Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3556/2022 30.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X7, iddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı məhkəmə tərəfindən təyin edilmiş aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəmə tərəfindən təyin edilmiş aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 12 iyul 2016-cı il tarixli, 2(049)-6399/2016 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin məbləğini artırmaqla xx.xx.2013-cü il tarixdə doğulmuş X10 və xx.xx.2015-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 200 manat, ümumilikdə 400 manat məbləğində sabit pul məbləğində alimentin müəyyən edilməsi və cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsi iddia tələbini onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-6399/2016 saylı, 12 iyul 2016-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuş və birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X17 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşma çatanadək saxlanması üçün hər bir uşaq üçün ayda 117 manat olmaqla cəmi 234 manat aliment məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Lakin alimentin sabit pul məbləğində bir uşaq üçün 117 manat müəyyən edilməsi uşaqların xərclərini ödəməyə kifayət etmir. Cavabdehin isə qazancı yüksəkdir. Lənkəran Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği hazırki şəraitdə uşaqların heç bir tələbatının ödənilməsinə yetmir və bu vəsait hesabına uşaqların sağlamlığının qayğısına qalmaq və zəruri xərcləri ödəmək mümkün deyildir. Uşaqların hər dəfə müayinəsi, müalicəsi üçün dərmanların alınmasına və digər xərclərinə maddi vəsait lazım olur. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərməməklə yanaşı onların əlavə xərclərində də iştirak etmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq eyni zamanda onların maddi tələbatlarını lazımi səviyyədə ödəmək qadın olaraq iddiaçı üçün çox çətindir. Hal-hazırda uşaqlar X2 şəhər xarici dillər təmayüllü internat tipli gimnaziyanın İV sinfində və imanverdizadə Aylin Şaiq qızı isə İİ sinfində təhsil alır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, Lənkəran Rayon Məhkəməsinin 12 iyul 2016-cı il tarixli, 2(049)-6399/2016 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin məbləği xx.xx.2013-cü il tarixdə doğulmuş X10 və xx.xx.2015-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 117 manat aliment müəyyən edilmişdir. Lakin hazırda uşaqların xərci həmin məbləğ ilə qarşılanmır, uşaqların saxlanılmasında atası ona kömək edir, cavabdeh öz qohumu ilə evlənmiş və həmin nikahdan bir uşağı da var. Cavabdeh alimenti hər ay ödəsə də, öz uşaqları ilə maraqlanmır, bu müddət ərzində bir dəfə də uşaqlarını görməmişdir. Uşaqların məktəbə getməsi, taksi pulu və xərcləri 200-300 manat edir ki, bu məbləği də alimentlə qarşılamaq mümkün deyil. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək hazırda evləndiyini və bir uşağının doğulduğunu bildirib işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran Rayon Qeydiyyat Şöbəsinin 2976 və 2977 nörəli arayışlarından görünür ki, xx.xx.2013-cü il tarixdə doğulmuş X10 və xx.xx.2015-ci il tarixdə doğulmuş X6 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 09 sentyabr 2016-cə il tarixli, 2(049)-4776/2016 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuşdur. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Şirvan Apellyasiya Məhkəməsinin 12 dekabr 2016-cı il tarixli icra vərəqsindən aydın olur ki, Lənkəran Rayon Məhkəməsinin 12 iyul 2016-cı il tarixli, 2(049)-6399 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2013-cü il tarixdə doğulmuş X10 və xx.xx.2015-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 117 manat olmaqla cəmi 234 manat aliment tutulması müəyyən edilmişdir İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Lənkəran Şəhər Xarici dillər təmayüllü internat tipli gimnaziyanın xx.xx.2022-ci il tarixli, 101 nömrəli arayışından görünür ki, X17 İV, X11 İİ sinifdə oxuyur. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2022-ci il tarixli, 00901 nömrəli arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış AZ-İV 472501 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh X3 xx.xx.2020-ci il tarixdə X13 doğulmuşdur. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış AZ-İİ 388411 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X1 rayonu, Havzava İƏD nümayəndiliyində nikaha daxil olmuş və nikah xx.xx.2020-ci il tarixdə 02 nömrəsi ilə qeydə alınmışdır. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsi üzrə əmək haqqı almır, gəliri müəyyən edilməmişdir. Məhkəmə, tərəflərin izahatlarını, habelə mülki işə əlavə edilmiş sənədləri araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, tərəflər arasında nikah pozulduqdan sonra aliment müəyyən edilmişdir. İddiaçının izahatından da aydın olur ki, cavabdeh hər ay mütəmadi olaraq alimenti ödəyir. Cavabdeh hazırda evlənmiş və bir uşağı doğulmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşağlarını saxlamadıqda uşağlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşağların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, ötən müddət ərzində iqtisadi fəallığın artması, yeni bazar qiymətlərinin müəyyən edilməsi, habelə yaşayış minimumunun da hər il müəyyən faiz məbləğində artırılması hazırda da məhkəməyə alimentin miqdarını artırmağa əsas verir. Məhkəmə hesab edir ki, alimentin artırılmasına məqsəd məhz iqtisadi dinamika ilə əlaqədar minimum dolanacaq xərcələrinin qarşılanmasıdır. Lakin göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, artırılacaq məbləğin eləcə də yekunda müəyyən ediləcək sabit alimentin miqdarı elə həddə müəyyən edilməlidir ki, həmin məbləğin cavabdeh tərəfindən ödənilməsinin fasiləsizliyi təmin edilsin, daimi əsaslarla ödənilməsi təmin edilsin, yetkinlik yaşına çatmayan uşaqların ən azından əvvəlki dövrdə olan xərclərinin qarşılanmasına xidmət etsin. Bu baxımdan məhkəmə cavabdehin heç bir yerdə işləməməsini, yenidən ailə qurmaqla azyaşlı uşağının doğulmasını da nəzərə alır. Eyni zamanda, iddiaçı tərəfindən alimentin artırılmasını bir növ təhsil xərcələri ilə əlaqədar olmuşdur (iddiaçı uşaqlarınən gimzaniyada oxuduğunu və buna görə xərclərinin artdığını bildirmişdir). İş materiallarından aydın olur ki, aliment təyin ediləcək uşaqlar 2 və 4-cü siniflərdə olmaqla ibtidai siniflərdə oxuyur. Məhkəmə iddiaçının iddia ərizəsini və məhkəmədə verdiyi izahatını müqayisə edərək hesab edir ki, iddiaçının iddiasının əsası kimi göstərdiyi hal, yəni uşaqlarının gimnaziyada təhsil alması nəticəsində yaranmış xərcin cavabdehdən tələb olunması əsassızdır. Buna görə iddianın həmin əsasla təmin edilməsi yol verilməzdir. Azərbaycan Respubliaksı Konstitusiya Məhkəməsinin Plenumun 27 yanvar 2015-ci il tarixi qərarında göstərilmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Qeyd olunanları, o cümlədən uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, həmçinin uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddələrində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndini rəhbər tutaraq 2022-ci il üçün yaşayış minimumu haqqında qanun layihəsində qeyd olunduğu kimi əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun (məbləği 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat) uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş subutlarla əsaslandırır. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-6399/2016 saylı, 12 iyul 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2013-cü il tarixdə doğulmuş X10 və xx.xx.2015-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 130 manat, ümumilikdə 260 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-3556/2022
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3556/2022
30.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver