Məhkəmə qərarları › İş №2(049)-3378/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3378/2025

02.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3378/2025 02.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlu, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək hüquqmüəyyənedici sənədlər əldə etmək üçün ödədiyi 577.70 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 30,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri öyrənib belə nəticəyə gəlirəm ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki iddia tələbi ilə bağlı ilk növbədə qeyd edilməlidir ki, iddianın icraatının mümkün sayılması üçün ilk növbədə iddiaçıya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin yoxsa hazırki iş üzrə cavabdeh qismində işə cəlb edilmiş, həmin publik hüquqi şəxsin ərazi idarəsinin (ixtisaslaşdırılmış hüquqi şəxs), yəni 10 saylı Lənkəran ərazi idarəsinin hərəkət və ya hərəkətsizlikləri nəticəsində maddi ziyan dəydiyi müəyyən olunmalıdır. Qanunvericliyin tələbinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Cavabdeh iddiaçının hüquqlarını pozan və ya onun hüquqlarının həyata keçirilməsinə maneə törədən şəxs hesab edilir. Hazırki işdən isə cavabdeh qismində işə cəlb edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinin iddiaçının hansı hüquqlarını pozduğu və ya onun hansı hüquqlarının həyata keçirilməsinə maneə törətdiyi bəlli deyildir. Eyni zamanda, cavabdeh qismində cəlb edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinin hazırki iş üzrə nəyə cavabdeh olduğu, yəni iddiaçının hansı əsasla ondan maddi ziyan tələb etdiyi iddia ərizəsindən müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia tələbi üzrə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyinə və qeyri-müəyyən tələblə məhkəməyə müraciət edildiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən ərazi və məhkəmə aidiyyəti qaydalarına riayət etməklə məhkəməyə müraciət edilməsinə mane olmur. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən iddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 30 manat dövlət rüsumu da ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 114, 149, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı məhkəməyə müraciət edilməsi üçün xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən ödədiyi 30 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edilə bilər. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar