Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3360/2025 13.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu maddi zərər: 20 mm rezin su şlanqı 40 metr - 72 manat, metal balta sapı ilə - 2 ədəd ümumilikdə 30 manat, hind toyuğu 1 ədəd - 45 manat, 1,5 x 10 metr metal setka - 5 ədəd ümumilikdə 175 manat, AZBEST şifer (dalğalı) 15 ədəd ümumilikdə 135 manat, ağac dirək 200 x 13 cm – 12 ədəd ümumilikdə 96 manat, Redmi 9 markalı mobil telefon 1 ədəd – 280 manat, telefon qoruma qabının (kavrosunun) altında 131 manat pul olmaqla cəmi - 964 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayonun Türkəkəran kəndində yaşayır, həmin kənddə özünə torpaq sahəsi almış və orada öz ailəsi üçün fərdi yaşayış evi tikmişdir. O və onun həyat yoldaşı X9 günəmuzd fəhlə işləyərək ailəni dolandırırlar, ancaq onunla qonşu olan iş üzrə Cavabdeh heç bir səbəb olmadan düşmənçilik edir və onun və ailəsilə şəxsi ədavət və qərəz saxlayır. Onları ailəvi dinc və sakit yaşamağa qoymur. Heç bir səbəb olmadan yolda ona rast gələrkən söyür, həyat yoldaşına və məktəbli qızına rast gələrkən onlara hücum edir, döyür və onlara daş ataraq xəsarət yetirir. Hətta qonşuda yaşayan lal və kar olan xəstə bacısı olan Mələk adlı qadını öyrədərək onlara qarşı kobud və yaraşmayan hərəkətlər edirlər. Yoldaşı işdən gələrkən cavabdeh şəxs onu küçədə saxlamış, əlinə daş götürərək ona bədən xəsarətləri yetirmişdir. İş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatında olmuşdur. Təhqiqat zamanı faktlar ona sübut olunmuşdur. Sonra Cavabdeh yoldaşı işdən evə gələrkən onun qarşısına çıxaraq onu döymüş, əlində olan Redmi 9 markalı mobil telefonunu almışdır. Telefonun üzlüyün altında ona məxsus 131 manat pulu da götürmüşdür. İndiyə kimi tələb etmələrinə baxmayaraq, nə telefonu, nə də 131 manat pulu ondan ala bilmirlər. Cavabdeh tərəfindən dəfələrlə ona hücumlar olmuş, həyat yoldaşı olan Əliyeva Nərminəni və qızını küçədə qarşısını kəsərək onları döymüş, daş götürərək onun baş nahiyyəsinə və bədənin digər nahiyyələrinə xəsarətlər yetirmişdir. Bu barədə polis şöbəsinin təhqiqat materiallar vardır. Cavabdeh onlardan əl çəkmir, son bir il ərzində ona məxsus olan çəpəri sökərək 5 ədəd metal tor setkanı gecə vaxtı aparmışdır. 15 ədəd Azbest şiferi çəpərdən sökərək sındırmışdır, 12 ədəd ağac dirəyi çəpərdən çıxardaraq doğramışlar. Həyətində 2 metal balta, sapı ilə birlikdə oğurlayaraq aparmışlar. Həyətindən bir ana hind toyuğunu tutub aparmışlar. 40 metr uzunluqda İran istehsalı olan rezin şlanqı həyətdən oğurlayıb aparmışlar. Günəmuzd işlədiklərindən gündüz işdə olub ailəsini dolandırırlar, yəni gündüz evdə olmurlar, uşaqlar da məktəbdı olurlar. Bu vaxt onlar fürsətdən istifadə edərək onlara maddi ziyan vururlar. O artıq bu insanların əlindən bezmiş, məcbur olub məhkəməyə iddia ərizəsi verməkdən ötəri cavabdeh tərəfindən ona dəymiş maddi ziyanın hesablanması üçün "xxxx" MMC-yə müraciət etmişdir. Qiymətləndirici MMC əşyaların qiymətləndirilməsini aparmışdır. Telefonun qoruma qabının (kavrosunun) altında 131 manat pul, cəmi yekun - 964 manat ziyan vurulmuşdur. Cədvəldə göstərilmiş əşyaların bir qismi cavabdeh tərəfindən sındırılmış, bir qismi isə həyətimizdən oğurlanmışdır. O, məcbur olub Lənkəran Rayon Məhkəməsinə vurulan 964 manat maddi ziyanın tələbi barədə iddia ərizəsilə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, sübutları hüquq mühafiza orqanları tərəfindən əsaslandırılmış və müvafiq qərar qəbul etmişdir. İddia tələbinin təmin eilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçı özü çəpəri vurub, yandırmış, əvvəlcə telefonun bacısı Mələyin aldığını bildirsə də, indi ona aid edilir. Bacısının hərəkətindən xəbəri olmamaqla, ona aidiyyəti yoxdur. Hinduşkanı iddiaçı özü oğurlamış, hətta bir dəfə 3 hinduşkası itmiş, kənd soveti və polisin bundan xəbəri olmuşdur. İşdən tez gəldiyi vaxt çəpərin sökülüb, armaturların aparıldığını görüb, bununla bağlı polisə zəng etmişdir. Əvvəllər iddiaçı şəxslə dostluğu olmuş, Bəhrəm adlı şəxsin oğurluğunundan sonradan iddiaçı şəxs ona şərləmişdir. Şiferləri, metal setkaların hamısının iddiaçının özünün aparmış, daha öncə isə bacısının götürdüyün bildirirmişdir. Hinduşka məsələsi 4-5 il əvvəl olmuş və onun öz hinduşkası iddiaçının həyatına keçmişdir. X1 göstərmişdir ki, cavabdeh və bacısı, onu yerə çırpmışlar, qonşu eşidib köməyə gəlmişdir. Maddi zərəri odur ki, həyətdən istədiklərin götürüb aparmışlar,həmçinin hinduşkaları da götürüb aparmışlar. Onlar, cavabdeh şəxsə qarşı həmişə yaxşı münasibətdə olmağa çalışmışlar, cavabdeh şəxs və onun bacısı ona hücum çəkib, telefonu əlindən almışlar. Bundan əlavə onlara pis rəftar edərək, həyətinə və onların qapısına cavabdeh şəxs zibil tökür. Rezin şlanq aparılsa da nə zaman aparıldığı yadında deyil. X2 göstərmişdir ki, cavabdeh şəxs və onun bacısı uşaqları narahat edirlər, iddiaçın yoldaşının başına xəsarət yetiriblər, hinduşkalar oğurlanmışdır, hinduşkaların oğurlanmasıla bağlı kamera görüntüsü var, metal setka və şifer oğurlanmasın görmüşlər, əvvəl cavabdehin bacısı oğurluq etmiş, sonra da cavabdeh özü qoşulmuşdur. İş materiallarına əlavə olunmuş, tədqiq olunan: 7 sentyabr 2021-ci il tarixli yekun protokolda Saçlı Bəyəliyəvanın qonşusu Nərminə Əliyəvaya qarşı daş və yumruqla hücum edərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təsnif olunan sağlamlığa yüngül zərər vurma cinayətini törətdiyi qeyd edilir və protokol Lənkəran Rayon Prokurorluğuna təqdim olunmuşdur. 15 noyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Lənkəran ŞRPŞ-ə X11 Bəyəliyəva və onun bacısı Mələk tərəfindən hücuma məruz qalması, mobil telefonunun və 131 manat pulunun oğurlandığını bildirmişdir. Qeyd edilən qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Lənkəran rayonu Türkəkəran kəndində yaayan X3 münaqişə zamanı Redmi markalı mobil telefon və 131 manat pulunun X8 tərəfindən götürülməsi faktı təsdiqini tapmamışdır. 10 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda tərəflərin qarşılıqlı iddialarının araşdırıldığı, münaqişənin şəxsi münasibətlər əsasında baş verdiyi üçün cinayət işi başlanmasının rədd edildiyi, X6, İddiaçı, X5 və X4 əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyi, Mələk Nəsirovanın şiferlərlə düzəldilmiş çəpər rolunu oynayan səddi götürməyə çalışmasının AR İXM-in 232-1 maddəsi kimi qiymətləndirilə bilməyəcəyi, vətəndaş X4 çəpərin olduğu torpaq sahəsinin ona məxsus olmasını bildirdiyi qeyd edilmişdir. Torpaq sahəsinin plan ölçü səədlərindən görünür ki, İddiaçı Türkəkəran bələdiyyəsi tərəfindən fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsinin 2005-ci ildə ayrılmışdır. İş materiallarına əlavə edilmiş daşınar əşyaların qiymətləndirilməsi haqqında 04 iyul 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddia ərizəsinə uyğun qeyd edilən 7 adda, yəni 20 mm rezin su şlanqı 40 metr - 72 manat, metal balta sapı ilə - 2 ədəd ümumilikdə 30 manat, hind toyuğu 1 ədəd - 45 manat, 1,5 x 10 metr metal setka - 5 ədəd ümumilikdə 175 manat, AZBEST şifer (dalğalı) 15 ədəd ümumilikdə 135 manat, ağac dirək 200 x 13 cm – 12 ədəd ümumilikdə 96 manat, Redmi 9 markalı mobil telefon 1 ədəd – 280 manat olmaqla ümumilikdə 833 manat qiymətləndirilmişdir İddiaçı tərəfindən iddia ərizəsilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənildiyi müəyyən olunur. Cavabdeh məhkəməyə etiraz ərizəsilə müraciət edərək göstərmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı iddia ərizəsində qeyd etdikləri hamısı yalan və ona atılan böhtandır. İddia ərizəsində qeyd olunanlar köhnə işlərdir, bütün bunlar artıq əvvəllər araşdırılmış, onlara hüquqi qiymət verilmiş və ona görə də, onu cərimələmişlər, o da həmin cəriməni ödəmişdir. İddiaçının isə həmin köhnə işləri yenidən iddia ərizəsində sadalayaraq, onu yenidən məhkəməyə vermişdir. O artıq 2 ildir ki, iddiaçıya yaxın durmur, onun həyətinə belə getmir. İddiaçı özü onun çəpərini söküb yandırıb, bununla bağlı o, 101 xidmətinə zəng etmiş, yanğın söndürənlər gəlib yanğını söndürmüş və bu barədə akt tərtib etmişlər. Bundan sonra o, polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, polis şöbəsində araşdırma aparılmış və ona izah edilmişdir ki, maddi ziyanla bağlı məhkəməyə müraciət etsin. Lakin o, iddiaçıya qarşı məhkəməyə maddi ziyanla bağlı iddia ərizəsi ilə müraciət etməmişdir. Çəpəri təzədən bərpa etdiyini, iddiaçının isə onun çəpərini yenidən söküb materiallarını apararaq öz tövləsinə tökmüşdür. O, iddiaçının həyətindəki ağacları kəsmədiyini, əksinə iddiaçının onun həyətindəki meyvə və digər ağacları kəsmiş, bununla bağlı o, polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Polis əməkdaşları həyətinə gələrək ona iddiaçının evdə olub-olmadığını yoxlamağı tapşırdığını, onu çağırmağa gedəndə isə iddiaçının evdən çıxaraq onun başına qazanla və banka ilə vurmuşdur. Buna görə də, o, polisə şikayət ərizəsi ilə müraciət etmiş və hazırda da onun şikayətləri üzrə polis şöbəsində araşdırmaların gedir. İddiaçı bütün bunlardan yayınmaq üçün ona qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, İddiaçı ona qarşı maddi ziyan tələbi haqqında iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, etirazı nəzərdən keçirib, iş materialları hər tərəfli obyektiv, çəkişmə prinsipinə riayət etməklə araşdırıb, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin (bundan sonra MPM-nin) 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Qeyd olunan hüquq normalarını hazırki iş üzrə tətbiq etməklə məhkəmə qeyd edir ki, iddiaçı, ümumiyyətlə, oğurlandığı iddia etdiyi əşyaların oğurlandığını sübut edə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında əvvəllər dəfələrlə münaqişə baş vermiş və hüquq mühafizə orqanlarına müraciət etmişlər. Bununla bağlı iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 aprel 2024-cü il tarixli və 15 noyabr 2024-cü il tarixli qərarlar mövcuddur. 10 aprel 2024cü il tarixli qərarda “Mələk Nəsirovanın şiferlərlə düzəldilmiş çəpər rolunu oynayan səddi götürməyə çalışması AR İXM-in 232-1 maddəsi kimi qiymətləndirilə bilməyəcəyi” qeyd edilmişdir. İlk öncə məhkəmə qeyd edir ki, qeyd edilən çəpərin götürülməyə çalışılması qeyd edilmiş, sındırılması, zədələnməsi, neçə adda əşyanın məhv edilməsi göstərilməmişdir. İkinci olaraq məhkəmə qeyd edir ki, həmin əməlin Mələk Nəsirova tərəfindən edildiyi qeyd edilir. Lakin hazırki iş üzrə Cavabdehdır. Həmin hadisə üzrə hazırki cavabdeh ümumiyyətlə münaqişə tərəfi olmamaqla barəsində cinayət və ya inzibati xarakterli qərar qəbul edilməmişdir. Bundan başqa 15 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Lənkəran rayonu Türkəkəran kəndində yaayan X3 münaqişə zamanı Redmi markalı mobil telefon və 131 manat pulunun X8 tərəfindən götürülməsi faktı təsdiqini tapmamışdır. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya məxsus metal setka, şiferlər, ağac dirəklərin məhv edilməsi, Redmi 9 markalı mobil telefon və 131 manat pulun oğurlanması faktları qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi qərarları ilə təsdiqini tapmamışdır. Məhkəmə iddiaçının tələbi kimi göstərdiyi 20 mm rezin su şlanqı 40 metr, iki ədəd metal balta sapı ilə və bir ədəd hind toyuğunun cavabdeh tərəfindən oğurlnmasını təsdiq edəcək mümkün, mötəbər sübutları da məhkəməyə təqdim etməmişdir. Hətta iddiaçının şahid qismində məhkəməyə təqdim etdiyi şahidlər X7 və X10 belə tələbdə göstərilənlərin nə vaxt, hansı şəraitdə oğuralnmasını qeyd edə bilməmiş, ümumiyyətlə qeyd edilənlərin hazırki cavabdeh, yoxsa ki cavabdehin bacısı X8 tərəfindən oğurlanmasını aydın şəkildə izah edə bilməmişlər. Məhkəmə iclası zamanı iddiaçı, öz istinad etdiyi halların sübutlarının cinayət işinin rədd qərarında və onunla əlaqəli araşdırılmış materiallarda olduğun göstərsə də, həmin materialları sırası ilə mərhələli şəkildə məhkəmə araşdırdığı zaman, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması məsələsi öz əksini tapmamışdır. Bundan başqa iddiaçının sübut kimi təqdim etdiyi Cavabdeh Lənkəran ŞRPŞ-yə verdiyi izahatında (qərarlarda əks olunmuş izahatda) da həmin halların mövcudluğu öz əksini tapmamışdır. AR MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən iddianın əsaslılığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən sonuncunun Cavabdeh qarşı «pul» tələbinə dair iddiası rədd olunmalıdır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə elektron məhkəmə informasiya sistemi üzərində yaradılmış elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-3360/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3360/2025
13.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver