Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-348/2023 08.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, iddiaçı: İddiaçı, iddiaçının nümayəndəsi və vəkili: Mingəçevir Şəhər Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil, cavabdeh: X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 borc olaraq hissə- hissə aldığı cəmi 3750 manat pulun, mənəvi zərərin əvəzi olaraq 10.000 manat pulun və ödədiyi 59 manat dövlət rüsumu cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ki, iddiaçı İsmayıllı şəhərində M.F.Axundov küçəsi ev 44-B-də yaşayır və İsmayıllı şəhəri 4 saylı tam orta məktəbdə işləyir. Cavabdeh ilə 2022-ci ilin aprel ayında qiyabi. 15 may 2022-ci ildə isə mənim iş yerində əyani tanış olmuşlar. Belə ki, onun iş yerini özü ona demiş. Tanışlıqdan sonra Cavabdeh özü barədə ona danışaraq həyat yoldaşı rəhmətə getdiyi üçün ona evlənmək təklif etmişdir. Onun birinci nikahdan əkiz qız övladı var, onların əvvəlcə şəkillərini sonra isə özlərini ona göstərmişdir. O, da bir müddət fikirləşəndən sonra həyat yoldaşından boşandığına görə evliliyə razılaşmışdır. Bu razılıqdan sonra 28 may 2022-ci il tarixdə cavabdehin bacısı Alidə Bakı şəhərində öz evlərində evlilik münasibətilə barmağına üzük taxmışlar. Bu nişan üzüyünə qədər Cavabdeh ondan bir neçə dəfə borc pul almışdır. Belə ki, ilk dəfə qiyabi tanışlıq vaxtı, yəni 10 may 2022-ci il tarixdə cavabdeh istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonla ona zəng edərək demişdir ki, “Qaradağ rayonuna iş dalınca gəlmişəm, bacısı oğlu Surac avtoqəza edib, avtomobildə mən və uşaqlarım, bacım Alidə və Suracın ailəsi də var, vəziyyətləri ağırdır, xəstəxanada reanimasiyaya yerləşdiriblər. Bacım oğlu Kənanın mobil nömrəsini sənə verirəm zəng et, uşaqların vəziyyətini soruş, həm də maddi imkanım indi zəifdir, “Unibank’Tn “Albalı” pul kartını çəkib sənin telefonuna atıram, xəstəxana xərclərini ödəmək üçün karta borc 500 manat pul köçür, qısa müddətdə qaytaracam”. O, da cavabdehin verdiyi mobil nömrə ilə bacısı oğlu Kənanla danışmış, o da hadisəni təsdiq etmişdir. O, da inanaraq və etibar edərək cavabdehin atdığı “albalı” pul kartına özünə məxsus “Kapitalbank” birbank kartı ilə 500 manat köçürdüm. İkinci dəfə, əyani tanışlıqdan sonra 18 may 2022-ci ildə cavabdeh mobil nömrəsinə zəng edərək bildirmişdir ki, “Əvvəllər münasibətdə olduğu, hazırda isə heç bir münasibəti olmadığı Mehriban adlı bir qadının qardaşı ilə aralarında mübahisə olmuş və mübahisə nəticəsində onu vurmuş, həmin şəxs isə DİN-nin 102 xidmətinə zəng edib ondan şikayət etmişdir. Ona görə də məsələni həll etmək üçün ona 150 manat lazımdır. 150 manat pul kartına borc köçür, 10 mayda aldığı 500 manatla birgə, cəmi 650 manatı tezliklə qaytaracaq. O, da yenə də ona inanın telefonunun vatsapına pul kartı çəkib atmış və dedi ki, pulu bu karta yüklə. O, da özünə məxsus “Kapitalbank”ın birbank kartı ilə 150 manat pulu karta yükləmişdir. Üçüncü dəfə, Cavabdeh 22 may 2022-ci ildə ona zəng edərək demişdir ki, “Lənkəranda atamın yanındayam, atamın səhhəti yaxşı deyil, narahatdır, təcili ona alması dərmanlar var, üzüm də gəlmir deməyə, hələ səndən aldığım 650 manat borcu qaytara bilməmişəm, səndən də başqa borc istəməyə, söz deməyə yerim yoxdur. Pul kartı atım vatsapına, dərmanlar təxminən 300 (üç yüz) manat edir, kartıma 300 manat borc köçür, Bakıya evimizə qayıdan kimi, alacağım var, borc verdiyin 650 manatı və 300 manatı bir yerdə 950 manat pulu mütləq gətirib İsmayıllıda sənə nəqd qaytaracam”. O, yenə də atasının xəstəliyini və gələcək evliliyi nəzərə alıb inanaraq vatsapa göndərdiyi “Unibank” “Albalı” kartına 300 manat köçürmüşdür. Dördüncü dəfə, 26 may 2022-ci ildə Cavabdeh bacısı oğlu Suracla birgə İsmayıllıya gələrək Mərkəzi Şəhər Xəstəxanasının qarşısında ondan 150 manat nağd borc pul almışdır. Pulu ona idarə etdiyi xarici markalı avtomobildə vermişdir. Dedi ki, pul sürdüyü avtomobilin təmiri üçün lazımdır, Bakıya qayıdanda yolda qalmayım. O, da bacısı oğlunun yanında 150 manat pul vermişdir. Beşinci dəfə, 28 may 2022-ci ildə cavabdehin Bakı şəhərində bacısı ilə birgə yaşadığı evə barmağına nişan üzüyü taxmaq məqsədilə gedərkən, yolda ona demişdir ki, təcili 400 manat pul lazımdır, lakin deməmişdir nə üçün, fikirləşmişdir ki, onlara getməyilə əlaqədar nə üçünsə lazımdır. Pul kartını ona verib bankomatdan çıxart götür demişdir, Cavabdeh onun və bacısı oğlu Kənanın yanında 'Nərimanov metrosunun içərisindəki bankomatdan saat 10:50-də kartı vasitəsilə 400 manat çıxararaq götürmüşdür və demişdir ki, qısa müddətdə bütün borcumu qaytaracaq. Altıncı dəfə, 30 may 2022-ci ildə cavabdeh demişdir ki, “qəza törətdiyim avtomobilin sahibi olan şirkət avtomobilə dəymiş ziyana görə məndən 5000 manat pul tələb edir, ödəməliyəm, yenə səndən başqa heç kimə ümidim yoxdur, onsuz da sənə pul borcum var, qaytara bilməmişəm, Lənkəranda satılası avtomobilim var, onu satıb sənin bütün borcunu qaytaracam, mənə kömək elə”. O, demişdir ki, həmin məbləğdə pul yoxdur. O isə demişdir ki, “gör kimdən tapa bilirsən”. O, onun yanındaca yaxın münasibəti olduğu, tanıdığı bir xanıma telefonla zəng vurmuş və telefon danışığını mikrofona qoymuşdur ki, söhbəti səsli olsun, Xalid də eşitsin. O, həmin xanıma 5000 manata qədər təcili borc pul lazım olduğunu demiş və xahiş etmişdir ki, kömək etsin. O, isə demişdir ki, 5000 manatı yoxdur, amma 1500 manat borc verə bilər, o, da razılaşmışdır. Həmin xanım onun pul kartına 1500 manat yükləmiş, o, da 1500 manatı öz kartndan Cavabdeh bacısı Alidə Şahbazlın “Kapitalbank” pul kartına köçürmüşdür. Yeddinci dəfə, 01 iyun 2022-ci ildə biz Qobustanda ailəvi istirahətdən Şamaxıdan İsmayıllıya evə qayıdarkən cavabdeh idarə etdiyi avtomobildə bacısı oğlu Suracın yanında ondan 50 manat borc istəmiş ki, “Bakıya qayıtmağa pulum yoxdur, qaytaracam,” o, da vermişdir. Səkkizinci dəfə, 03 iyun 2022-ci ildə Cavabdeh ona zəng vurub demişdir ki, “Azad adlı bir nəfərlə iş görürəm, materialım çatmır, mənə təcili 400 manat göndər ki, işi yekunlaşdırıb təhvil verim. Həmin adam gördüyüm işə görə mənə xeyli pul verəcək, onu alıb sənin bütün borclarını qaytaracam”. O, yenə də cavabdehin bacısı Alidə Şahbazlının “Kapitalbank” pul kartına İsmayıllıda “MilliÖn” ödəmə sistemi ilə 200 manat borc pul köçürdüm. Doqquzuncu dəfə, 06 iyun 2022-ci ildə Cavabdeh ona məlumat vermədən, İsmayıllıya gələrək anası Cəmilə Ağayevanın iş yerinə getmiş, onunla görüşmüş, özünü təqdim etmiş və anasına demişdir ki, “Siz də bir ana kimi xeyir-dua verin, yaxın vaxtlarda qızınız Şəbnəmlə mənim, rəsmi evliliyimiz olacaq”. 15-20 dəqiqə söhbətdən sonra o, onun iş yerinə gəlmiş və anası ilə görüşməyini və onunla olan söhbətini danışmışdır. Onun yanından ayrılıb gedəndən 1 saat sonra ona zəng edib demişdir ki, “Şamaxıda avtoqəza törətmişəm, yol polisi də gəlib, yaralı var, onu Bakıya xəstəxanaya çatdırmalıyam, mənə təcili 500 manat pul lazımdır, buranı həll edim qaytaracam” Danışandan soma bacısı oğlu Suracın mobil telefonu ilə onun vatsapına “Kapitalbank”ın Umico pul kartını göndərmişdir. O, da həmin karta həmin vaxt 500 manat pul köçürmüşdür. 08 iyun 2022-ci ildə səhər mobil telefonuna tanımadığı bir qadın zəng edərək demişdir ki, “mənim adım Mehribandır, mən Xalidin sevgilisiyəm, biz birgə yaşayırıq, sənin telefon nömrəni Xalidin telefonundan götürmüşəm, səninlə onun əlaqəsindən xəbərim var, Xalid səni aldadır”. Qadının zəngindən sonra Cavabdeh zəng etmiş və qadının telefonda dediklərini Xalidə danışmış, Xalid isə yalan olduğunu desə də, o, artıq Xalidə inanmamış və hiss etmişdir ki, Mehriban düz danışır, dedikləri düzdür. Mobil telefonla eyni vaxtda Mehribana, digər telefonla Xalidə zəng etmiş, hər ikisi telefonunun zəngini açmış, o, Mehribanla olan danışığını mikrofona səsliyə qoyduğuna görə, söhbəti Xalid də eşitmişdir. Bildirmişdir ki, “bu gündən Xalid üçün yoxam, onunla əlaqələrimi kəsirəm, onun mənə bütövlükdə 3750 manat pul borcu var, hissə-hissə alıb, qaytaracağam deyib, qaytarmayıb, həmin borc verdiyim pulları qısa müddətdə ondan geri alacam.” Mehriban xanım da telefonda bildirmişdir ki, “Xalidin mənə də 10000 manat borcu var, ona görə də o. məndən ayrıla bilməz”. O, isə təkrarlamışdır ki, “Xaliddən qurtardım.” Mehriban xanım bilməmişdir ki, ikinci telefonu vasitəsi ilə Xalid danışığımızı eşitmişdir. Elə həmin gün o, Cavabdeh vatsapla mesaj göndərərək təcili pullarını tələb etmiş, o da mesajla cavab vermişdir ki, iyunun 16-da bütün aldığı borc pulu qaytaracaq. Lakin borc verdiyi 3750 manatı qaytarmamışdır. O, yenidən cavabdehə zəng etmiş, demişdir ki, “iyul ayında alacaqlarım var, narahat olma qaytaracam”. Hər dəfə ona zəng edəndə demişdir ki, qaytaracaq. Sonuncu dəfə cavabdehə sentyabr ayının axırlarında zəng etmişdir ki, borc verdiyi pullarını qaytar, yoxsa şikayət edəcək. Cavabdeh bildirmişdir ki, “bu axırıncı müddətdir ki sənə söz verirəm - 10 oktyabrda pullarını mütləq qaytaracam” lakin yenə qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərdiklərini təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasına iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 da iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 izahatında iddianı qəbul etdiyini, iddiaçıya 3750 manat borcu olduğunu, həmin borcu qaytaracağını, lakin mənəvi ziyan hissəsini qəbul etmədiyini bildirmişdir. Cavabdeh izahatında göstərdiklərini yazılı şəkildə də məhkəməyə təqdim etmiş və ərizə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılmış bank sənədlərindən çıxarışlardan görünür ki, İddiaçı məxsus kartdan (hesabdan) Vüqar Piriyev, Məhəmməd Mirzəliyev, Alidə Şahbazlıya aid hesablara pullar köçürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılmış vatsap sosial şəbəkəsinə aid çıxarışlardan görünür ki, iddiaçı ilə cavabdeh arasında borc münasibətlərinə dair söhbət olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılmış ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 59 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfləri dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MM-nin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçının və cavabdehin izahatından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdeh iddiaçıdan 3750 manat pulu bir neçə dəfəyə olmaqla borc olaraq almış, qeyd olunan məbləğ iddiaçı tərəfindən cavabdehə dolayı və birbaşa olmaqla verilsə də, cavabdeh borc kimi aldığı pulu qaytarmayaraq öhdəliyin icrasından boyun qaçırmışdır. Məhkəmə, sübutlara qiymət verərkən ilk olaraq sübutun mötəbərliyini və işin həlli üçün əsaslılığını müəyyən etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2021-ci il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, “mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan qərarlarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, hazırkı iş üzrə təqdim edilmiş sübut, yəni telefon yazışmaları mötəbərlilik kriteriyasına cavab verməklə, iddia tələbini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhz buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən telefon danışına dair çıxarış, işin halları ilə təsdiq olunduğuna görə sübut kimi qəbul edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, göstərilən normalara əsasən, habelə məhkəmə iclasında dindirilmiş tərəfləri, araşdırılmış sübutları, eləcə də cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddianın təmin edilməsi qanunvericilik baxımından da əsaslıdır. Həmçinin, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “03” noyabr 2008-ci il tarixli, 7 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə hazırkı iş üzrə təzminat kimi tələb edilmiş pul məbləğinin miqdarını nəzərə alaraq qeyd edir ki, ödənilməli olan zərərin məbləği düzgün balansın əldə edilibedilmədiyini qiymətləndirərkən nəzərə alınmalı olan amildir. Dəymiş ziyanın ödənilməsi ziyan dəymiş nüfuza, habelə, cavabdehin gəlirlərinə münasibətdə ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Həmçinin təyin ediləcək pul məbləği elə miqdarda olmalıdır ki, bu gələcəkdə qətnamənin icrasını çətinləşdirməməklə yanaşı, iddiaçının əsassız olaraq varlanması ilə də nəticələnməsin. Eyni zamanda, məhkəmə tərəflər arasında sevgi münasibətlərinin olmasını, cavabdehİN iddiaçı ilə ailə qurmağa vəd verdiyi üçün iddiaçının hər dəfə inanaraq borca pul verməsini də nəzərə alır. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi xidmət dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3750 manat borc pul, mənəvi ziyana görə 1500 manat pul, dövlət rüsumu kimi ödənilmiş 59 manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-348/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-348/2023
08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver