Məhkəmə qərarları › İş №2(049)-3577/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3577/2023

25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3577/2023 25.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cənub MTK-nın təsisçisi Cavabdeh ona qayatrmalı olduğu 2500 (iki min beş yüz) manat və vurduğu mənəvi ziyana görə isə 5000 (beş min) manat pul vəsaitinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. İlk növbədə qeyd edilməlidir ki, İddiaçı iddia ərizəsində iddia tələbinin əsaslandığı hallara dair sübutların siyahısını göstərməmiş, eyni zamanda özünün və cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsini, VÖEN və digər məlumatları) qeyd etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Qeyd olunan prosessual hüquq normasının məzmunundan göründüyü kimi, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı fərqli məfhumlar olmaqla, onların hər birinin iddia ərizəsində ayrı-ayrııqda göstərilməsi ərizənin icraata qəbul edilməsi üçün vacib və zəruri şərtlərdəndir. İddiaçının istinad etdiyi sübutların siyahısı ərizənin məzmununda göstərilmədiyi təqdirdə, iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısının ərizənin sonunda göstərilməsi həmin ərizənin icraata qəbul edilməsi üçün yetərli deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə xx.xx.2021-ci il tarixli 363-VİQD nömrəli Qanuna əsasən edilmiş dəyişikliyə görə iddiaçının və ya ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı iddia ərizəsində göstərilməlidir (maddə 149.2.3). Bu tələb mülki prosessual hüquq normalarının ümumi prinsiplərinə uyğun olmaqla yanaşı, iş üzrə tələbə cavab verməli olan şəxsin ona qarşı yönələn tələbin hansı sübutlara əsaslandığını işin icraata qəbul edildiyi vaxtdan etibarən bilməsinə, bununla da özünün həmin tələbə qarşı yarana biləcək etiraz və vəsatətlərini qanunauyğun şəkildə sistemləşdirib məhkəməyə vaxtında təqdim etmək imkanlarına xidmət edir. Qeyd olunan prosessual hüquq normasında göstərilən tələb imperativ xarakterli olub, tərəflərin istinad etdikləri sübutları vaxtında məhkəməyə təqdim etməklə həm işdə iştirak edən şəxslər, həm də məhkəmələr tərəfindən prosessual qənaət prinsipinə riayət edilməsinə yönəldilmiş tədbirdir. Bu müddəa iddiaçının (ərizəçinin) sübutlar siyahısında göstərilməyən digər sübuta öz tələblərinin əsası kimi istinad etməsinin, bunun üçün əsaslar sonradan əmələ gəldiyi hallar istisna olmaqla, qarşısını alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbindən göründüyü kimi iddiaçı cavabdehdən ümumilikdə 7500 manat məbləğində pulun tutulmasını xahiş edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-8.1.2-ci maddələrinin tələblərinə görə, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Yuxarıda qeyd olunan qanunun tələbləri baxımından İddiaçı tərəfindən 95 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda cəmi 40 manat dövlət ödənilmişdir. MPM-nin 152.1.5-ci maddəsinə görə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iddia ərizəsinə cavabdehə təqdim edilməsindən ötrü iddia ərizəsinin surəti təqdim edilməmişdir. Halbuki MPM-nin 150.1.1-cu maddəsinə əsasən, cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən əsaslara görə hazırki vəziyyətdə iddia ərizəsinin icraata qəbul olunaraq mahiyyəti üzrə baxılması mümkün deyildir. Ona görə də iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa tam şəkildə riayət edilmədiyindən hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilir ki, qərardadın təsviri hissəsində göstərilənlər həmin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 40 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumu ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 149, 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Qəraraaldım: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar