiyini iddia edərək hazırki iddia ilə məhkəməyə müraciət etmiş və məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı cavabdehdən 3000 manat borc və məhkəməyə müraciət etmək üçün ödənilmiş 50 manat dövlət rüsumu - cəmi 3050 manat məbləğin ödənilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsasları olaraq onunla cavabdeh arasında olan şifahi danışıq və razılaşmalara, pul vəsaitinin göndərilməsi ilə bağlı qəbzə, həmçinin mobil telefonla olan danışıq və yazışmalara istinad edir. Cavabdeh iddia tələbinə etirazı olmadığını bildirir, iddiaçıya 3000 manat borcu olduğunu etiraf edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı xx.xx.N-cü il tarixdə cavabdehə 3000 manat məbləğində borc pul vermişdir. Cavabdeh aldığı borc məbləğini qaytarmamışdır. Həmin faktlar iddiaçının dəlilləri və iş materialları ilə tam sübuta yetirilmiş, cavabdeh də bu faktı inkar etməmişdir. Məhkəmə hazırki iddia tələbi üzrə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinə qiymət verərkən ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə tərəflər arasında borc alnıb-verilməsi ilə bağlı şifahi razılaşma olduğu müəyyən olunmuşdur. Cavabdeh özü də belə bir razılaşmanın olduğunu inkar etmədiyinə görə məhkəmə tərəflər arasında olan şifahi razılaşmanı şifahi formada bağlanmış borc müqaviləsi kimi nəzərə alır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinə mülki qanunvericiliyin borc müqaviləsindən irəli gələn müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Qanunvericiliyin tələbinə əsasən borc müqaviləsində tərəflərdən birinin digərinə müəyyən məbləğdə pulu və ya digər əvəz edilən əşyanı müqavilənin digər tərəfinin mülkiyyətinə keçirmək öhdəliyini, alan tərəfin isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində geri qaytarmaq öhdəliyini üzərinə götürdükləri nəzərə alınarsa, hazırki işin faktiki hallarından iddiaçının şifahi borc müqaviləsindən irəli gələn öhdəliyini icra edərək cavabdehə borc pul verdiyi, bununla da, borcun alınıb-verilməsi ilə bağlı hüquq münasibətlərindən irəli gələn öhdəliyini borcverən olaraq icra etdiyi görünür. Lakin cavabdehin aldığı borcu sonradan borcverənə qaytarmaq öhdəliyini icra etməsi halları müəyyən edilməmişdir. İddiaçının cavabdehə borc olaraq verdiyi məbləğin 3000 manatdan ibarət olması və həmin borc məbləğinin indiyədək qaytarılmaması cavabdehi özünün etirafı ilə də təsdiq edilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə iddiaçının dəlillərini iddia tələbinin əsası kimi istinad edilən halların təsdiqi üçün yetərli olduğunu qəbul edir və hesab edir ki, cavabdeh borcalan olaraq öz öhdəliyini yerinə yetirmədiyinə görə iddiaçının borcverən kimi borcun qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə tədqiq olunmuş sübutlara qeyd olunan hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə qiymət verərək qərara gəlir ki, cavabdehin iddiaçıya 3000 manat borcu olması işin faktiki halları ilə sübuta yetirilmiş, cavabdeh özü də iddia tələbini qəbul etmişdir. Cavabdeh tərəfindən iddia tələbinin həmin hissəsinin etiraf edilməsi qanuna zidd olmayıb hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından cavabdehin etirafının məhkəmə tərəfindən təsdiq edilməsinə də heç bir maneə yoxdur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin 3000 manat borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 50 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh borc məbləği olaraq 3000 manat və dövlət rüsumu kimi ödənilmiş 50 manat - cəmi 3050 manat tutularaq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar