Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-361/2023 23.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Canıyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(049)-1239/2021 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarını artırılmaqla ondan, yəni Cavabdeh 13 may 2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay uşaq üçün 250 manat olmaqla sabit pul məbləğində alimentin və Mediasiya Şurasına ödədiyi 50 manat pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1993-cü il tarixdə Lerik rayonu Tirkəband kəndində anadan olmuşdur. 2013-cü ildə qohumu Cavabdeh ilə ailə qurublar. Həmin ilin aprel ayının 07-də cavabdehin valideyinlərinə məxsus Lənkəran rayonu Haftoni kəndində olan evə gəlin köçüb. Valideyinləri tərəfindən ona verilən cehizləri iki otağa yerləşdirmişdir. Nikahlarını Lənkəran rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2015-ci il tarixdə X6 adlı uşaqları anadan olub. Uşaq hazırda sağ və salamat olmaqla onun himayəsindədir. 2013-cü il tarixdən 2017-ci ilin aprel ayına kimi onlar biryerdə ər-arvad kimi yaşamışlar. Cavabdehin onun anasının bibisi nəvəsi olsada, onların xasiyyətləri uyğun gəlmiyib, beləki, cavabdehin həyatında ayrı bir qadını olub. Bundan əlavə cavabdeh ilə yaşadıqları vaxtda həmişə mehriban yaşamışlar. Cavabdehin qardaş və bacısı həmişə ailələrinə qarışıblar. Dörd ildən çoxdur ki, onlar ayrı yaşayırlar, cavabdeh fərdi əməklə məşğul olsada öz uşağına könüllü yardım etmədiyinə görə o, Lənkəran rayon məhkəməsinə iddia vermişdir. xx.xx.2021-ci il tarixli Lənkəran rayon Məhkəməsinin qətnaməsi ilə xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində 130 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdehin maddi imkanı həddindən artıq çoxdur. Özü maddi cəhətdən əziyyət çəkir. Atasının imaknı ona və uşağa bağmağı üçünkifayət etmir. O, altı ilə yaxındır ki, uşağıyla birlikdə valideyinlərinin yanında qalır. Cavabdeh onun xahiş və tələblərinə əhəmiyyət verməyərək öz uşağının normal saxlamaq üçün heç bir köməklik etmirdi. Məhkəmənin qətnaməsindən sonra bir neçə dəfə 260, 440, 270, 390, 156, 144, 162 manat ödəmişdir. Görünürki, cavabdehin maddi imkanı var. Cavabdeh Rusiyada mevə-tərəvəz alveri ilə məşğuldur. Bu barədə foto şəkilləri işə əlavə etnişdir. Məhkəmə tərəfindən qəbul edilən qətnamədən artıq 1 il müddət keçmiş və hazırkı dövrə münasibətdə həmin məbləği uşağın saxlanması üçün real hesab etmək olmaz. Artıq qiymətlər həmin dövrə nisbətdə 3 dəfədən də çoxlmışdır. Ərzaqın qiyməti və geyimlərin qiyməti artmışdır. Eyni zamanda uşaq artıq böyüyüb, məktəblidir, ikinci-sinifdə təhsil alır və aylıq tələbatı artmışdır. Beləliklə uşağın saxlanması üçün hər ay 400 manat tələb olunur. O, təkbaşına həmin xərci ödəyə bilmir. Özü heç bir yerdə işləmir. Cavabdehin aylıq gəliri 1500-2000 manat təşkil edir. Cavabdehin bir valideyn kimi tələb olunan xərci ödəməkdən imtina edir. O, mediasiya prosesində iştirak etməmişdir. Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Daha sonra məhkəmə MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə bildirişi cavabdehin qeydiyyat ünvanı üzrə icra nümayəndəliyinə təqdim edilmiş, lakin sonuncu məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş AZ-İİİ № 545185 saylı Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 13 may 2015-ci il tarixdə Lənkəran rayonu, Haftoni qəsəbəsində doğulmuşdur. Atası Cavabdeh, anası isə X3r. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş AZ-İİ № 038185 saylı Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X5 01 may 2015-ci il tarixdə Lənkəran rayon qetdiyyat şöbəsində 331 sayla nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Fərəczadə, arvada Fərəczadə soyadı verilmişdir. İş materiallarına olan və məhkəmə iclasında elan edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1993-cü il tarixdə anadan olmuşdur. İş materiallarına olan və məhkəmə iclasında elan edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 13 may 2015-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 18 noyabr 2022-ci il tarixli, MŞL-01275 saylı İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 18 noyabr 2022-ci il tarixli, MŞL-01275 saylı İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat mediasiya xərci ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı 50 manat mediasiya xərci ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-1239/2021 saylı qətnaməsindən görünür ki, 13 may 2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 02 mart 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Lənkəran ŞİHB-nın Haftoni qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 yanvar 2023-cü il tarixli, 12-22/01 saylı arayışından görünür ki, X2 rayonu, Haftoni qəsəbəsində qeydiyyatdadır, lakin hal-hazırda həmin ünvanda yaşamır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il tarixdə doğulmuş X6 adlı övladı vardır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-1239/2021 saylı qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment təyin edilmişdir. İddiaçı təyin edilmiş alimentin məbləğinin hazırkı vaxtda aşağı olduğunu və alimentin məbləğinin artırılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir.Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır; Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi); Azərbaycan Respublikası Ailə Məcəlləsinin75.1-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə qeyd edir ki, qazancının olub-olmadığından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur. İddia tələbindən göründüyü kimi iddiaçı bir uşağın saxlanması üçün Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-1239/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 250 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçının aliment məbləğinin uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumu səviyyəsinə təyin olunması tələbinə dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ölkə üzrə təsdiq olunmuş “yaşayış minimumu”nun aliment münasibətlərində tətbiq edilməsi hüquqi məntiqə ziddir və ailə qanunvericiliyi və onun əsaslarını (mənbəyini) təşkil edən Ailə Məcəlləsinin 1.1-ci maddəsinin tələblərinin pozulmasına səbəb olar. Belə ki, həmin maddəyə əsasən Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. “Yaşayış minimumu haqqında” Qanun isə göründüyü kimi Ailə Məcəlləsinə uyğun olaraq qəbul edilməmiş, predmeti isə tam başqa münasibətlərdir. Ailə Məcəlləsinin təhlilindən aydın olur ki, uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı valideynlərin (tərəflərin) ailə, maddi vəziyyəti və diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla qazancın və (və ya) başqa gəlirlərinin uşaqların sayından asılı edilən pay nisbətilə tənzimlənmişdir. Bu Məcəllənin normalarında isə alimentin miqdarının yaşayış minimumu ilə əlaqədar təyin olunmasını əks etdirən hər hansı qayda müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, hazırda uşağa görə cavabdehdən tutulan alimentin miqdarı, ümumi anlamda ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə xeyli azdır və uşağın saxlanması üçün yetərli deyildir. Həmçinin uşaq da böyümüş və maddi tələbatları da artmışdır. Belə ki, MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin təyin edildiyi vaxtdan artıq 2 il müddət keçdiyindən iddiaçı ilə cavabdehin birgə nikahından olan uşağının böyüdükcə gündəlik tələbatının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti,diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericlik aktlarını hazırki işin materialları ilə qarşılıqlı şəkildə araşdırıb, tərəflərin təqdim etdiyi sübutlara məcmu halda qiymət verib uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi, hazırda X4 böyüdükcə hər il artan xərclərini nəzərə alaraq hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-1239/2021 saylı qətnaməsi ilə 13 may 2015-ci il tarixdə doğulmuş X1 üçün təyin edilmiş hər ay 130 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq tərəflərin birgə nikahından doğulmuş Fərid adlı uşağın yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya ödəməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən tutulacaq alimentin miqdarının 50 manat artırılması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 600 manat təşkil edir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 30 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən mediasiya prosesinə görə ödənilmiş 50 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)- 1239/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq 13 may 2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Mediasiya xidməti üçün ödənilmiş 50 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-361/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-361/2023
23.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver