Məhkəmə qərarları › İş №2(049)-3756/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3756/2025

17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3756/2025 17.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13.300 (on üç min üç yüz) manat əsas borcun, ona vurmuş olduğu 2.000 (iki min) manat mənəvi zərərin və ödədiyi 136 (yüz otuz altı) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, tanışı Babək vasitəsi ilə Cavabdeh ilə tanış olmuşdur və o zaman cavabdehin banka xeyli miqdarda borcu var idi və hər ay banka faiz ödəyirdi. Ona görə də Babəkin xahişi ilə Cavabdeh Banka olan borcunu bağlamağı istəmiş və qısa müddətdə başqa banklardan böyük məbləğdə kredit götürərək cavabdehə ödədiyi pulu qısa müddətdə ona ödəyəcəyini bildirmişdir. O zaman iddiaçı Babəkin və cavabdehin ona verdikləri sözə inanmış və Cavabdeh Azərbaycan Beynalxalq Bankına olan 17.000 (on yeddi min) manat borcunu birdəfəyə ödəmişdir. Lakin cavabdeh iddiaçıya olan borcunu qısa müddətdə ödəyəcəyi barədə öz öhdəliyini icra etmədiyi üçün o bir neçə dəfə Azərdən özünə olan borcunu tələb etmişdir. Onun təkidli tələblərindən sonra, xx.xx.2024-cü il tarixində Cavabdeh iddiaçıya olan borcunun 2.000 (iki min) manatını ödəmiş və digər hissənin qaytarılmasının təminatı olaraq mülkiyyətində olan ** DV *** dövlət qeydiyyat nişanlı “Toyota “Corolla” avtomaşını girov kimi iddiaçıya vermişdir. Sonradan Cavabdeh ona 1.000 (bir min) manat və daha sonra isə 700 (yeddi yüz) manat ödəniş etməyinə baxmayaraq, qalıq məbləği bu vaxta kimi ödəməmişdir. Lakin sonradan Cavabdeh təklifi ilə iddiaçıya girov kimi qoyulmuş avtomaşını ona qaytarmağı və bunun əvəzində isə hər ay iddiaçıya 1500 (bir min beş yüz ) manat pul ödəyəcəyinə söz vermiş və bu barədə xx.xx.2024-cü ildə Qəbz yazaraq öz üzərinə öhdəlik götürmüşdür. Belə ki, Qəbzdə göstərilmişdir ki, “ Hazırda , borcumun qaytarılması üçün əmək haqqı Kartımı (ABB-nın hesabında olan **********561262) Qasımova Aidəyə verirəm və hər ay əməkhaqqı olaraq mənə ödənilən 3 (üç) aylıq, hər ay 1000 (bir min) manat olmaqla ödəniş edəcəyəm. Digər borcumun qalan hissəsini isə hər ay 1.500 (bir min beş yüz) manat olmaqla ödəniş edəcəyəm. Bununla əlaqədar Qasımova Aidəyə təminat olaraq verdiyim ** DV *** dövlət qeydiyyat nişanlı avtomaşını “Corolla” minik avtomaşınımı mənə qaytarır və mən həmin avtomaşını Taksi kimi işlədərək , ümumilikdə bir il müddətində X1 olan borcumu tam ödəməyimə söz verirəm “. Cavabdeh əmək haqqı kartını və əmək haqqı alması barədə arayışı ona verməsinə baxmayaraq onu təkrar aldatmış və əmək haqqı kartını bağlatdırmaqla kartdan pul çıxarmağına imkan verməmişdir. Hazıda cavabdehlə onun arasında olan razılaşmadan bir il keçməsinə baxmayaraq, cavabdehin ona 13.300 (on üç min üç yüz ) manat borcu qalmışdır. İddiaçı dəfələrlə telefon zəngləri ilə cavabdehdən pulunu tələb etməyinə baxmayaraq cavabdeh ona olan borcunu ödəməmişdir. Ona görə də iddiaçı xx.xx.2025-ci ildə cavabdehin rəsmi qeydiyatda olduğu ünvana poçt vasitəsi ilə Pretenziya yazaraq borcunun könüllü ödənilməsini tələb etmişdir. Cavabdeh iddiaçının ona göndədiyi Pretenziyanı xx.xx.2025-ci il tarixində almasına baxmayaraq nə ona zəng etmiş, nə də borcun qaytarılması üçün təşəbbüs etmişdir. Ona görə hesab edir ki, cavabdehin ona olan borcu məhkəmə vasitəsi ilə tutulmalı və iddiaçıya vurmuş olduğu maddi və mənəvi ziyanı ödəməlidir. İddiaçı cavbdehin onu aldatdığına və iddiaçının pulundan istifadə etdiyinə görə ona vurmuş olduğu mənəvi ziyanın 2.000 (iki min) manat təşkil etdiyini bildirir. Cavabdehin məsuliyyətsiz hərəkətləri nəticəsində iddiaçı həm maddi, həm də mənəvi zərər çəkmişdir. Cavabdeh ona vurmuş olduğu maddi və mənəvi zərəri ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdeh hazıradək ona olan 13.300 manat borcundan heç bir vəsait ödəməməmişdir. İddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilən və iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzin məzmununda qeyd edilmişdir ki, “Mən Cavabdeh bu qəbzi yazaraq bildirirəm ki,2024-cü ilin may ayında şəxsi işim ilə əlaqədar İddiaçı 17000 (on yeddi min) manat borca pul götürmüşdüm.Hazırda,borcumun qaytarılması üçün əmək haqqı Kartımı (ABB-nın hesabında olan **********561262 ) Qasımova Aidəyə verirəm və hər ay əməkhaqı olaraq mənə ödənilən 3 (üç) aylıq , hər ay 1000 (bir min) manat olmaqla ödəniş edəcəyəm. Digər borcumun qalan hissəsini isə hər ay 1500 (bir min beş yüz) manat olmaqla ödəniş edəcəyəm. Bununla əlaqədar Qasımova Aidəyə təminat olaraq verdiyim ** DV *** dövlət qeydiyyat nişanlı avtomaşını “Corolla” minik avtomaşınımı mənə qaytarır və mən həmin avtomaşını Taksi kimi işlədərək , ümumilikdə bir il müddətində X1 olan borcumu tam ödəməyimə söz verirəm “. İş materiallarında olan pretenziya məktubundan görünür ki, İddiaçı və Cavabdeh pul tələbinin ödənilməsi barədə razılığa gəlmələrinə baxmayaraq, Cavabdeh 13.300 manat borcunu qaytarmadığı üçün xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 136 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 21.1 və 21.2-ci maddələrinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).” Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.” "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, "...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”.Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, "mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarına əlavə edilmiş sübutlardan iddiaçıya mənəvi ziyanın vurulması faktı aşkar edilməmişdir. Həmçinin ddiaçıya cavabdeh tərəfindən mənəvi ziyanın vurulması ilə əlaqədar məhkəməyə sübut təqdim edilməmişdir. Bu səbəbdən də “mənəvi ziyan tələbi” hissəsində də iddia hesab edilə bilməz. İşin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında Cavabdeh İddiaçı ümumilikdə 17.000 manat borcu aldığını etiraf etməsi barədə qəbz mövcuddur. İddiaçı həmin qəbzi sübut növü kimi təqdim edərək, cavabdehin həmin qəbzə imza etməklə ondan pul aldığını və pulun bir hissəsini qaytardığını pulun qalan hissəsini də qaytaracağı barədə vəd verməsinə baxmayaraq qaytarmadığını bildirmişdir. Ümumiyyətlə Cavabdeh hazırki mülki iş üzrə keçirilmiş məhkəmə iclaslarında iştirak etməmiş, ona qarşı irəli sürülmüş iddia tələbinə münasibət bildirməmiş və iddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli qəbzi mübahisələndirməmişdir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Hazırki iddia tələbi üzrə cavabdeh məhkəmə iclasında iştirak etməyərək və iddiaya münasibət bildirməyərək 17.000 manat iddiaçıdan borc pul alınması, həmin puldan hansı məbləğin qaytarılmasını sübut edə bilmir. Bu isə iddiaçının iddia tələbinə münasibətdə istinad etdiyi halları şübhə altına alan meyar kimi qəbul edilə bilməz. Çünki cavabdeh artıq məlumatlı olduğu iddia tələbi üzrə məhkəmə icraatından boyun qaçırmaqla iddiaya qarşı öz müdafiəsini həyata keçirməkdən imtina edir, belə olan halda sübutetmə yükü iddiaçının deyil cavabdehin üzərinə düşür və cavabdeh həmin pulu iddiaçıdan alıb-almaması və ya almışdırsa hansı hissəsinin qaytarılmasını sübut etməyə borcludur. Lakin cavabdeh məhkəmədə iştirak etməməklə belə bir sübut təqdim etməmişdir. Halbuki MPM-in 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək, 13.300 (on üç min üç yüz) manat əsas borc cavadeh Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. İddia tələbi mənəvi ziyan tələbi hissəsində isə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq tələbin təmin edildiyi hissəsinə mütənasib olaraq 118,20 manat məbləğində pul vəsaiti cavadeh Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh borca dair 13.300 (on üç min üç yüz) manat və iddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 118,20 (yüz on səkkiz manat, iyirmi qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar