Məhkəmə qərarları › İş №2(049)-3801/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3801/2022

26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3801/2022 26.12.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Mürsəlov Mirnatiq Mirtofiq oğlunun katibliyi, İddiaçı işitrakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4700 manat əsas borcun, 1000 manat həcmində əldən çıxmış faydanın, 30 manat məhkəmə rüsumunun, bütövlükdə 5730 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi əvvəllər qiyabi tanımışdır. Cavabdehin Cəlilabad şəhərində yerləşən Daxili Qoşunların N saylı hərbi hissəsində MAXE kimi qulluq etməsindən məlumatı olmuş və Zərdab rayonundan olduğunu bilmişdir. Cavabdeh xx.xx.2019-cu ildə ondan borc pul verməsini xahiş etmiş, o da cavabdehi tanıdığına və ona etibar etdiyinə görə borc verməyə razı olmuşdur. Cavabdehə 4700 manat borc pul vermiş və cavabdeh aldığı borcu əmək haqqını alaraq tez bir zamanda geri qaytaracağına dair söz vermişdir. Həmin vaxt cavabdeh ondan borc alması barədə qəbz yazaraq ona (iddiaçıya) vermişdir. Bir müddət keçdikdən sonra cavabdehdən borcunu qaytarmasını tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 1000 (bir min) manat ziyan (əldən çıxmış fayda) dəymişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh 4700 manat əsas borcun, 1000 manat həcmində əldən çıxmış faydanın və 77 manat dövlət rüsumunun, cəmi 5777 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(073)-312/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 4700 (dörd min yeddi yüz) manat borc pul və 77 (yetmiş yeddi) manat dövlət rüsumu alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1104/2022 saylı, 08 iyun 2022-ci il tarixli qərardadı ilə qismən təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(073)-312/2022 saylı qətnaməsi ləğv edilmiş və mülki iş ərazi aidiyyəti ürə baxılmasından ötrü Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş qəbzdə qeyd olunur ki, «Mən Zərdab rayon sakini Cavabdeh Cəlilabad rayonu N saylı X2- Atıcı vəzifəsində işləyirəm. Yaxın tanışım Cəlilabad rayon Adınalı kənd sakini İddiaçı ilə yaxın münasibətim olduğu üçün mənə pul ehtiyacı olduğu üçün Natiqdən 4700 (dörd min yeddi yüz) manat borc pul aldım. İstədiyi vaxt pulunu geri qaytaracağam. Yazını öz xəttimlə yazdım, mənə heç bir təzyiq göstərilmədi». Məhkəmə hesab edir ki, iddia borc müqaviləsi üzrə yaranmış hüquq münasibətləri ilə əlaqədar olduğundan iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739-cu maddəsi təşkil edir. MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar iddianın əsaslılığını təsdiq edir. Belə ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı 4700 manat məbləğində pulu cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin məbləği iddiaçının istədiyi vaxt qaytarmağı öhdəsinə götürmüşdür. İddaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə götürdüyü öhdəliyi yerinə yetirməmiş, aldığı borc məbləğini iddiaçının qaytarmasını istəməsinə baxmayaraq qaytarmamışdır. Məhkəmə iddianın 1000 (bir min) manat əldən çıxmış fayda hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı tələbində cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 1000 (bir min) manat ziyan dəydiyini (əldən çıxmış fayda) irəli sürsə də, həmin halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. İş materiallarında mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 77 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 4700 manat məbləğində pul və 63,50 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun 13,50 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4700 manat pul, dövlət rüsumu kimi ödənilmiş 63,50 manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun 13,50 manat məbləğində hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar