Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-370/2023 12.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X4, iddiaçı: İddiaçı və onun vəkili və nümayəndəsi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil, cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 17.000 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2019-cu ilin iyun aylarında o, Cavabdeh satılmasından ötrü müxtəlif növ məişət əşyaları, geyim malları, parfümeriya malları və qızıl-zinət əşyalarını vermişdir. O, da həmin malları hissə-hissə satıb, pulunu da hissəhissə qaytarmalı idi. İik əvvəl pulların bir qismini ödəsə də, sonradan Cavabdeh pulların verilməsində ləngimələrə yol vermişdir. Bu ləngimələrin səbəbini ondan soruşarkən Cavabdeh bildirmişdir ki, gözlə pulunu verəcəyəm. Sonradan isə başa düşmüşdür ki, o verilən malların pullarını ümumiyyətlə qaytarmaq istəməmişdir. O, Cavabdeh 2020-ci ilin mart ayının 27-də Lənkəran şəhərində çəkisi 4.65 qram əlan 585 əyarlı qiyməti 558 manat olan qızıl sırğalar (bir cüt), bir ədəd 585 əyarlı qiyməti 150 manat olan pandora bilərzik, bir ədəd 585 əyarlı çəkisi 4 qı 1 qiyməti 480 manat olan uşaq bilərziyi, həmin ilin aprel ayının 29-da çəkisi 1.24 qram olan 583 əyarlı dəyəri 180 manat olan bir ədəd boyunbağı, həmin ilin rr ayının 12-də çəkisi 5.56 qram olan 583 əyarlı dəyəri 750 manat olan bir ədəd qaşsız qızıl üzük, həmin ilin 21 may tarixində çəkisi 3.41 qram olan 583 əyarlı dəyəri 450 manat olan bir ədəd qaşlı qızıl üzük, həmin ilin 12 noyabr tarixində çəkisi 3.41 qram olan 583 əyarlı dəyəri 450 manat olan bir ədəd qızıl bilərzik vermişdir. Bundan əlavə o, Cavabdeh 2021-ci ilin 20 may tarixində çəkisi 5.88 qram olan 583 əyarlı dəyəri 800 manat olan qızıl bilərzik (rekert), çəkisi 4.44 qram olan 583 əyarlı dəyəri 570 manat olan qızıl klon, həmin ilin 21 iyun tarixində çəkisi 27.7 qram 750 əyarlı dəyəri 4155 manat olan komplekt dəst (bir cüt sırğa, boyunbağı, qızıl qaşlı üzük, bilərzik, klon), həmin ilin 30 iyun tarixində çəkisi 11.4 qram olan 583 əyarlı dəyəri 1600 manat olan bir ədəd qızıl bilərzik (rekert), həmin ilin avqust ayında çəkisi 10.35 qram olan 583 əyarlı dəyəri 1500 manat olan bir ədəd qızıl bilərzik (rekert), bundan əlavə həmin tarixdə çəkisi 2 qram olan 583 əyarlı dəyəri 300 manat olan bir ədəd qızıl boyunbağı, çəkisi 9.68 qram olan 585 əyarlı dəyəri 1400 manat olan bir ədəd qızıl bilərzik, çəkisi 5.23 qram olan 585 əyarlı dəyəri 800 manat olan bir ədəd qızıl üzük, çəkisi 8.5 qram olan 585 əyarlı dəyəri 1300 manat olan qızıl klon, daha sonra həmin ilin 21 sentyabr tarixində çəkisi 10.35 qram olan 583 əyarlı dəyəri 1800 manat olan qızıl bilərzik (rekert), çəkisi 10.43 qram olan 583 əyarlı dəyəri 1900 manat olan qızıl bilərzik (rekert), çəkisi 11.7 qrarn olan 585 əyarlı dəyəri 2300 manat olan qızıl bilərziyi məndən alıb aparmış və satıb pulunu gətirəcəyini bildirmişdir. Lakin hazırki dövrədək verilmiş qızılların pulunun cüzi bir hissəsi ödənilib. Belə ki, verilmiş qızıllar satıldıqdan sonra mənə 3528 manat pul ödənilmiş, qalan borcun yəni, 17 000 manatı isə indiyədək ödənilməmişdir. Dəfələrlə şifahi qaydada ondan pulunu tələb etsə də, müxtəlif bəhanələrlə vaxt qazanmağa çalışmışdır. Cavabdehin onun pulunu qaytarmaq niyyətinin olmamasını o, 2021-ci ildə bilmiş və məhz bu səbəbdən də Lənkəran Şəhər Rayon Polis Şöbəsinə və Lənkəran Rayon Prokurorluğuna 2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və vəkili Vəkil da iddianın tam əsaslı və qanuni olduğunu, cavabdehin vatsap ani mesajlaşma tətbiqi ilə edilmiş yazışmaları ilə iddianı tam etiraf etdiyini bildirib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında əvvəlcə iddianı tam rədd etdiyini, daha sonra isə iddiaçıya üç-dörd min manat borcu olduğunu, daha sonra isə iddiaçıya beş-altı min manat pul qaytara biləcəyini bildirmişdir. Məhkəməyə təqdim edilmiş vatsap ani mesajlaşma tətbiqi ilə edilmiş yazışmaların onunla iddiaçı arasında olduğunu təsdiq etmiş, həmin mesajların onun tərəfindən iddiaçıya yazıldığını bildirmişdir. Həmin vaxt onun istifadəsində 050 414-99-38 və 051 336-36-87 mobil nömrələri olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Lənkəran Dövlət Universitetində mühafizəçi kimi işləyir. 2021-ci ilin ortalarında işdə olan zaman cavabdeh onun yanına gələrək iddiaçını çağırmasını demiş, o, da iddiaçını çağırmışdır. İddiaçı aşağı düşərək cavabdehə qızıl vermiş, cavabdeh isə pulunu daha sonra verəccəyini bildirmişdir. Bundan təxminən iki gün sonra cavabdeh yenə gələrək pulu tapa bilmədiyini bildirib iddiaçıdan vaxt istəmiş, iddiaçı da razılaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Lənkəran Dövlət Universitetində mühafizəçi kimi işləyir. 2021-ci ilin ortalarında Ramil Kazımovla birlikdə işdə olan zaman hicablı xanım gəlmiş, həmin xanım hazırda cavabdehdir. İddiaçı həmin vaxt cavabdehə qızıl vermişdir. O, daha sonra onların nə barədə danışdıqları ilə maraqlanmammışdır. Sonradan eşitmişdir ki, cavabdehin iddiaçıya borcu vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, iddiaçı onun qızıdır, cavabdehi isə evlərinə gəlib getməyindən tanıyır. Sonra qızından eşitmişdir ki, cavabdehin qızıl məsələsinə görə qızına on yeddi manatdan çox borcu vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, cavabdehin yeznəsidir. İddiaçıya isə bir iki dəfə Lənkəran Dövlət Universitetinin qarşısında pul vermişdir. 2021-ci ilin yay aylarında **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə getmişdir. Daha sonra isə pulu iddiaçıya çatdırması üçün mühafizəçiyə vermişdir. Hər dəfə 100-150 manat pul vermişdir. O, iddiaçı ilə cavabdehin arasında qızıl alğı-satqısı məsələsinin olduğunu bilmişdir. Daha sonra arvadından eşitmişdir ki, baldızının, yəni cavabdehin iddiaçıya borcu vardır. Məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 25 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh ərizəsi əsasında toplanmış X2 onu hədələməsinə dair material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş Azercell Telekom MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X7 adına ob bir mobil nömrə rəsmiləşmişdir və 050 ***-**-** və 051 336-36-87 mobil nömrələri də həmin nömrələr arasındadır. Məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş 050 ***-**-** və 051 336-36-87 mobil nömrələrə dair vatsap ani mesajlaşma tətbiqidən çıxarışdan görünür ki, iddiaçı cavabdehə 13 sentyabr 2021-ci il tarixdə (çıxarışda 13 eylül 2021 yazılmışdır) 70, 50, 100, 12753, 1785, 740, 600 və 1500 manat olmaqla 17598 manat borcu olduğunu demiş, cavabdeh isə təsdiq mesajı ilə cavab vermişdir. Məhkəmə tərəfləri dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MM-nin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçının izahatından və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdeh iddiaçıdan 330 manat pulu bir neçə dəfəyə olmaqla borc olaraq almış, qeyd olunan məbləğ iddiaçı tərəfindən cavabdehə verilsə də, cavabdeh öhdəliyin icrasından boyun qaçırmışdır. MM-nin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Məhkəmə, sübutlara qiymət verərkın ilk olaraq sübutun mötəbərliyini və işin həlli üçün əsaslılığını müəyyən etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2021-ci il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, “mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. “ Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan qərarlarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, hazırkı iş üzrə təqdim edilmiş sübut, yəni vatsap ani mesajlaşma tətbiqi yazışmaları mötəbərlilik kriteriyasına cavab verməklə, iddia tələbini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhz buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən vatsap ani mesajlaşma tətbiqi yazışmalarına dair çıxarış, işin halları ilə təsdiq olunduğuna görə sübut kimi qəbul edilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 17.000 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-370/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-370/2023
12.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver