Məhkəmə qərarları › İş №2(049)-34/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-34/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-34/2023 12.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə xx.xx.2023-cü iı tarixdə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y yə n e t d i : TƏSVİRİ HİSSƏ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 008R********** saylı kredit razılaşmasının ləğv edilməsi, həmin kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2709.52 manat mələğində əsas borc, 328.34 manat faiz borcu və 739.71 manat cərimə borcu olmaqla, cəmi 3777.57 manat borc məbləği, həmçinin, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 57.78 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 008L**********67 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən onun adına 120 ay müddətinə 120000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2020-ci il tarixli 008R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4500 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə gecikdirmiş, xx.xx.2021-ci il tarixdən etibarən kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdeh1 aldığı kredit məbləğindən 1790.48 manat ödəmiş, onun 2709.52 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaiti kreditora qaytarmadığı üçün onun xx.xx.2021-ci il tarixə 273 gün üçün hesablanmış faiz borcu 328.34 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 %-i məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 273 gün üçün hesablanmış cərimə 739.71 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə reditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən o, bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh2 həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. İş materiallarına əlavə edilmiş, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 hüquq varisləri müəyyən edilənədək iş üzrə icraat dayandırlmışdır. Eyni zamanda, məhkəmə tərəfindən notariat orqanına müraciət olunmuş, həmin orqandan verilmiş xx.xx.2023cü il tarixli cavab məktubundan məlum olmuşdur ki, Cavabdeh1 ölümü ilə bağlı vərəsəlik haqqında şəhadətnamə alınması üçün notariat orqanına müraciət edilməmişdir. Cavabdeh1 hüquq varislərini müəyyən edərək həmin cavabdehin onun hüquq varisi ilə əvəz edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edilməsi iddiaçıya da təklif edilmiş, lakin iddiaçı tərəfindən də indiyədək məhkəməyə belə bir vəsatət verilməmişdir. Ancaq iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə göndərərək xx.xx.2020-ci il tarixli 008R********** saylı kredit razılaşması üzrə 2709.52 manat mələğində əsas borc, 328.34 manat faiz borcu və 739.71 manat cərimə borcu olmaqla, cəmi 3777.57 manat borc məbləği, həmçinin, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 57.78 manat dövlət rüsumunun Cavabdeh2 iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraata Cavabdeh1 ilə bağlı hissədə xitam verilmişdir. Digər Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Cavabdeh2 məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata Cavabdeh1 ilə bağlı hissədə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə xitam verildiyi nəzərə alınmalı, iddia tələbi Cavabdeh2 ilə bağlı hissədə isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 “AccessBank» QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 008L**********67 uzunmüddətli kredit müqaviləsinə əsasən onun adına 120 ay müddətinə 120000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh1 veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2020-ci il tarixli 008R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4500 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi götürdüyü kredit borcundan 1790.48 manat ödəmiş, onun 2709.52 manat məbləğində əsas borcu qalmışdır. xx.xx.2014-cü il tarixli 008L**********67 uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2014-cı il tarixli 008S**********03 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 onunla iddiaçı arasında bağlanmış xx.xx.2014-cüi il tarixli 008L**********67 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına tam şəkildə riayət etməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 57.78 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda 2709.52 manat əsas borc, 328.34 manat faiz borcu, 739.71 manat cərimə və 57.78 manat dövlət rüsumu məbləğinin Cavabdeh2 tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış müqavilələrə, kredit razılaşmasına və onlara əlavə edilmiş sənədlərə istinad edir. Cavabdeh2 məhkəmə iclaslarına gəlməmiş və iddia tələbinə münasibətini bildirməmişdir. Cavabdeh1 isə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Qeyd olunan hüquq normalarının tələblərinə görə məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli 008R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 iddiaçının qarşısında mövcud olmuş öhdəliklərinə görə onun vəfatından sonra Cavabdeh2 həmin öhdəliklərin icrası üçün bilavasitə maddi məsuliyyət daşıyır. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, iş üzrə icraata Cavabdeh1 ilə bağlı hissədə xitam verildiyinə, Cavabdeh2 isə xx.xx.2020-ci il tarixli 008R********** saylı kredit razılaşması üzrə öhdəliklərə görə iddiaçının qarşısında Cavabdeh1 ilə eyni həcmdə maddi məsuliyyət daşıdığına görə xx.xx.2020-ci il tarixli 008R********** saylı kredit razılaşması üzrə 2709.52 manat əsas borc və 328.34 manat faiz borcu Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddia tələbinincərimə borcuna dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, əsas borc 2709.52 manat, faiz borcu isə 328.34 manat təşkil etdiyi halda, 739.71 manat miqdarında cərimə borcu hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 250 manata qədər azaldılmalıdır. Beləliklə məhkəmə qərara gəlir ki, xx.xx.2020-ci il tarixli 008R********** saylı kredit razılaşması üzrə 2709.52 manat məbləğində əsas borc, 328.34 manat məbləğində faiz borcu və 250 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3287.86 manat Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 57.78 manat dövlət rüsumu məbləği də Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2020-ci il tarixli 008R********** saylı kredit razılaşması üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 2709.52 manat mələğində əsas borc, 328.34 manat faiz borcu və 250.00 manat cərimə borcu, həmçinin, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 57.78 manat dövlət rüsumu - cəmi 3345.64 manat tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar