Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3689/2023 20.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-3758/2021 saylı qətnaməsi ilə onunla cavabdehin birgə nikahından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşağa görə təyin olunan 90 manat, cəmi 2 uşağa görə təyin olunan 180 manat aliment məbləğinin artırılmaqla, Azərbaycan Respublikasında 2023-cü il üçün Yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq uşağın saxlanılması üçün hər bir uşağa görə 250 manat olmaqla, cəmi 500 manat aliment məbləğinin Cavabdeh tutularaq ona verilməsi və ilkin mediasiya sessiyasında iştirakı ilə əlaqədar olaraq ödədiyi 55 manat mediasiya xərcinin alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahından xx.xx.2019cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-3758/2021 saylı qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün bir uşağa görə 90 manat, iki uşağa görə cəmi 180 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdehin də təyin olunan aliment məbləğini heç bir yerdə işləməməsi və yaxud rəsmi gəlir yerinin olmaması səbəbindən ödəməmək kimi bir hüququ yoxdur və onu aliment öhdəliyindən azad etmir. Cavabdeh rəsmi olaraq Bəlləbur kənd orta məktəbində gözlətçi vəzifəsində işləməklə minimum əmək haqqı almasına baxmayaraq o, şəxsi təsərrüfatla da məşğul olmaqla 150-yə yaxın tam meyvə verən sitrus ağacı bəsləməklə həmin ağaclardan əldə olunmuş meyvələrin satışından gəlir əldə edir, şəxsi təsərrüfatında bir neçə iribuynuzlu heyvan, eləcə də 200-dən artıq satış üçün toyuq-cücə saxlayır. Hazırda onun istifadəsində real bazar dəyəri 30-40 min manat olan “Hyundai Santafe” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir (həmin avtomobil onun özünə məxsus olsa da anasının adına sənədləşdirmiş və avtomobili faktiki sahibi özü olmaqla etibarnamə üzrə idarə edir), bundan başqa iki mərtəbəli yeni tikilmiş evi də mövcuddur. Bütün bu sadalanan əmlakların əldə edilməsi üçün aylıq 345 manat maaşla əldə edilməsi mümkün olmadığından cavabdehin qeyri-rəsmi gəlirlərinin yüksək olması realdır və heç bir şübhə doğura bilməz. Cavabdehin isə gəlirlərində müsbət dəyişiklik olmaqla gəlirləri artmış, həmin gəlirlər cavabdeh tərəfindən mənbə gizlədildiyi üçün həmin gəlirlərin mənbəyi və məbləği barədə məlumat tərəfimdən məhkəmə təqdim edilməsi onun imkanı xaricindədir. Lakin, iddia ərizəsinə əlavə olunmuş və cavabdehin özü tərəfindən təqdim edilmiş videogörüntüdə olan evin tikilməsi, kifayət qədər dəyəri yüksək olan avtomobilinin olması, sitrus ağaclarından əldə edilmiş məhsullar əsasında əldə etdiyi və mənbəyini gizlətdiyi digər gəlirləri hesabına həmin həyat şəraitinin özünə qurması onun rəsmi olaraq əmək haqqında dəfələrlə yüksək gəlir əldə etməsinin sübutudur. Hazırda məhkəmə qətnaməsinin qəbul olunmasından 2 ildən artıq vaxt keçmiş və həmin müddət ərzində uşaqların həyati vacib tələbatları olan ərzaq və geyim əşyalarının qiymətlərində iki dəfədən artıq bahalaşma baş vermişdir. Ona münasibətdə isə aliment təyin olunarkən aldığı əmək haqqında heç bir dəyişiklik olmamış və həmin əməkhaqqı üzrə vergi və digər ödənişlər tutulduqdan sonra 440 manat təşkil edir. Həmin 440 manat əmək haqqı ilə özünün və uşaqların ərzaq, kommunal, geyim və digər tələbatlarının qarşılanması mümükün deyildir və belə olan halda uşaqların əvvəlki maddi təminatının saxlanılması mümkün deyildir. Bu səbəbdən də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya qarşı məhkəməyə ünvanladığı etirazında iddia tələbini qəbul etmədiyini, ünvan 1bində gözlətçi vəzifəsində işləməklə hər ay 302 manat əmək haqqı aldığını, onun maddi imkanının yüksək olması, ayrıca təsərrüfatının olması, əlavə gəlirlər əldə etməsi, mülkiyyətində bahalı avtomobilinin olması barədə iddiaçı tərəfində iddia ərizəsində göstərdiyi xüsusatların həqiqəti əks etdirmədiyini, avtomobilin atası tərəfindən nikaha daxil olmamışdan özü üçün alındığını və atasının mülkiyyətində olduğunu, özünün isə kirayədə yaşadığını, iddiaçıya ünvanlı dövlət sosial yardımı təyin edildiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək, iddia tələbinin tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etirazın dəlillərinə uyğun çıxış edərək, iddia tələbini qismən qəbul etdiyini, aliment məbləğinin bir uşağa münasibətdə 10 manat məbləğində, iki uşağa görə 20 manat məbləğində artırılmasına razı olduğunu bildirərək, iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2011 №-li arayışdan görünür ki, X7 xx.xx.2019-cu il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2128 №-li arayışdan görünür ki, X6 xx.xx.2021-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. 12 sentyabr 2023-cü il tarixli, MŞL-02286 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. 12 sentyabr 2023-cü il tarixli müvafiq ödəniş qəbzindən görünür ki, İddiaçı 55 manat mediasiya xərci ödəmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-3758/2021 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 90 manat olmaqla, iki uşaq üçün cəmi 180 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş Lənkəran ŞİHB-nin Şağlaküçə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 658 №-li arayışdan görünür ki, Rzayev X2 rayonu Bəlləbur kəndində qeydiyyatda olmaqla yaşayır. Vətəndaş 15 №-li təsərrüfatbaşına kitabın 1146 şəxsi hesab nömrəsi ilə təsərrüfat başçısıdır. Təsərrüfatında ondan başqa heç kim yoxdur. Cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli, 230 №-li arayışından görünür ki, Rzayev X2 rayon Bəlləbur kənd orta məktəbində gözlətçi vəzifəsində işləyir və 2022-2023-cü illər üzrə aylıq hesablanmış əmək haqqı 302 manat təşkil edir. Cavabdeh tərəfindən təqdim edilmiş Lənkəran rayonu Səpnəkəran bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh rayonun Yuxarı Nüvədi kəndində X4 məxsus evdə kirayə yaşayır. Cavabdeh tərəfindən təqdim edilmiş müvafiq portaldan çıxarışdan görünür ki, İddiaçı hər ay 284.64 manat ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X6 adlı iki uşağı doğulmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-3758/2021 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 90 manat olmaqla hər ay iki uşağa görə 180 manat sabit pul məbləğində aliment təyin edilmişdir. İddiaçı təyin edilmiş alimentin məbləğinin hazırkı vaxtda aşağı olduğunu və alimentin məbləğinin artırılmasını tələb edir. Cavabdeh isə iddianı qismən qəbul edərək, aliment məbləğinin bir uşağa münasibətdə 10 manat məbləğində, iki uşağa görə 20 manat məbləğində artırılmasına razı olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır; Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi); Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə qeyd edir ki, qazancının olub-olmadığından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur. İddia tələbindən göründüyü kimi, iddiaçı iki uşağın saxlanması üçün Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-3758/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq, Azərbaycan Respublikasında 2023-cü il üçün Yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bir uşağa görə 250 manat olmaqla, iki uşağa görə cəmi 500 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçının aliment məbləğinin uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumu səviyyəsində təyin olunması ilə bağlı iddia ərizəsində göstərdiyi dəlillərə dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ölkə üzrə təsdiq olunmuş “yaşayış minimumu”nun aliment münasibətlərində tətbiq edilməsi hüquqi məntiqə ziddir və ailə qanunvericiliyi və onun əsaslarını (mənbəyini) təşkil edən Ailə Məcəlləsinin 1.1-ci maddəsinin tələblərinin pozulmasına səbəb olar. Belə ki, həmin maddəyə əsasən Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. “Yaşayış minimumu haqqında” Qanun isə göründüyü kimi Ailə Məcəlləsinə uyğun olaraq qəbul edilməmiş, predmeti isə tam başqa münasibətlərdir. Ailə Məcəlləsinin təhlilindən aydın olur ki, uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı valideynlərin (tərəflərin) ailə, maddi vəziyyəti və diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla qazancın və (və ya) başqa gəlirlərinin uşaqların sayından asılı edilən pay nisbəti ilə tənzimlənmişdir. Bu Məcəllənin normalarında isə alimentin miqdarının yaşayış minimumu ilə əlaqədar təyin olunmasını əks etdirən hər hansı qayda müəyyən edilməmişdir. Digər tərəfdən məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş və iddiaçı ilə birgə yaşayan Damla və Yağmur adlı uşaqların saxlanması üçün Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-3758/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin ümumi miqdarı, yəni 180 manat hazırki dövr üçün (2023-cü il) bir uşağa görə nəzərdə tutulmuş yaşayış minimumunun məbləği olan 220 manatdan azdır. Ona görə də məhkəmə yetkinlik yaşına çatmayan uşaqların üstün mənafeyi baxımından cavabdehin etirazında irəli sürdüyü dəlilləri iddia tələbinin rədd edilməsi üçün yetərli hesab etmir. Həmçinin, cavabdehin aliment məbləğinin cəmi 20 manat civarında artırılmasına dair razılığı da hazırki dövr üçün Damla və Yağmur adlı uşaqların artan maddi ehtiyaclarının ödənilməsi üçün mütənasib olmamaqla, onların saxlanması xərcləri ilə uzlaşmır. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin təyin edildiyi vaxtdan artıq iki il müddət keçdiyindən iddiaçı ilə cavabdehin birgə nikahından olan uşaqların böyüdükcə gündəlik tələbatlarının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericlik aktlarını hazırki işin materialları ilə qarşılıqlı şəkildə araşdırıb, tərəflərin təqdim etdiyi sübutlara məcmu halda qiymət verib uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi, hazırda X6 və X5 böyüdükcə artan xərclərini nəzərə alaraq hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-3758/2021 nömrəli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün təyin edilmiş hər ay bir uşağa görə 90 manat olmaqla, hər ay iki uşağa görə cəmi 180 manat manat sabit pul məbləğində alimentin məbləği artırılaraq tərəflərin birgə nikahından doğulmuş Damla və Yağmur adlı uşaqların yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay bir uşağa görə 150 manat olmaqla, hər ay iki uşağa görə cəmi 300 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 184.2-cü maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən tutulacaq alimentin miqdarının 120 manat artırılması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 1440 manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə münasib olaraq da 1000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni 34,40 manat (30+4,40) təşkil edir. Sadalanmış normalara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddianın qiymətinə mütənasib olaraq 34,40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən iddiaçı tərəfindən mediasiya prosesinə görə ödənilmiş 55 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin Məhkəməsinin 2(049)-3758/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 150 manat olmaqla, hər ay iki uşağa görə cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Mediasiya xidməti üçün ödənilmiş 55 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 34,40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-3689/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3689/2023
20.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver