Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3286/2023 28.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.800 (iki min səkkiz yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, fəhləliklə məşğuldur. Cavabdeh onunla birlikdə Bakı şəhərində Maks şirkətində fəhlə işləmişdir. Onunla orada tanış olmuşdur və aralarında yaxşı münasibət yaranıbdır. Cavabdeh 2023-cü ilim mart ayında ona bildirmişdir ki, iş qurmaq istəyir və pul eytiyacdır. Cavabdehlə yaxın münasibəti olduğu üçün ona pul verməyə razılaşmışdır. Cavabdehə ümumilikdə 2800 manat borc pul vermişdir. Cavabdeh söz vermişdir ki, 1 ay müddətinə ondan aldığı pulu qaytaracaq. Ancaq göstərilən müddətdə cavabdeh pulu qaytarmamışdır. Həmin vaxtdan cavabdeh onun telefon zənglərinə cavab vermir və pulunu qaytarmır. O, da məhkəməyə müraciət etməli olmuşdur. Ona görədə hesab edir ki, Cavabdeh 2800 manat pul qanunla müəyyən edilmiş qaydada alınıb ona verilməlidir. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə etməklə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh ondan borc pul istəyərkən onun özündə pul olmadığı üçün Rusiya Federasiyasında yaşayan dostundan bu barədə borca pul istəmişdir. Bundan sonra həmin dostu ona 2.000 manat pul göndərmiş və o, həmin pulu cavabdehə vermişdir. Ondan əvvəl də cavabdehə 150 manat vermiş, sonradan isə əlavə 650 manat da cavabdehə borc vermişdir. Hazırda ümumilikdə cavabdehin ona olan borcu 2.800 manat təşkil edir. O, dostundan borc kimi alaraq cavabdehə verdiyi 2.000 manatı sonradan bankdan atasının adına kredit götürərək həmin şəxsə qaytarmışdır. Lakin cavabdeh hazıradək borcunu qaytarmaqdan yayınır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsini 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsi ilə müəyyən edir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, qanunvericilik borc müqaviləsi üçün borc müqaviləsi predmetinin məbləğinin üç min manatdan çox olmadığı hallarda yazılı formanı məcburi şərt kimi nəzərdə tutmur. Lakin, mübahisə halında, xüsusilə də borcun ümumiyyətlə verilibverilməməsi məsələsi mübahisələndirilən halda, borc münasibətlərinin mövcudluğu sübut edilməli hala çevrilir ki, bu halda sübut etmə vəzifəsi belə münasibətin həqiqətən mövcud olduğunu iddia edən tərəfin üzərinə düşür. Mülki Məcəllənin 14.2 maddəsinin tələbinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Həmçinin həmin məcəllənin 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1 maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi də müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə hesab edir ki, hazırki mübahisədə sübut etmə vəzifəsi iddiaçının üzərində olduğundan, cavabdehin onun qarşısında öhdəliyinin yaranmasına və öhdəliyə dair pulun ödənilib ödənilmədiyinə dair heç bir sübut təqdim olunmadığından onun irəli sürdüyü tələb əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Xocavənd rayonundan məcburi köçkündür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20 maddəsinə əsasən, məcburi köçkünlər məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu ödəməkdən azaddırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-3286/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3286/2023
28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver