Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3752/2023 14.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1701 manat maddi ziyan məbləği, ziyanın miqdarının müəyyən edilməsi üçün ödənilmiş 100 manat xidmət haqqı, iddia sənədlərinin hazırlanması və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 100 manat xidmət haqqı, məhkəməyə müraciət etmək üçün ödənilmiş 39 manat dövlət rüsumu məbləğinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda qeydiyyatda olmaqla orada yaşayır. ünvan 2anında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evinin tikilməsi üçün qanunvericiliyin tələbinə uyğun olaraq "xxxx" MMC tərəfindən tikiləcək 1 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin eskiz layihəsi hazırlanaraq Lənkəran şəhərinin baş memarı ilə razılaşdırılmaqla təsdiq edilmişdir. Həmin torpaq sahəsinin yan təsirlərdən qorunması üçün mülkiyyətçi kimi tərəfindən mişar daşı ilə hasar çəkilmişdir. Həmin torpaq sahəsi üzərində layihəyə uyğun olaraq evin bünövrəsini və divarları tikən zaman iş üzrə cavabdeh Azərbaycan Dəmir Yollan Qapalı Səhmdar Cəmiyyətinin Cənub istiqaməti üzrə X7 Stansiyasında usta vəzifəsində işləyən Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsində tikilməkdə olan evin tikilməsinə icazə verməyəcəyini, guya həmin torpağın onun işlədiyi QSC-nin ərazisi olduğunu bildirərək tikintini qanunsuz olaraq dayandırmağı tələb etmiş, onun bu qanunsuz tələbinə əhəmiyyət verilmədiyini görəndən sonra o, xüsusi mülkiyyətində olan torpaq sahəsinin əhatələndiyi mişar daşından tikilmiş hasarı özbaşına sökərək ona ümumilikdə 1701 manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə ayrı-ayrılıqda iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu çıxış edərək, "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Yol xidmətinin 12 nömrəli Salyan yol sahəsinin 9 saylı Liman məntəqəsinin Taleh Şəkərov, Şaiq adlı əməkdaşlarının onların inşa etdikləri mişar daşından inşa edilmiş hasarı sökdüklərini, söküntüyə dair göstərişin yuxarıda adı qeyd olunan təşkilatın Gündüz Məmmədov adlı rəhbər vəzifəli şəxs tərəfindən verildiyini, Taleh və Şaiq adlı şəxslərin hasarı sökərdək kobud rəftar edərək mişar daşlarını qırdıqlarını görərək, özlərinin söküntü işini davam etdirdiklərini bildirərək, hazırki iddia ərizəsinin Cavabdeh qarşı yönəlməsinin səbəbinin onun işlədiyi idarəyə daş hasarın inşa olunması ilə bağlı məlumat verməsi ilə bağlı olduğu, onlara məxsus evin daş hasarının sökülməsinin səbəbkarının Cavabdeh olduğu qeyd olunaraq, iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, o, "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Yol xidmətinin 12 nömrəli Salyan yol sahəsinin 9 saylı Liman məntəqəsində yol briqadiri vəzifəsində işləyir. İddiaçıya məxsus həyətyanı torpaq sahəsində şəxsən onun tərəfindən və ya onun göstərişi ilə heç bir söküntü işi aparılmamaş, onun tərəfindən iddiaçıya hər hansı miqdarda maddi ziyan vurmamışdır. Xidməti ərazisinə daxil olan yerdə dəmiryolu xəttinin mühafizə zonasına aid olan ərazidə qanunsuz tikili inşa edilməsi ilə bağlı işlədiyi quruma məlumat vermişdir. Qeyd etdiklərinə əsasən hazırki iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X1 ifadə verərək göstərdi ki, "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Yol xidmətinin 12 nömrəli Salyan yol sahəsində sahə rəisinin müavini işləyir. İddiaçı dəmir yolunun mühafizə zonasında tikinti işləri aparması barədə həmin ərazi üzrə yol briqadiri Cavabdeh tərəfindən daxil olmuş məlumat əsasında həmin şəxsə bildiriş göndərilmişdir. Daha sonra Cavabdehlə birlikdə sözügedən əraziyə getdikdə İddiaçı və onun yanında olan qohumlarının həmin daş hasarı sökdüklərinin şahidi olmuşlar. Nə Cavabdeh, nə özü, nə də digər dəmiryolu idarəsinin işçiləri İddiaçı inşa elədiyi daş hasarın sökülməsində iştirak etməmişlər. Cavabdehin vəsatəti əsasında dindirilmiş şahidlər X2 və X3 şahid qismində dindirilmiş X1 ilə oxşar məzmunlu ifadələr vermişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli AA 004306 nöçrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətlərindən görünür ki, iddiaçının xüsusi mülkiyyətində Lənkəran rayonu Liman şəhəri Mais İbayev küçəsində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi vardır. İş materiallarına əlavə edilmiş "xxxx" Qiymətləndirici MMC tərəfindən verilmiş xx.xx.2023cü il tarixli rəydən görünür ki, Lənkəran rayonu Liman şəhəri Mais İbayev küçəsində 0,06 hektar həyətyanı torpaq sahəsində yerləşən yarımtikili fərdi yaşayış evinin hasarının sökülməsi nəticəsində iddiaçıya dəymiş maddi ziyanın miqdarı həmin rəydə cəmi 1701 manat qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı maddi ziyanın miqdarının müəyyən edilməsi üçün mütəxəssisə 100 manat vəsait ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia sənədlərinin hazırlanması və hüquqi yardım üçün 100 manat vəsait ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 39 manat dövlət rüsumu ödəmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, cavabdeh "xxxx" QSCnin İnfrastruktur Departamentinin Yol xidmətinin 12 nömrəli Salyan yol sahəsinin 9 saylı Liman məntəqəsində yol briqadiri vəzifəsində işləyir. Hazırda iddiaçı ona məxsus 0,06 hektar həyətyanı torpaq sahəsində yerləşən yarımtikili fərdi yaşayış evinin hasarının sökülməsi nəticəsində ona cəmi 1701 manat miqdarında maddi ziyanın dəydiyini bildirərək 1701 manat maddi ziyan məbləği, ziyanın miqdarının müəyyən edilməsi üçün ödənilmiş 100 manat xidmət haqqı, iddia sənədlərinin hazırlanması və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 100 manat xidmət haqqı, məhkəməyə müraciət etmək üçün ödənilmiş 39 manat dövlət rüsumu - cəmi 1940 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsasları olaraq xüsusi mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərə, maddi ziyanın miqdarının müəyyən edilməsi barədə mütəxəssis rəyinə və qeyd olunan torpaq tikilinin yerləşdiyi ərazini əks etdirən fotoşəkillərə, videogörüntülərə istinad edir. Cavabdeh iddia tələbini qəbul etmir, iddiaçıya məxsus həyətyanı torpaq sahəsində heç bir söküntü işləri aparmadığını, ona hər hansı miqdarda maddi ziyan vurmadığını bildirərək hazırki iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq iddiaçıya məxsus həyətyanı torpaq sahəsində şəxsən onun tərəfindən və ya onun göstərişi ilə heç bir söküntü işi aparılmadığını bildirir. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının və cavabdehin izahatlarını, şahidlərin ifadələrini dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından müəyyən edilir ki, iddiaçı Lənkəran rayonu Liman şəhəri yaşayır, cavabdeh isə "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Yol xidmətinin 12 nömrəli Salyan yol sahəsinin 9 saylı Liman məntəqəsin əməkdaşıdır. İddiaçının xüsusi mülkiyyətində Lənkəran rayonu Liman şəhəri Mais İbayev küçəsində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi vardır və həmin torpaq sahəsində fərdi yaşayış evinin yarımçıq tikilisi yerləşir. İddiaçı xüsusi mülkiyyətində olan 0,06 hektar torpaq sahəsinin əhatələndiyi, mişar daşından inşa edilmiş hasarın bilavasitə hazırki iş üzrə cavabdeh tərəfindən söküldüyünü, bu səbəbdən ona maddi ziyan dəydiyini iddia edərək həmin maddi zərər məbləğini məhz hazırki iş üzrə cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tərəflərin dəlillərinə işin faktiki halları və məhkəmə iclasında tədqiq edilmiş mövcud sübutlarla əlaqəli şəkildə qiymət verərək qeyd edir ki, iddiaçı iddia ərizəsinə cavabdehin ona bilavasitə maddi ziyan vurmasını təsdiq edə biləcək hər hansı sübutunu, bununla da iddia tələbinin əsasını, eləcə də, cavabdehin həmin iddia tələbinə görə məsuliyyət daşıdığını sübut edə biləcək hər hansı dəlilini və digər mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin əhatələndiyi, mişar daşından inşa edildiyi bildirilən hasarın hazırki iş üzrə cavabdeh tərəfindən söküldüyü iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə tam təkzib edilmişdir. İddiaçının dəlilləri cavabdehin izahatında qeyd etdiyi xüsusatlarla, şahidlərin ifadələri ilə, habelə, iddiaçının özünün qeyri-müəyyən, ziddiyyətli izahatı ilə təkzib edildiyindən və işin faktiki hallarına uyğun olmadığından məhkəmə həmin dəlillərə tənqidi yanaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin əhatələndiyi, mişar daşından inşa edildiyi bildirilən hasarın hazırki iş üzrə cavabdeh tərəfindən özbaşına söküldüyü, bununla da, iddiaçıya 1701 manat miqdarında ziyan dəydiyi iddia edilsə də, ümumiyyətlə, həmin hasarın məhz cavabdeh tərəfindən, qanuni və ya qanunsuz sökülməsi faktı məhkəmə iclasında öz təsdiqini tapmamış, iddiaçı da bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Söküldüyü iddia edilən hasar cavabdehin işlədiyi "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Yol xidmətinin 12 nömrəli Salyan yol sahəsinin 9 saylı Liman məntəqəsi tərəfindən və ya həmin orqanın göstərişi ilə sökülmüş olsaydı belə, bu xüsusat həmin söküntü ilə bağlı dəymiş maddi ziyana görə həmin orqanın hansı əməkdaşının mülki hüquqi məsuliyyət daşıdığını deməyə əsas vermir. Məhkəmə prosesinin gedişində iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı məhkəməyə hər hansı vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd olunan prosessual hüquq normalarının tələbinə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbində qeyd edilən hasarın sökülməsinə görə iddiaçıya hər hansı məbləğdə maddi ziyan dəymiş olsaydı belə, hazırki iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə verildiyinə görə cavabdeh iddiaçının qarşısında hər hansı maddi məsuliyyət daşımır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələbinə əsasən qərara gəlir ki, cavabdehin iddiaçıya maddi zərər vurması məhkəmə iclasında sübuta yetirilmədiyindən və mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyündən iddia tələbinin cavabdehdən 1701 manat maddi ziyan məbləği tutulmasına dair hissəsi cavabdehin həmin iddia tələbinə cavab verməli olan şəxs olmaması əsası ilə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin maddi ziyan məbləğinin tutulmasına dair hissəsi təmin edilmədiyindən maddi ziyanın miqdarının müəyyən edilməsi üçün ödənilmiş 100 manat xidmət haqqı, məhkəməyə müraciət etmək üçün ödənilmiş 39 manat dövlət rüsumu məbləği də iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə məhkəmə qərara gəlir ki, iddia tələbinin maddi ziyan məbləğinin tutulmasına dair hissəsi təmin edilmədiyindən iddia tələbinin hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat məbləğin cavabdehdən tutulmasına dair hissəsi də təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı 1701 manat maddi ziyan məbləği, ziyanın miqdarının müəyyən edilməsi üçün ödənilmiş 100 manat xidmət haqqı, iddia sənədlərinin hazırlanması və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 100 manat xidmət haqqı, məhkəməyə müraciət etmək üçün ödənilmiş 39 manat dövlət rüsumu - cəmi 1940 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-3752/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3752/2023
14.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver