Məhkəmə qərarları › İş №2(049)-3392/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3392/2024

27.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3392/2024 27.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X6 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə 27 noybr 2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(049)-500/2018 saylı qətnaməsi ilə qət edilmiş və Cavabdeh xx.xx.2018-ci il təvəlllüdlü X1 üçün onun xeyrinə tutulmuş aliment məbləğinin artıraraq 235 manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə valideynlərinin məsləhəti ilə 2012-ci ilin avqust ayında nişanlanmış, 07 sentyabr 2012-ci il tarixdə toyları olub, qaynatasının evinə gəlin köçmüşdür. Orada cavabdehlə cəmi 3 ay müddətində ər-arvad olaraq yaşamışdır. Birgə münasibətdən 18 noyabr 2013-cü il tarixdə Cahid adlı övladları doğulmuşdur. Uşaq sağ-salamat olmaqla onun himayəsində yaşayır. Nikahları 25 yanvar 2013-cü il tarixdə rəsmiləşdirilmişdir. Cavabdeh onun həmkəndlisi olsa da, o, onun xasiyyətinə dərindən bələd olmamışdır. Bu səbəbdən də ilk vaxtlardan aralarında narazılıqlar yaranmışdır. O, ailəsinin dağılmaması üçün nə qədər səy göstərsə də heç bir nəticəsi olmamış və onlar faktiki olaraq ayrılmışlar. O, vəziyyətin belə olduğunu görüb nikahın pozulması və birgə nikahlarından doğulmuş Cahid adlı uşaqlarının saxlanması üçün nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə Lənkəran rayon məhkəməsinə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(049)-500/2018 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və 18 noyabr 2013-cü il təvəllüdlü Cahid adlı uşaqlarının saxlanması üçün cavabdehdən sabit pul məbləğində hər ay 130 manat alimentin tutulması qərara alınmışdır. Hazırda uşağın artan tələbatı ilə bağlı aliment məbləğinin artırılması barədə məhkəməyə müraciət edir. Belə ki, o, uşağı ilə birlikdə hazırda valideynlərinin evində yaşayır. Özü heç bir yerdə işləmədiyimdən uşağını təkbaşına böyütməkdə çətinlik çəkir. Ona görə də cavabdehin verdiyi 130 manat alimentlə uşağının tələbatlarını ödəyə bilmir. Qətnamənin qəbulundan xeyli vaxt keçmiş, uşağının tələbatları artmışdır. Çünki, oğlu Cahid məktəblidir və onun təhsil xərclərini ödənilməsində çətinlik çəkir. Təkbaşına uşağının maddi tələbatını təmin etməkdə çətinlik çəkməyinə baxmayaraq cavabdeh könüllü olaraq uşağın saxlanmasında ona heç bir maddi köməklik göstərmir. Halbu ki, cavabdeh Rusiyada alverlə məşğul olur və kifayət qədər gəlir əldə edir. Bir sözlə cavabdeh ödədiyi 130 manat alimetdən başqa uşağına heç bir maddi yardım göstərmir. Ona görə də, məcbur qalıb hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin məzmununa uyğun çıxış edərək tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin restoranda işləməklə 3-4 min manat qazancının olmasını, lakin bu barədə sübutunu məhkəməyə təqdim edə bilmədiyini qeyd etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə «X4» nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il tarixdə X5 doğulmuşdur. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(049)- 500/2018 saylı qətnaməsindən görünür ki, xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanıması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə mübahisəyə hüquqi qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehin 235 manat miqdarında aliment vermək imkanına malik olduğunu göstərsə də, bunu təsdiqləyən sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Əslində bu hal iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilərdi. Lakin, hamıya bəllidir ki, uşaq böyüdükcə ona sərf olunan xərclər də artır. Bundan əlavə, hər il uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu dövlət tərəfindən artırılır. 2018-ci ilə nisbətdə 2024-cü ildə uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu 52 % artmışdır. 2018-ci ildə qət olunmuş 130 manat alimentin 52 faizi 68 manat təşkil edir. 2018-ci ildə aliment qət edildikdən sonra, tərəflərin maddi və ailə vəziyyətlərində dəyişikliyin baş verdiyinə dair hər hansı bir sübut təqdim edilməsə də, həmin aliment qət edildikdən sonra tərəflərin birgə nikahlarından doğulmuş uşaqları böyümüş, onun xərcləri artmış, məhkəmə bu halları nəzərə alaraq hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdehdən xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul miqdarında alimentin alınıb iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının «X7» Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddia ərizələrə görə dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə qeyd edir ki, hazırda uşağın saxlanması üçün ayda 200 manat miqdarında alimentin tutulması nəzərə alınmışdır. Alimentin alınması haqqında iddianın bir il ərzində ödəmənin cəmi 2400 manat təşkil eləyir (200 manat x 12 aya = 2400). Buna görə də cavabdehdən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni (2400- 1000=1400) 1400 manat məbləğin 1%-i olan 14 manat, cəmi (30+14=44) 44 manat dövlət rtüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul miqdarında aliment alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. X2 üçün cavabdehdən hər ay uşaq üçün 200 manat sabit pul miqdarında alimentin tutulması, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdehdən 44 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar