Məhkəmə qərarları › İş №2(049)-333/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-333/2023

28.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-333/2023 28.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abbaszadə Xalid Fəxrəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Sadiq oğluna qarşı «alimentin məbləğinin artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli 2(049)-201/2020 saylı qətnaməsi ilə Cavabdeh Sadiq oğlundan tutulan alimentin miqdarını artırılmaqla ondan yəni Cavabdeh Sadiq oğlundan xx.xx.2014cü il tarixdə anadan olmuş X8 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 200 manat olmaqla cəmi hər ay iki uşaq üçün 400 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Sadiq oğlu ilə nikahları xx.xx.2013-cü il tarixdə Salyan RİHB-nin Sarvan kənd ərazi nümayəndəliyində 53 sayla rəsmiləşdirməklə evləniblər. Onların birgə nikahlarından xx.xx.2014-cü il tarixdə Fəridə və xx.xx.2015-ci il tarixdə Əminə adlı iki uşağları anadan olmuşdur. Cavabdehlə aralarında olan narazılıqlara görə ayrılıblar. Cavabdeh uşaqların saxlanması üçün ona maddi cəhətdən heç bir köməklik göstərməmişdir. Uşaqları saxlamaqda çətinlik çəkdiyinə görə nikahları pozulsun və aliment tələbi ilə məhkəməyə müraciət edib və Lənkəran rayon məhkəməsinin 07 fevral 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah qeydi pozulmuş və cavabdehdən hər ay sabit pul məbləğində hər bir uşağa görə 100 manat olmaqla ayda cəmi 200 manat miqdarında alimentin tutularaq Fəridənin və Əminənin yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsi qət edilmişdir. Hazırda həmin vaxtdan 2 ildən çox bir müddət keçmişdir və hazırkı dövrə münasibətdə həmin məbləği uşaqların saxlanması üçün real hesab etmək olmaz. Artıq qiymətlər həmin dövrə nisbətdə 2-3 dəfədən də çox artmışdır. Ərzağın qiyməti və geyimlərin qiyməti artmışdır. Eyni zamanda uşaqlar böyüyübdür, məktəblidirlər və aylıq tələbatı artmışdır. Beləliklə uşaqların saxlanması üçün xərc hər ayda 250-300 manat həddində olur. O tək həmin xərcləri ödəyə bilmir. Cavabdeh isə bir valideyn kimi tələb olunan xərcləri ödəməkdən imtina edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh Sadiq oğlu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 03 sentyabr 2014-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonunda doğulmuşdur. X1, atası Cavabdeh Sadiq oğludur. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 12 oktyabr 2014-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonunda doğulmuşdur. X1, atası Cavabdeh Sadiq oğludur. Lənkəran ŞİHB-nın Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Həbibova X5 rayonu Qumbaşı kəndində qızı X8 və qızı X9 ilə birlikdə yaşayır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)-201/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh Sadiq oğlu ilə X7 arasında 04 dekabr 2013-cü il tarixdə Salyan RİHB-nın Sarvan kənd ərazi nümayəndəliyində bağlanmış 53 sayla qeydə alınmış nikah qeydi pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2014-cü il tarixdə doğulmuş X8 və xx.xx.2015-ci il tarixdə doğulmuş X6 iddiaçı X2 himayəsində saxlanılması və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 04 sentyabr 2019-cu il tarixdən başlayaraq Cavabdeh Sadiq oğlundan hər ay bir uşağa görə 100 manat olmaqla, hər ay iki uşağa görə 200 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X9 doğulmuş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)- 201/2020 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, adıçəkilən uşaqları iddiaçının yanında qalmaqla həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 100 manat olmaqla, hər ay iki uşağa görə 200 manat sabit pul məbləğində aliment təyin edilmişdir. İddiaçı təyin edilmiş alimentin məbləğinin hazırkı vaxtda aşağı olduğunu və almentin məbləğinin artırılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır; Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır; Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi); Məhkəmə qeyd edir ki, qazancının olub-olmadığından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Qanunun məzmunundan göründüyü kimi dövlət bir çox kateqoriyalardan olan insanları yaşaması üçün minimum xərcləri müəyyən etmişdir ki, uşaqları saxlanmasının minimum xərci kimidə 220 manat müəyyən edilmişdir. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin tələb edildiyi vaxtdan, yəni 04 sentyabr 2019-cu il tarixdən artıq 3 ildən artıq müddət keçdiyindən iddiaçı ilə cavabdehin birgə nikahından olan uşaqlarının böyüdükcə gündəlik tələbatının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxt aşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hərtərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə yuxarıda qeyd qanunvericlik aktlarını hazırki işin materialları ilə qarşılıqlı şəkildə araşdırıb, tərəflərin təqdim etdiyi sübutlara məcmu halda qiymət verib uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi, hazırda X4 və X6 böyüdükcə hər il artan xərclərini nəzərə alaraq hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qətnaməsi ilə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün təyin edilmiş hər ay 2 uşağa görə 200 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq tərəflərin birgə nikahından doğulmuş Fəridə və Əminə adlı uşaqların yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment aliment cavabdehdən alınaraq iddiaçıya ödəməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən cəmi 300 manat alimentin tutulması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 3600 manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq da 1000 manatdan çoxdur. «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni 56 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 56 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 56 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)-201/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2014-cü il tarixdə doğulmuş X8 və xx.xx.2015-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün həm hər ay bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh Sadiq oğlundan tutularaq İddiaçı ödənilsin. Cavabdeh Sadiq oğlundan 56 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar