Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3764/2023 29.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Lənkəran Rayon Məhkəməsinin 13 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin artırılaraq 220 manat və əlavə xərclərə görə isə 100 manat olmaqla ümumilikdə 320 manat sabit pul məbləğində alimnetin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ailəsiylə birlikdə Lənkəran şəhərində yaşayır. İş üzrə Cavabdeh ilə 2007-ci il tarixdə ailə qurmuş, nikahları 19 iyun 2007-ci il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2006-cı il tarixdə Asif adlı övladları anadan olmuşdur. Cavabdeh ilə ailə həyatlarının ilk dövrləri normal olmuş və mehriban yaşayıblar. Sonradan cavabdeh tərəfindən hər şey dəyişdi. Onun xoşagəlməz hərəkətləri onların ailə münasibətlərinə son qoydu. 13 oktyabr 2014-cü il tarixində Lənkəran Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur və həmin qətnaməyə əsasən Cavabdeh xx.xx.2006-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 70 manat sabit pul məbləğində alimentin tutularaq o İddiaçı verilməsi qət edilmişdir. Hazırda övladının saxlanması üçün əvvəlki qətnamədə qeyd edilən aliment övladının aylıq vacib tələbatlarını ödəməyə yetmir. Uşağın təlim və tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını da ödəmək tək qadın olaraq ona çox çətindir. Uşaq böyüdükcə maddi ehtiyacları və gündəlik tələbatları artmış, həmçinin uşaq üçün ərzaq, geyim, məktəb ləvazimatları və dərsliklər böyük xərc tələb edir. Bir məktəbli uşağın hər ayda xərci 300-350 manat həddinə çatır. Lakin cavabdeh uşağın bu ehtiyaclarına qarşı heç bir diqqət və qayğı göstərmir. Fakt budur ki, cavabdeh işləyir fərdi əməklə məşğul olur, lakin özünü işləməyən kimi qələmə verir. Halbu ki, onun özünə görə imkanı var ki, təyin olunmuş alimentdən də çox miqdarda öz övladına maddi xərclər sərf edə bilər, lakin o bunu könüllü etmir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirib ki, o məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini mütəmadi olaraq ödəyir. Lakin aliment artırılacağı təqdirdə maddi imkanı olmadığı üçün ödəyə bilməyəcəkdir. Maddi imkanı artdıqca uşağın saxlanılması üçün iddiaçıya əlavə xərclər də ödəyir. Hazırda yenidən ailə qurmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Azərbaycan Respublikası vətəndaşının AA11200234 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2006-cı il tarixdə doğulmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(049)-2084/2014 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2006-cı il tarixdə Bakı şhəərində anadan olmuş X1 atası olması müəyyən edilsin. xx.xx.2006-cı il tarixdə anadan olmuş X1yetkinlik yaşına çatanadək saxlanılması üçün 15 iyul 2014-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 70 manat məbləğində aliment tutularaq İddiaçı verilməsiqət edilmişdir. Lənkəran ŞİHB-nın Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır (yaşayır). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından Asif adlı bir uşaqları doğulmuş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(049)-2084/2014 saylı qətnaməsi ilə, adıçəkilən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70 manat sabit pul məbləğində aliment təyin edilmişdir. İddiaçı təyin edilmiş alimentin məbləğinin hazırkı vaxtda aşağı olduğunu və alimentin məbləğinin artırılmasını tələb edir. Cavabdeh isə iddianın rədd edilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır; Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır; Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi); Məhkəmə qeyd edir ki, qazancının olub-olmadığından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Qanunun məzmunundan göründüyü kimi dövlət bir çox kateqoriyalardan olan insanları yaşaması üçün minimum xərcləri müəyyən etmişdir ki, uşaqları saxlanmasının minimum xərci kimidə 220 manat müəyyən edilmişdir. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin tələb edildiyi vaxtdan, yəni 13 oktyabr 2014-cü il tarixdən artıq 9 ildən artıq müddət keçməsi iddiaçı ilə cavabdehin birgə nikahından olan uşaqlarının böyüdükcə gündəlik tələbatının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxt aşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hərtərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə yuxarıda qeyd qanunvericlik aktlarını hazırki işin materialları ilə qarşılıqlı şəkildə araşdırıb, tərəflərin təqdim etdiyi sübutlara məcmu halda qiymət verib uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi, hazırda X1 böyüdükcə hər il artan xərclərini, habelə 2014-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin (2014-cü ildə 103 manat həddində müəyyən edilmişdir) hazırki dövrlə müqayisədə 113 faiz artmasını nəzərə alaraq hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün təyin edilmiş hər ay 1 uşağa görə 70 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq tərəflərin birgə nikahından doğulmuş Asif adlı uşaqın yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment aliment cavabdehdən alınaraq iddiaçıya ödəməlidir. Məhkəmə iddianın uşağın saxlanılması üçün əlavə xərclərə görə 100 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməli olması tələbinə qiymət verərək hesab edir ki, əlavə xərclərin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Həmin Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə onu da qeyd edir ki, iddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən cəmi 150 manat alimentin tutulması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 1800 manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq da 1000 manatdan çoxdur. «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni 38 manat təşkil edir. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinin və «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 38 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 38 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən Mediasiya prosesinə görə ödənilmiş 55 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(049)-2084/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2006-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməli dövlət rüsumunun məbləği – 38 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-3764/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3764/2023
29.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver