Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3826/2025 11.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi, Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək, Cavabdeh 400 manat məbləğində pulun və 30.40 manat dövlət rüsumunun, cəmi 430.40 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran şəhər sakini olan Rahim Adil oğlunu əvvəllər və hazırda da Lənkəran şəhərində yerləşən “Böyük Bazar” adlanan bazarda qəssab kimi tanıyır. Keçən il o Qurban bayramı ərəfəsində kəsmək üçün bir baş xırda buynuzlu qoç almışdı və məqsədi də həmin qoçu Qurban bayramında kəsmək olmuşdur. Həmin qoç həyətdən qaçanda ayağında problem olduğu üçün axsayırdı. Ona görə də o Rahim qəssab olduğu üçün onun yanına gedərək həmin qoçun ayağını necə müalicə dəmək barədə soruşdu. O dedi ki, həmin qoçu ona ver, 2-3 gün onda qalsın, onu ya müalicə edər, yada kəsib, ətini satar, sənin pulunu verər. O da onu tanıdığı üçün onunla razılaşaraq getdi. 2-3 gün keçdikdən sonra o onun yanına getdi, o, ona dedi ki, qoçu kəsib və ətini satıb, narahat olma 1 həftəyə sənin pulunu verər. O həmin vaxtdan bu günə kimi hər həftə onun yanna gedir, lakin hər dəfə bir bəhanə gətirərək, onun pulunu verməkdən imtina edir. O ilkin olaraq Lənkəran ŞRPŞ-nə müraciət edib, Cavabdeh polis şöbəsinə dəvət olunaraq izahatı alınmış və orada verdiyi izahatında ondan bir baş xırda buynuzlu qoçun aldığını etiraf edib, lakin imkanı olmadığından onun pulunu qaytara bilmədiyini qeyd etmişdir. Ona görə də o hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmənin iclasında İddiaçı iddia tələbinə uyğun çıxış edərək qurbanlıq qoçu təxminən 380 manat müqabilində aldığını, qoçun ayağında axsaqlıq olduğuna görə onu qəssab işləyən Cavabdeh verdiyini, bunun müqabilində də cavabdehin eyni çəkidə qoç qaytarmalı olduğunu bildirib iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasına iddiaçının şifahi vəsatəti ilə dəvət edilmiş şahid X2 bildirmişdir ki, qoçu o, İddiaçı satmışdır. Qoşun çəkisi təxminən 22 kiloqram olmuş, kiloqramını isə 18 manatdan hesablamışlar. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər: Cavabdeh Kərimov X3 ŞRPŞ-yə verdiyi izahatda bildirmişdi ki, Şakir Baxşiyein ona verdiyi quzunun dəyəri 200 manat olmuş onu ona qoyuna ya müalicə yada onun qiyməti məbləğində ona həmin qoyun əvəzi pul verməli olduğunu bildirdi. Ümumi qoyun dəyəri 200 manatdır. Olan borc məbləğini İddiaçı verəcəyini bildirir. "xxxx" ASC tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, bazarda 1 kq quzu ətinin qiyməti 20 manat təşkil edir. Ödəniş qəbzindən görünür ki, iddiçı məhkəməyə müraciət etməkdən ötrü xx.xx.2025ci il tarixdə 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, tərəflərin iddia tələbinə münasibətini nəzərə alıb, iş materiallarını araşdıraraq, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə təqdm etdiyi sübutlarla cavabdehin ona 200 manat borclu olmasını sübut edə bilmişdir. Belə ki, bu fakt cavabdehin Lənkəran ŞRPŞ-də verdiyi izahatla təsdiq edilir. Şahid qismində dindirilmiş X1 ifadəsinə məhkəmə tənqidi yanaşaraq qeyd edir ki, onunla hazırki iddiaçı arasında alqı-satqının hansı formada və hansı məbləğə aparılması, hazırki iddia tələbi üzrə sübut qismində qəbul edilə bilməz. Çünki iddiaçı özü də qoçun axsadığını bildirmiş və cavabdehə eyni çəkidə heyvanı ona verməsi barədə razılamışdır. Bu razılaşmada qoçun dəyərinin 400 manat olması ilə bağlı sübut etmə yükü iddiaçının üzərinə düşür. Eləcə də iddiaçının Seyran Rəhimovdan qoçu daha baha qiymətə alıb satarkən ucuz qiymətə cavabdehə verməsi mümkün olan haldır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 350, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 200 manat, məhkəməyə iddia ərizəsilə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğdə pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddət keçdikdən sonra növbəti gün qüvvəyə minir. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-3826/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3826/2025
11.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver