Məhkəmə qərarları › İş №2(049)-322/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-322/2023

01.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-322/2023 01.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş zərərin əvəzi olaraq 1650 manat məbləğində pulun və ödənilmiş 38 manat dövlət rüsumunun cəmi 1688 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, pula ehtiyacı olduğundan 03 iyun 2021-ci il tarixdə özünə məxsus İphone 11 Pro maxT markalı **********29936 və **********54066 İMEİ kodlu mobil telefonu “Tap.az” elanında 1650 manata satışa çıxarmışdır. 10 iyun 2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəg gəlib, zəng vuran şəxs adının İlkin olduğunu söyləyib özünü hərbiçi kimi təqdim edib mobil telefonu almaq istədiyini, Lənkəran rayonunda hərbi hissələrdən birində hərbiçi işlədiyini söyləmişdir. Həmin şəxs mobil telefonu həyat yoldaşına almaq istədiyini, lakin Lənkəran rayonunda olduğundan Bakı şəhərinə gələ bilməyəcəyini, buna görə də qaynının gəlib telefonu alacağını bildirib ***-***-**-** saylı mobil nömrənin qaynına məxsus olduğunu deyib qaynına zəng vurmağını xahiş etmişdir. Onlar telefonu 1650 manata razılaşmış, həmin nömrəyə zəng vurub nömrəni İlkinin verdiyini söyləmiş, həmin şəxs də bacısının Həzi Aslanov metrosunun yaxınlığında yaşadığını, yanına gətirə bilməyəcəyini söyləyib, telefonu Həzi Aslanov metrosunun yanına gətirməyini xahiş etmişdir. O həmin şəxsin telefonu bacısına almaq istədiyi üçün onun xahişini yerə salmamış və deməsinə əsasən həmin gün saat 22 radələrində dostu X1 ilə birlikdə özünə məxsus **-UU-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobillə Həzi Aslanov metrosunun yanında yerləşən “Shaurma” restoranının qarşısına gəlmişdir. Bir neçə dəqiqə gözlədikdən sonra həmin şəxsdə yanına gəlmişdir. Onlar görüşdükdə həmin şəxs bacısının yaxınlıqda olduğunu söyləyib birlikdə həmin yerə getməyi xahiş etmiş və onun avtomobili ilə birlikdə sonradan öyrəndiyi Vunq Tau küçəsində yerləşən 9 saylı poliklinikanın yaxınlığına getmişdir. Küçədəki dayanacaqlardan birində həmin şəxs avtomobili saxlamağını söyləmiş və bacısının da bir neçə dəqiqəyə avtobusla yanlarına gələcəyini bildirmiş, onda olun kənarında avtomobili saxlamışdır. Yolda olduqları müddətdə həmin şəxs mobil telefona baxdıqdan sonra mobi telefondan yaxşı başı çıxmadığını, buna görə də bacısına zəng vurmaq istədiyini, lakin balansının olmadığını söyləmişdir. Bu zaman Elvin öz mobil telefonunu ona verib zəng vurmasını söyləmiş, həmin şəxs mobil telefonu götürüb kiməsə zəng vurmuş, lakin bir neçə saniyə telefonu qulağına tutduqdan sonra bacısının zəng cavab vermədiyini söyləyib telefonu Elvinə geri qaytarmışdır. Sonradan Elvinin telefonuna baxan zaman həmin şəxsin onlarla danışaraq özünü hərbçi kimi təqdim edən şəxsə məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng vurduğunu müəyyən etmişdir. O avtomobili saxladıqda təxminən 3-4 dəqiqə sonra yolun əks istiqamətindəki dayanacaqda avtobus dayanmış, bu zaman həmin şəxs avtomobildən düşüb yolun digər tərəfinə keçərək bacısının həmin avtobusla gəlib-gəlmədiyinə baxmış, lakin geri qayıdaraq bacısının həmin avtobusla gəlmədiyini söyləmişdir. Bundan sonra bu vəziyyət bir daha təkrarlanmışdır. Həmin vaxt ona məxsus satmaq istədiyi “İphone 11 Pro Max” markalı mobil telefonun qutusunu avtomobildəki qolaltının üstünə, mobil telefonu isə öz qutusunun üstünə qoymuşdur. O, avtomobildən düşüb avtobusa yaxınlaşan zaman mobil telefonu götürmüşdür. Təxminən 15-20 dəqiqə gözlədikdən sonra saat 22:30 radələrində yolun digər tərəfindəki dayanacaqda avtobus saxlamış, bu zaman həmin şəxs yenə bacısının gəldiyini söyləyib avtomobildən düşüb gəzərək yolu keçib avtobusa yaxınlaşaraq avtobusun qabaq hissəsindən avtobusun digər tərəfinə keçib gözdən keçmişdir. Bir neçə saniyədən sonra avtobus hərəkətə başlayan zaçman şəxsin avtobusun yan tərəfindən ağacların arasına tərəf qaçdığını görmüşdür. O həmin şəxsə məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng vurmuş və həmin şəxs, yəni Cavabdeh telefona cavab verərək yolu keçmək istədiyini söyləmişdir. Bir neçə dəqiqədən sonra yenidən ona zəng vurduqda həmin nömrəyə zəng çatmamış, buna görə də 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Həmin şəxsin Cavabdeh olduğu müəyyən edilmiş və o, etdiyi əmələ görə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 178.2.2-ci maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Qeyd edilən cinayət işi üzrə o zərərçəkmiş kimi tanıyıb, lakin ona dəymiş zərər ödənilməmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, İddiaçı məhkəməyə teleqram ilə müraciət edərək, onun iştirakı olmadan işə baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsinə məhkəmə bildirişi, habelə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər göndərilsə də, cavabdeh iddiaya qarşı yazılı etirazını təqdim etməmiş, həmçinin məhkəmə iclasında iştirak etmək istəyi ilə bağlı müraciət etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(005)- 230/2022 saylı hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş ona görə ki, o «İphone 11 Pro Max» modelində olan mobil telefonun 1,750 manata satılması ilə bağlı «Tap.az» saytında elan yerləşdirilmiş İddiaçı istifadəsində olan ***-***-**-** mobil nömrəyə ***-***-**-** mobil nömrədən xx.xx.2021-ci il tarixdə müştəri qismində zəng edərək həmin mobil telefonu 1650 manata alacağı ilə bağlı razılıq əldə etdikdən sonra həmin günü saat 22 radələrində İddiaçı ilə Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsində görüşərək həmin telefonu guya bacısına göstərmək adı ilə İddiaçıla birlikdə ünvan 1 ünvanın qarşısına gəlmiş, orada mobil telefonu İddiaçı alıb ələ keçirdikdən sonra geri qayıdacağını yalandan bildirsədə, geri qayıtmayıb zərərçəkmiş şəxs İddiaçı 1.650 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. İddia tələbinin qanuni əsasını Mülki Məcəlləsinin 1097.1-ci maddəsidir. Həmin maddənin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsində mülki hüquq pozuntusunun anlayışı verilmişdir. Həmin normada qeyd olunur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Hazırki işin hallarından göründüyü kimi Cavabdeh cinayət əməli, yəni dələduzluq etməsi nəticəsində İddiaçı 1650 manat ziyan vurulmuş, o vurulmuş ziyandan ödəniş etməmişdir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1650 manat manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 38 manat pul alınaraq, İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş ziyana görə 1650 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 38 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar