Məhkəmə qərarları › İş №2(049)-357/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-357/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-357/2023 07.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 5.500(beş min beş yüz) manat pulun, eləcə də iddia qaldırarkən ödədiyi 75(yetmiş beş) manat dövlət rüsumunun, cəmi 5.625(beş min altı yüz yetmiş beş) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Lənkəran şəhəri, 4 saylı orta məktəbdə müəllimə işləyir. Yaşadığı evin təmiri ilə əlaqədar olaraq pula ehtiyac olduğundan ona məxsus olan qızıl-zinət əşyalarının bəzisini satmaq qərarına gəlmiş, bunu məktəbdə işləyən iş üzrə Cavabdeh ilə 2021-ci ilin axırlarında aralarında olan söhbət zamanı ona da bildirmişdir. Nərmin də maraqlanmış və ondan hissə-hissə olaraq müəyyən qızıl-zinət əşyalarını almışdır. Nərmin ilk vaxtlar pulunu da ödəmişdir. Onun etibarını qazandıqdan sonra yenə də qızıl-zinət əşyaları istəmiş və o da Nərminə ümumillikdə təqribən 6.840(altı min səkkiz yüz qırx) manat dəyərində müxtəlif qızıl-zinət əşyalarını satmışdır. Nərminlə aralarında razılaşmışlar ki, o hər ay borcundan 1500 manat ona qaytaracaqdır. Ancaq Nərmin vədinə əməl etməmiş və 2022-ci ilin yanvar ayının əvvəllərində həmin puldan 1000 manatını gətirib iş yerində ödəmişdir. Qalan 5.840 manat pulu isə müxtəlif bəhanələrlə ödəməkdən yayınmağa başlamışdır. O pulu dəfələrlə ondan tələb etməyə başlamış və cavabdehə pulunu ödəməsə, evinə gəlib ailə üzvlərinə bildirəcəyini demişdir. Bundan sorna Nərmin 2022-ci ilin iyun ayının əvvəlindən axırına kimi olan dövr ərzində hissə-hissə olmaqla cəmi 340 manat borcundan ödəmişdir. Qalan 5500 manat pulu isə dəfələrlə qaytarmasını cavabdehdən tələb etsə də Cavabdeh könüllü olaraq pulunu verməmiş və müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. Bununla belə o, dəfələrlə ona WHATSAPP ani mesajlaşma sistemi vasitəsi ilə səs ataraq əvvəl ayda 1000 manat, sonra 400 manat, daha sonra 300 manat verəcəyini bildirsə də, yenə də verməmişdir. Sonuncu dəfə Cavabdeh ilə WHATSAPP ani mesajlaşma sistemi vasitəsi ilə yazışaraq ona nə qədər borcu qaldığını və həmin pulun nə vaxt qaytarılacağını soruşduqda cavabdeh həmin sualına cavab olaraq ona 5.500 manat borcu qaldığını bildirərək borclu olduğunu bir daha etiraf etmişdir. Ancaq yenə də cavabdeh vədinə əməl etməmiş və ona olan borcunu qaytarmamışdır. Artıq cavabdehin pulunu qaytarmadığını görüb ilk olaraq qanunvericiliyin tələbinə görə ona mediasiya təklifi göndərir. Təklifinə cavab vermədikdən sonra sənədləri toplayaraq mediasiya təşkilatına müraciət etmiş və Cavabdeh ilkin mediasiya sesiasında iştirak etmədiyindən bu barədə ona müvafiq arayış təqdim edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edib, iddianın təmin edilməsinə heç bir etirazının olmadığını, iddianı eiraf etməsinin hüquqi nəticlərinin ona aydın olduğunu bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında qızıl-zinət əşyalarının nisyə alqı-satqısı ilə bağlı şifahi müqavilə bağlanmış, iddiaçı mülkiyyətində olan əşyaları cavabdehə satmağı, cavabdeh isə həmin əşyaların dəyərini olan 6.840 manatı hissə hissə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, mülkiyyətində olan qızıl zinət əşyalarını cavabdehin mülkiyyətinə vermişdir. Cavabdeh isə razılaşdırılmış ödəniş məblğindən 1000 manat və 340 manat olmaqla, ümumilikdə 1.340 manatını ödəmiş, qalan 5.500 manat pulu isə ödəməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 416-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan maddi hüquq normalarının tələbi baxımında məhkəm hesab edir ki, iddia əsaslıdır. Məhkəmə cavabdehin iddianı etiraf etməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 5.500 manat manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 75 manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 5.500(beş min beş yüz) manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 75(yetmiş beş) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar