Məhkəmə qərarları › İş №2(049)-3398/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3398/2023

21.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3398/2023 21.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Lənkəran Rayon Məhkəməsinin 2(049)-900/2017 saylı, 17 mart 2023-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş 100 manat alimentin miqdarının dəyişdirilərək hər ay 220 manat sabit pul məbləğində müəyyən edilmədi və həmin alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 108/2013 saylı, 05 mart 2013-cu il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasındakı nikah pozulmuş və birgə nikahlarından doğulmuş xx.xx.2002-ci il təvəllüdlü X3, xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər bir uşağa ayda 50 (əlli) manat olmaqla cəmi 150 (bir yüz əlli) manat aliment məbləğinin cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Alimentin hər uşaq üçün 160 manat təyin edilməsi uşaqların xərclərini ödəmədiyi üçün Lənkəran Rayon Məhkəməsinin 2(049)-900/2017 saylı, 17 mart 2017-ci il tarixli qətnaməsinə əsasən hər bir uşaq üçün aliment məbləği 100 manata qaldırılmışdır. xx.xx.2002-ci il təvəllüdlü X8 oglu və xx.xx.2004-cü il təvəllüdlü X4 artıq yetkinlik yaşına çatmışdır. Lənkəran Rayon Məhkəməsi tərəfindən çıxarılmış 2(049)-900/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnamədə qeyd olunmuş aliment məbləği hazırki şəraitdə xx.xx.2012-ci il təvəllüdlü X2 heç bir tələbatının ödənilməsinə yetmir və bu vəsait hesabına onun sağlamlığının qayğısına qalmaq və zəruri xərcləri ödəmək mümkün deyildir. Uşağın hər dəfə müayinəsi, müalicəsi üçün dərmanların alınmasına və digər xərclərinə maddi vəsait lazım olur. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərməməklə yanaşı onun əlavə xərclərində də iştirak etmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaq eyni zamanda onun maddi tələbatlarını lazımi səviyyədə ödəmək qadın olaraq onun üçün çox çətindir. 17 mart 2017-ci il tarixli məhkəmə qətnaməsinin qəbul edilməsindən 7 ilə yaxın bir vaxt keçmişdir. Həmin ildən fərqli olaraq indi artıq uşağın məsrəfləri yetərincə artmışdır. Bundan başqa, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimum haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ona görə hesab edir ki, qanunun yuxarıda qeyd edilən normaya əsasən məhkəmə sabit pul məbləğində uşaq üçün müəyyən edilmiş 100 manat aliment məbləğini artıraraq 220 manat həddində müəyyən etməlidir. Cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment məbləğinin ödənişini də vaxtı vaxtında həyata keçirməyib. Buna görə də o, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Ona görə də hazırki iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş və xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməməsini göstərərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.6-cı maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müvafiq məhkəmə qətnaməsi əsasında müəyyən edilmiş aliment məbləğinin 140 manat məbləğində artırılmasına etirazının olmadığını bildirdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: AZ-İİ № 876680 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X5 29 fevral 2012-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X6r. 01 sentyabr 2023-cü il tarixli, MŞL-02088 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişdirlər. 01 sentyabr 2023-cü il tarixli, MŞL-02088 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 55 manat mediasiya xərci ödəmişdir. Müvafiq ödəniş qəbzindən görünür ki, İddiaçı 55 manat mediasiya xərci ödəmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(049)-900/2017 saylı qətnaməsindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(049)- 108/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilmiş, xx.xx.2002-ci il təvəllüdlü X3, xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər bir uşaq üçün 100 manat olmaqla hər ay üç uşaq üçün 300 manat aliment məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2002-ci il təvəllüdlü X3, xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 üç uşağı doğulmuşdur. Mirqədir və Mirbəyim adlı uşaqlar yetkinlik yaşına çatmış, Mirzəhra adlı uşaq isə yetkinlik yaşına çatmamaqla iddiaçının yanında yaşayır. Lənkəran Rayon Məhkəməsinin Lənkəran Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(049)-108/2013 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşağa görə 50 manat olmaqla üç uşaq üçün hər ay cəmi 150 manat məbləğində aliment təyin edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(049)- 900/2017 saylı qətnaməsi ilə aliment miqdarı dəyişdirilmiş, xx.xx.2002-ci il təvəllüdlü X3, xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər bir uşaq üçün 100 manat olmaqla hər ay üç uşaq üçün 300 manat aliment məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı bundan öncə artırılmış alimentin məbləğinin hazırkı vaxtda aşağı olduğunu və alimentin məbləğinin 220 manat məbləğində artırılmasını tələb edir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək, hər ay 140 manat aliment ödəyə biləcəyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır; Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi); Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə qeyd edir ki, qazancının olub-olmadığından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur. İddia tələbindən göründüyü kimi iddiaçı bir uşağın saxlanması üçün Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(049)-900/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 220 manat olmaqla sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçının aliment məbləğinin uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumu səviyyəsində təyin olunması ilə bağlı iddia ərizəsində göstərdiyi dəlillərə dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ölkə üzrə təsdiq olunmuş “yaşayış minimumu”nun aliment münasibətlərində tətbiq edilməsi hüquqi məntiqə ziddir və ailə qanunvericiliyi və onun əsaslarını (mənbəyini) təşkil edən Ailə Məcəlləsinin 1.1-ci maddəsinin tələblərinin pozulmasına səbəb olar. Belə ki, həmin maddəyə əsasən Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. “Yaşayış minimumu haqqında” Qanun isə göründüyü kimi Ailə Məcəlləsinə uyğun olaraq qəbul edilməmiş, predmeti isə tam başqa münasibətlərdir. Ailə Məcəlləsinin təhlilindən aydın olur ki, uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı valideynlərin (tərəflərin) ailə, maddi vəziyyəti və diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla qazancın və (və ya) başqa gəlirlərinin uşaqların sayından asılı edilən pay nisbətilə tənzimlənmişdir. Bu Məcəllənin normalarında isə alimentin miqdarının yaşayış minimumu ilə əlaqədar təyin olunmasını əks etdirən hər hansı qayda müəyyən edilməmişdir. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin təyin edildiyi vaxtdan artıq 6 ildən çox müddət keçdiyindən iddiaçı ilə cavabdehin birgə nikahından olan uşağının böyüdükcə gündəlik tələbatının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericlik aktlarını hazırki işin materialları ilə qarşılıqlı şəkildə araşdırıb, tərəflərin təqdim etdiyi sübutlara məcmu halda qiymət verib uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi, hazırda X2 böyüdükcə artan xərclərini nəzərə alaraq hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(049)-900/2017 saylı qətnaməsi ilə 29 fevral 2012-ci il tarixdə doğulmuş X1 üçün təyin edilmiş 100 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq tərəflərin birgə nikahından doğulmuş Mirzəhra adlı uşağın yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya ödəməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 184.2-ci maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən tutulacaq alimentin miqdarının 80 manat artırılması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 960 manat təşkil edir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 30 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(049)-900/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq 29 fevral 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar