Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3432/2023 19.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: TƏSVİRİ HİSSƏ: İddiaçı LPO "xxxx" ASC (bundan sonra mətndə iddiaçı) xx.xx.2019-cu il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 xx.xx.2017-ci il tarixdə vəfat etdiyi müəyyən edildiyindən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə onun hüquq varisləri müəyyən edilənədək iş üzrə icraat dayandırlmışdır. Məhkəmənin xx.xx.2023-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1xx/xx/52926/13 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ona illik 26 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 1000 manat, xx.xx.2013-cü il tarixli 1xx/xx/53078/13 nömrəli kredit müqaviləsinə əsasən isə illik 24 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 4500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 xx.xx.2013-ci il tarixli 1xx/xx/52926/13 nömrəli və xx.xx.2013-cü il tarixli 1xx/xx/53078/13 nömrəli zaminlik müqavilələri əsasında kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmuşdür. Lakin cavabdehlər öz üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş, nəticədə 1xx/xx/52926/13 nömrəli kredit müqaviləsi üzrə banka 639.81 manat əsas borc, 104.93 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 496.42 manat məbləğində cərimə borcu, 94.68 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 1335.84 manat; 1xx/xx/53078/13 nömrəli kredit müqaviləsi üzrə 947.44 manat əsas borc, 48,51 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 790.62 manat məbləğində cərimə borcu, 136.50 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 1923.07 manat borc məbləğləri qalmışdır. Ona görə də 1xx/xx/52926/13 nömrəli kredit müqaviləsi üzrə 639.81 manat əsas borc, 104.93 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 496.42 manat məbləğində cərimə borcu, 94.68 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 1335.84 manat; 1xx/xx/53078/13 nömrəli kredit müqaviləsi üzrə 947.44 manat əsas borc, 48,51 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 790.62 manat məbləğində cərimə borcu, 136.50 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği - cəmi 1923.07 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 vəfat etdiyindən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraata onunla bağlı hissədə xitam verilmişdir. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi X3 iddia tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaхtı və yеri barədə cavabdеh Cavabdeh2 lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat vеrməmişdir. Məhkəmə оnun gəlməməsinin səbəbini üzrsüz sayaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbini rəhbər tutaraq məhkəmə iclasının оnun iştirakı оlmadan keçirilməsini və işə mahiyyəti üzrə baхılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqavilələrindən görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1xx/xx/52926/13 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ona illik 26 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 1000 manat, xx.xx.2013-cü il tarixli 1xx/xx/53078/13 nömrəli kredit müqaviləsinə əsasən isə illik 24 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 4500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2013-ci il tarixli 1xx/xx/52926/13 nömrəli və xx.xx.2013-cü il tarixli 1xx/xx/53078/13 nömrəli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ona zamin olmuş və borcun ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə öhdəlik götürmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2017-cı il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Lənkəran rayonu Kərgəlan kənd İƏD üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh1 vərəsələri Cavabdeh2 və X2 mərhumun mülkiyyətində olmuş evdə qeydiyyatda olmaqla yaşayırlar. İş materiallarından görünür ki, öhdəliklər tərəflər arasında bağlanmış müqavilələrdən əmələ gəlmiş və cavabdehlər üzərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Qeyd olunan hüquq normalarının tələblərinə görə məhkəmə hesab edir ki Cavabdeh2 xx.xx.2013-ci il tarixli 1xx/xx/52926/13 nömrəli və xx.xx.2013-cü il tarixli 1xx/xx/53078/13 nömrəli kredit müqavilələri üzrə Cavabdeh1 zamini kimi onun iddiaçı qarşısında mövcud olmuş öhdəliklərinə görə cavabdeh olduğundan həmin şəxsin vəfatından sonra o, qeyd olunan öhdəliklərin icrası üçün bilavasitə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsainə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 4091/1/4 nömrəli zaminlik müqavilələrindən görünür ki, zamin əsas borclu tərəfindən kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam həcmdə yerinə yetirənə qədər bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Buna görə də zaminin zaminliyinə xitam verilməsinə dair vəsatət təmin edilə bilməz. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, iş üzrə icraata Cavabdeh1 ilə bağlı hissədə xitam verildiyindən, Cavabdeh2 isə xx.xx.2013-ci il tarixli 1xx/xx/52926/13 nömrəli və xx.xx.2013-cü il tarixli 1xx/xx/53078/13 nömrəli kredit müqavilələri üzrə öhdəliklərə görə iddiaçının qarşısında Cavabdeh1 ilə eyni həcmdə maddi məsuliyyət daşıdığına görə həmin kredit müqavilələri üzrə yaranmış borc Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrasından sonra hazırda iddiaçıya ödənilməmiş əsas borcları qismində qalıq müvafiq olaraq 639.81 və 947.44 manat təşkil etməsi müəyyən olunmuşdur. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 6.1-ci bəndində qeyd olunur ki, bu fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Həmin Fərmanın 8.7-ci bəndində qeyd olunur ki, restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Həmin Fərmanın 8.9-cu bəndində qeyd olunur ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, peniya) silinməsi başa düşülür. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əsas məqsədi əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədilə, qlobal iqtisadi və maliyyə böhranınınölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərin artmasına və bu öhdəliklərin yerinə yeirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasının qarşısının alınmasına yönəlmişdir. Göründüyü kimi, qeyd olunan fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, müqavilə üzrə öhdəliklərin icra edilməməsi işin mübahisəsiz halını təşkil edir. Müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində iddiaçı maliyyə arayışına əsasən pul tələb etsə də, həmin borc pul məbləğinin maliyyə arayışında istinad edilən kimi deyil, müvafiq olaraq 639.81 və 947.44 manat məbləğdə təşkil etməsi barədə problemli kreditlərin kompensasiyası ilə bağlı internet portalında yerləşdirilmişdir. Bu isə onu deməyə əsas verir ki, internet portalında ümumi borc məbləği üzrə yekun məbləğ yerləşdirildiyindən, maliyyə arayışında tələb edilən məbləğ deyil, internet portalında göstərilən məbləğ əsas götürülməlidir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh2 xx.xx.2013-ci il tarixli 1xx/xx/52926/13 nömrəli kredit müqaviləsi üzrə müvafiq olaraq 639.81 manat və 947.44 manat, cəmi 1587.25 manat əsas borc məblğləri tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu öğdəmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 14.61 manatdan ibarət hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 15.39 manatdan ibarət hissəsi isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2013-ci il tarixli 1xx/xx/52926/13 nömrəli kredit müqaviləsi üzrə 639.81 manat əsas borc, 1xx/xx/53078/13 nömrəli kredit müqaviləsi üzrə 947.44 manat əsas borc və dövlət rüsumunun 14.61 manatdan ibarət hissəsi - cəmi 1601.86 manat tutularaq iddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB-nın xeyrinə ödənilsin. İddia tələbi digər hissələrdə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15.39 manatdan ibarət hissəsi iddiaçıya aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №2(049)-3432/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3432/2023
19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver