Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3515/2024 20.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, iddiaçı: İddiaçı, cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci l tarixdə Zakir adlı şəxslə tanış olmuş, vəkil adı ilə onu aldatmışdır. Belə ki, iddiaçı öz atasının evindən pay istəmiş bu işlərin aparılması üçün cavabdeh öz üzərinə götürərək ondan 1000 manat pul almışdır. O, buna söz versə də, heç bir köməklik etməmişdir. Bununla bağlı iddiaçı prokurorluğa müraciət etmişdir. Cavabdeh ona 700 manat qaytarcağını təklif etmiş, o, isə razılaşmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərdiklərini təsdiq etdiyini bildirib, əlavə olaraq qeyd etdi ki, cavabdehə pulu anası vermişdir, cavabdeh isə onlara atasının evinə köçməyi təmin edəcəyini bildirmişdir. Bu işlə bağlı məhkəmə qətnaməsi çıxarılmış və onların həmin evə köçürülməsi qət edilmişdir. Lakin qətnamə icra edilməmişdir. Belə ki, onlar icra məmuru ilə həmin evə gedərkən bibiləri onları evə buraxmamışdır. Hesab edir ki, cavabdeh onları evə köçürmək üçün aldığı pulu qaytarmalıdır, çünki onlar həmin evə köçə bilməmişdir. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, qanunvericilikdə nümayəndə institutu qüvvədə olan zaman o, müqavilə bağlayaraq iddiaçının anasını məhkəmədə təmsil etməyi və digər zəruri hüquqi prosedurları icra etməyi razılaşmışdır. Bu işlə bağlı o, dəfələrlə Bakı şəhərinə getmiş və nəhayət Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi onların xeyrinə qətnamə qəbul etmişdir. Bundan sonra isə səhv xatırlamırsa icra ilə bağlı da iddiaçının anasına hüquqi məsləhətlər vermişdir. O, iddiaçıdan heç bir pul almamış, iddiaçının anasından pul almış və bu pulun müqabilində də hüquqi xidmət göstərmişdir. Göstərilənlərə əsasən, rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2018-ci il tarixli,005-45354 nömrəli Azərbayacan Respublikaının Daxili İşlər Nazirliyinin Bakı İstintaq və Təhqiqat İdarəsinin məktubundan görünür ki, İddiaçı şikayəti ilə bağlı cinayət işinin başlanılması rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli, 2(010)-4792/2017 saylı qətnaməsindən görünür ki, Qurbanova (Ələkbərova) Xədicə Əziziağa qızı və İddiaçı Bakı şəhəri Suraxanı rayonu.Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, dalan 7,10 saylı evin X1 mülkiyyətndə olan ½ hissəsinə köçürülməsi qət etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2024-cü il tarixli, nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 31 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iş üzrə tərəfləri dinlədikdən və əlavə edilmiş sənədləri araşdırdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında cavabdehə iddiaçı tərəfindən hər hansı məbləğdə pul verilməsini təsdiq edən sübut müəyyən edilməmiş, habelə iddiaçı tərəfindən belə sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, həm iddiaçı, həm də cavabdehin izahatlarından aydın olur ki, cavabdehə iddiaçının anası tərəfindən hüquqi xidmət göstərilməsi üçün pul verilmişdir. Cavabdehin iddiaçıya və onun iddiaçının anasına hüquqi xidmət göstərməsi Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli, 2(010)-4792/2017 saylı qətnaməsi ilə də təsdiq edilir. Belə ki, həmin qətnamənin giriş hissəsində iştirak edən şəxslər arasında Cavabdeh da nümayəndə qismində iştirak etməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, belə olan halda qətnamənin icra edilməməsinə görə cavabdehdən pul tələb edilməsi isə əsassız olmaqla yanaşı, heç bir qanuni əsası olmayan haldır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Həmin Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən tələb etdiyi pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı cavabdehdən 1000 manat məbləğində pul vəsaitinin ona qaytarılmasını tələb etsə də, o bu tələbini məhkəmə araşdırması zamanı hər hansı bir mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Belə ki, məhkəmə baxışında müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının anasını məhkəmədə təmsil etməyi və digər zəruri hüquqi prosedurları icra etməyi razılaşmışdır. Bu işlə bağlı cavabdeh məhkəmə iclasında iştirak etmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi iddiaçıının xeyrinə qətnamə qəbul etmişdir. Bundan sonra qətnamə digər səbəblərdən – iddiaçının deməsinə görə bibilərinin mane olmasına görə- icra edilməmişdir. Məhkəmə, MPM-nin 77.3-cü maddəsinə müvafiq qaydada zəruri əlavə sübutların təqdim edilməsini iddiaçı tərəfə təklif etsə də, onun tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-3515/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3515/2024
20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver