Məhkəmə qərarları › İş №2(049)-38/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-38/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-38/2023 21.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit və ona hesablanmış faiz məbləğinin geri qaytarılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 893.47 ABŞ dolları əsas borcun, kredit və zaminlik müqavilələrinin surətlərinin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq tərəflərindən ödənilmiş 42 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq aşağıda qeyd olunanlara əsasən hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. Belə ki, AZ-İ № 710475 saylı ölüm haqqında olan şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İddia ərizəsindən görünür ki, İddiaçı ASC Cavabdeh1 qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəmə müraciət etmişdir. Göründüyü kimi Cavabdeh1 iddia ərizəsi məhkəməyə daxil olmamışdan 5 il əvvəl artıq ölmüşdür. İddiaçı da ölmüş şəxsə qarşı iddia irəli sürmüşdür. Qanunvericiliyə əsasən, yalnız iddia tələbinin yönələ bildiyi şəxs cavabdeh ola bilər, lakin iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman cavabdeh ölmüş olduğundan ona qarşı tələb irəli sürə bilməzdi. Buna görə də iddia ərizəsinə məhkəmə qaydasında baxıla bilməməsi əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Məhkəmə digər Cavabdeh2 münasibətdə qeyd edir ki, öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqavilələrindən, həmçinin zaminlik müqavilələrinə əlavə sazişdən görünür ki, əsas öhdəliyin icrası vaxtı 22 aprel 2016-cı il tarixdə çatmış, lakin kreditor olaraq iddiaçı 09 oktyabr 2016-ci il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zamin Cavabdeh2 qarşı iddia irəli sürməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilməlidir. Belə ki, qeyd olunan normanın tələbinə görə zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Burada bir illik müddətin müəyyən olunmasında Qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə məhkəmə hesab edir ki, 22 aprel 2014-ci il tarixli zaminlik müqaviləsi xitam olduğu üçün Cavabdeh2 münasibətdə iddia tələbi əsassızdır Qeyd olunan Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ölmüş şəxsə qarşı irəli sürüldüyündən, ölmüş şəxsə qarşı verilmiş iddiaya da məhkəmədə baxılmalı olmadığından İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit və ona hesablanmış faiz məbləğinin geri qaytarılması» tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, iş üzrə icraata xitam verildindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessaul Məcəlləsinin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit və ona hesablanmış faiz məbləğinin geri qaytarılması» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı ASC tərəfindən dövlət büdcəsinə ödənilmiş 42 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, onun tərəfə rəsmi qaydada verildiyindən sonra 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar