Məhkəmə qərarları › İş №2(049)-3433/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3433/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3433/2023 19.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X8 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 və cavabdeh X2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X5 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair mülki işə 19 oktyabr 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)-1322/2020 saylı qərardadı ilə cavabdehlərdən Cavabdeh1 xx.xx.2019-cu il tarixdə vəfat etdiyindən onun hüquqi vərəsəsi müəyyən edilənədək iş üzrə icraat dayandırlmışdır. Həmin mülki iş bu ilə qalıq qaldığından ona 2(049)-3433/2023 nömrəsi verilmişdir. İddiaçı ASC-i mərhumun vərəsələrinin müəyyən olunması üçün notariat ofisinə müraciət etməmiş, mülki iş qalıq olaraq ildən ilə keçir. Bunun qarşısını almaq məqsədilə məhkəmə hesab edir ki, iş üzrə icraat təzələnmiş və mərhumun vərəsələrinin müəyyən olunması üçün notariat ofisinə və yerli icra nümayəndəliyinə müvafiq sorğular verimişdir. Lənkəran rayon 1 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli cavabından məlum olmuşdur ki, Cavabdeh1 vərəsəsi X5 mirası qəbul etmişdir. İddiaçının nümayəndəsi X6 məhkəməyə ərizə verərəık cavabdeh mərhum Cavabdeh1 vərəsəsi X5 ilə əvəz edilməsini xahiş etmişdir. Buna görə də, Cavabdeh1 onun vərəsəsi X5 ilə əvəz olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1393/3 saylı Kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 32% ödənilmək şərti ilə 2350 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq digər cavadeh Cavabdeh2 ilə həmin tarixdə 1393/3/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Kredit müqaviləsinə əsasən cavadeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faziləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin banka ödənilməmiş 2350 manat əsas borc, 722.02 manat faiz, 1777.73 manat cərimə, 346.18 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 346.18 manat, cəmi 4195.93 manat məbləğində borcu mövcuddur. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Sadalananları nəzərə alaraq cavabdehlərdən 2350 manat əsas borc, 722.02 manat faiz, 1777.73 manat cərimə, 346.18 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan borc olmaqla cəmi 4195.93 manat borcun, eləcə də ödədikləri 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraata Cavabdeh1 ilə bağlı hissədə xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 iddianı müdaifə etdiyini və təmin olunmasıyla bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin X5 bildirmişdir ki, o, mərhum əri olan Cavabdeh1 vərəsəsidir. O, iddianı qismən qəbul edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehX2 nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli,1393/3 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 illik 32 faiz dərəcəsi ilə, 24 ay müddətinə 2350 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 1393/3/1 saylı zaminlik müqaviləsində görünür ki, Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ona zamin durmuş və borcun ödənilməsi üçün bank qarşısında bocalanla birlikdə öhdəlik götürmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 17 avqust 2020-cu il tarixli qərardadından görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair iş üzrə icraat Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair iş üzrə icraat təzələnmişdir. Lənkəran rayon 1 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 1563 saylı arayışından görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X1 qalmış miras arvadı X5 tərəfindən qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, öhdəliklər tərəflər arasında bağlanmış müqavilələrdən əmələ gəlmiş və cavabdehlər götürdükləri öhdəlikləri lazımınca icra etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Qeyd olunan hüquq normalarının tələblərinə görə məhkəmə hesab edir ki həm Cavabdeh1 arvadı X5 vərəsə kimi mirası qəbul etdiyindən, həm də Cavabdeh2 zamin kimi kredit müqaviləsi üzrə iddiaçının qarşısında mövcud olmuş öhdəliklərinə görə digər cavabdehin vəfatından sonra da cavabdeh olduğundan, həmin öhdəliklərin icrası üçün hər iki şəxs bilavasitə maddi məsuliyyət daşıyırlar. Həmin əsaslara görə, məhkəmə qərara gəlir ki, iş üzrə icraata Cavabdeh1 arvadı X5 cavabdehin vərəsəsi olduğu, Cavabdeh2 isə xx.xx.2015-ci il tarixli, 1393/3 saylı Kredit müqaviləsi üzrə öhdəliklərə görə iddiaçının qarşısında Cavabdeh1 ilə eyni həcmdə maddi məsuliyyət daşıdığına görə kredit müqaviləsi üzrə 2350 manat əsas borc, 722.02 manat faiz, 1777.73 manat cərimə, 346.18 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan borcları yaranmışdır. Lakin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrasından sonra hazırda iddiaçıya ödənilməmiş əsas borcları qismində qalıq 2350 manat təşkil etməsi müəyyən olunmuşdur. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 6.1-ci bəndində qeyd olunur ki, bu fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Həmin Fərmanın 8.7-ci bəndində qeyd olunur ki, restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Həmin Fərmanın 8.9-cu bəndində qeyd olunur ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, peniya) silinməsi başa düşülür. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əsas məqsədi əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədilə, qlobal iqtisadi və maliyyə böhranınınölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərin artmasına və bu öhdəliklərin yerinə yeirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasının qarşısının alınmasına yönəlmişdir. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlərin müqavilə üzrə öhdəliklərinin icra edilməməsi işin mübahisəsiz halını təşkil edir. Müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində iddiaçı maliyyə arayışına əsasən pul tələb etsə də, həmin borc pul məbləğinin maliyyə arayışında istinad edilən kimi deyil, 2350 manat məbləğdə təşkil etməsi barədə problemli kreditlərin kompensasiyası ilə bağlı internet portalında yerləşdirilmişdir. Bu isə onu deməyə əsas verir ki, internet portalında ümumi borc məbləği üzrə yekun məbləğ yerləşdirildiyindən, maliyyə arayışında tələb edilən məbləğ deyil, internet portalında göstərilən məbləğ əsas götürülməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsainə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 1393/3/1 saylı zaminlik müqavilələrindən görünür ki, zamin əsas borclu tərəfindən kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam həcmdə yerinə yetirənə qədər bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Buna görə də zamininzaminliyinə xitam verilməsinə dair vəsatət təmin edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 2350 manat pul alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu öğdəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 16.50 manatı iddiaçıya, 13.50 manatı cavabdehlərə aid edilməli və sonunculardan müştərək qaydada 14.61 manat məbləğində pul alınaraq, iddiaçıya verilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1393/3 saylı Kredit müqaviləsinə əsasən 2350 manat borc müştərək qaydada cavabdehlər X5 və Cavabdeh2 tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 16.50 manatı iddiaçıya, 13.50 manatı cavabdehlərə aid edilsin və sonunculardan müştərək qaydada 13.50 manat məbləğində pul alınaraq, iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməlsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 01 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar