Məhkəmə qərarları › İş №2(049)-338/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-338/2024

18.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-338/2024 18.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, X2 kаtibliyi, İddiaçı "xxxx" İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" İstehsalat Birliyinin Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3110.40 manat məbləğində maddi ziyan, 51.10 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cəmi 3161.90 manat pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" X3 X7 İstismarı İdarəsinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" İstehsalat X1 məxsus fərdi yaşayış evini təbii qazla təhciz edir. Həmin ünvana "xxxx" İB-nin RQİİ tərəfindən **********00010 nömrəli abonent kodu verilmişdir. Lakin cavabdeh “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq istifadəsinə verilmiş sayğacdan əvvəl qaz xəttinə özbaşına olaraq qoşulub təbii qazı talamışdır. "xxxx" İB-nin əməkdaşları tərəfindən müəssisənin balansında və istismarında olan küçə qaz xəttlərinə, həmçinin, cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırıİmışdır və bu halı təsbitləyən video çəkilişlər aparılmışdır. Qeyd olunan faktla bağlı "xxxx" İB-nin əməkdaşları tərəfindən “Təbi qazdan istifadə qaydaların pozulması haqqında” akt tərtib edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 3110.40 manat maddi ziyan hesablanmışdır. Dəymiş ziyanla bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və qanunvericiliyə uyğun olaraq həmin şəxsdən dəymiş zərərin ödənilməsini tələb etməlidir. Ona görə də cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3110.40 manat məbləğində maddi ziyan, 51.10 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı - cəmi 3161.90 manat pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" X3 RQİİ-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı "xxxx" İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə2 hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etirazı olmadığını bildirdi və məhkəmə baxışı iclasında izahat verərək göstərdi ki, Lənkəran rayonu Digah kəndində yaşayır, yaşadığı ünvanda evinin təbii qaz xətti və qaz sayğacı vardır. O, "xxxx" İB tərəfindən evinə göndərilmiş bildirişdə yaşadığı ünvanda təbii qazdan istifadə etdiyi qaz sərfiyyatı üzrə borcunun çox olduğunu görmüş və maddi vəziyyətilə əlqədar olaraq həmin pulu ödəyə bilməmişdir. Bu səbəbdən yaşadığı evin təbii qaz xəttindən sayğacdan kənar qeyri-qanuni qaz xətti çəkmişdir. "xxxx" İB-nin əməkdaşlarının tərtib etdikləri akt üzrə hesablanmış 3110.40 manat ziyan məbləğini ödəməyə hər hansı etirazı yoxdur. Həmin ziyanın özünün təqsiri üzündən yarandığını da başa düşür, lakin hazırda bu məbləği birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Həmin məbləği hissə-hissə ödəyə bilər. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın, dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamənin surətləri, abonentin xx.xx.2023-cü il tarixli saldosu və xx.xx.2023-cü il tarixli mədaxil qəbzi ilə müəyyən edildi ki, cavabdeh Lənkəran rayonu Digah kəndində yaşayır. Cavabdeh yaşadığı evdə, özünün də etiraf etdiyi kimi, təbii qazdan istifadə etsə də, 2021-ci ilin avqust ayından 2023-cü ilin noyabr ayına qədər sayğac üzrə göstəricilərə görə onun hər hansı miqdarda təbii qazdan istifadə etməsi müəyyən olunmamışdır. "xxxx" İB-nin əməkdaşları tərəfindən cavabdehin yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğaca baxış keçirilərkən “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq təbii qazdan sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə istifadə edildiyi aşkar olunmuş və aktlaşdırılmışdır. Həmin akt üzrə itirilmiş təbii qazın bərpası üçün aparılmış hesabata görə cavabdehə 25920 m3 ziyan hesablanmışdır. Hesablanmış maddi ziyan məbləği cavabdehdən tələb edilmiş, cavabdeh həmin məbləği ödəmədiyinə görə iddiaçı tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəməyə müraciət etmək üçün iddiaçı 51.10 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödəmişdir. Hazırda iddiaçı cavabdehdən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3110.40 manat məbləğində maddi ziyan, 51.10 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı - cəmi 3161.90 manat pulun ödənilməsini tələb edir. İddiaçı hazırki iddia tələblərinin əsası olaraq qaz sayğacının yoxlanılması haqqında, təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta, dəymiş ziyanın bərpasına dair tələbnaməyə və abonentin saldosuna istinad edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdiyini bildirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə tərəflərin fikrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.6-cı bəndində qeyd edilmişdir ki, qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir. “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına əsasən istehlakçı tərəfindən sayğacdan əvvəl qaz xəttinə qoşulma ilə qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin təbii qazdan qeyriqanuni istifadəyə görə yaranmış 3110.40 manat borc məbləğinin cavabdehdən tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 51.10 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 3110.40 manat məbləğində maddi ziyan, 51.10 manat dövlət rüsumu, 0.40 manat bank xidmət haqqı cəmi 3161.90 manat tutularaq iddiaçı "xxxx" X3 RQİİ Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** nömrəli hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar