Məhkəmə qərarları › İş №2(049)-3873/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3873/2025

17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3873/2025 17.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1350 manat borc məbləği və məhkəməyə müraciət etmək üçün ödədiyi 36.50 manat dövlət rüsumu - cəmi 1386.50 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, Lənkəran şəhərində doğulmuşdur və valideynləri ilə birlikdə Lənkəran şəhərində yaşayır. Cavabdehi özünün işlədiyi lombardda qonşu obyektdən tanımışdır. 2024-cü ildə cavabdeh anasının əməliyyat olunması ilə bağlı ondan 300 manat borc pul istəmiş, borcu hissə-hissə qaytaracağını dediyi üçün o da cavabdehə pul vermişdir. O, 2024-cü ilin fevral, mart və aprel ayları ərzində iynə-dərman almaq üçün cavabdehin kartına cəmi 750 manat pul göndərmişdir. 2024-cü ilin iyul ayında cavabdehdən borcu geri qaytarmasını istədikdə, o, maddi vəziyyətinin çətin olduğunu və işləmədiyini, üstəlik ayağının əməliyyat olunmalı olduğunu, ola bilər ki, ayağının kəsiləcəyini demiş və yenə ondan pul istəmişdir. Cavabdeh öz qohumlarında pul olmadığını və kömək edə bilməyəcəklərini deiyi üçün ona rəhmi gəlib 700 manat göndərmişdir. Cavabdeh əməliyyat olunandan sonra işləmədiyi üçün ondan yenə 5-10 manat məbləğlərdə pul göndərməsini xahiş etmiş, o da cavabdehin imkansız olduğunu gördüyü üçün hər dəfə onun kartına xırda məbləğlərdə pul göndərmişdir. Cavabdeh aldığı pulların hamısını qaytaracağını vəd etmişdir. 2025-ci ilin yanvar ayının 5-də cavabdeh artıq işləməyə başladığı üçün mobil telefonda ona mesaj yazaraq borcunu qaytarmasını istəmiş, cavabdeh isə onu təhqir edərək nömrəsini bloklamışdır. 2025-ci ilin fevral ayının 6-da cavabdehin qohumu onun iş yerinə gələrək borcun 500 manatdan ibarət hissəsini qaytarmış, qalan pulu fevral ayının sonunda qaytaracaqlarını demişdir. Lakin həmin vaxtda da borc qaytarılmamış, sonradan cavabdehin atası iki dəfə onun yanına gələrək 2025-ci ilin aprel və may, daha sonra iyun aylarına qədər vaxt verməsini xahiş etmişdir. O, vaxt versə də, borc məbləği qaytarılmamışdır. Borcu almaq üçün məcburiyyət qarşısında qalaraq xx.xx.2025-ci il tarixdə ərizə ilə polis şöbəsinə müraciət etmiş, polis şöbəsində araşdırma zamanı o, cəmi 150 manatı geri ala bilmiş, polis şöbəsindən verilən məktubda məhkəməyə müraciət etməsi ona tövsiyə edilmişdir. Hazırki vəziyyətdə cavabdehin ona 1350 manat borcu qalmışdır. Cavabdeh həmin məbləği ödəməkdən imtina etdiyinə görə o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 36.50 manat dövlət rüsumu ödəmişdir. Hazırda o, cavabdehdən 1350 manat borc məbləği və məhkəməyə müraciət etmək üçün ödədiyi 36.50 manat dövlət rüsumunu tələb edir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, cavabdehlə aralarında olan tanışlıq münasibətlərinə görə və cavabdeh aldığı pulları qaytarcağına onu inandırdığından ayrı-ayrı vaxtlarda cavabdehə müxtəlif məbləğlərdə borc pul verməyə razı olmuşdur. Ancaq sonradan cavabdeh borcu ödəməkdən müxtəlif bəhanələrlə yayınmış və onların münasibətləri pozulmuşdur. Cavabdeh indiyədək də ona olan borcundan cəmi 650 manat ödəmiş, 1350 manat məbləğ ödənilməmiş qalmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazı olmadığını bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, bir müddət əvvəl iddiaçı ilə tanışlıq münasibətləri yaranmışdır. Sonradan maddi vəziyyəti ilə bağlı pula ehtiyacı olduğuna görə iddiaçıdan borc pul istəmiş, iddiaçı da 2024cü il ərzində ona ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə borc pul vermişdir. İddiaçıdan aldığı pulların bir hissəsini sonradan qaytarsa da, borcunu tam olaraq ödəyə bilməmişdir. Bu səbəbdənə iddiaçı ilə münasibətləri pozulmuş və sonradan iddiaçı onun barəsində iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O, iddiaçıya 1350 manat borcu olduğunu etiraf edir, ona olan borcunu hissə-hissə ödəyəcəkdir. Eyni zamanda, iddiaçının ödədiyi 36.50 manat dövlət rüsumu məbləğini də ödəməyə etiraz etmir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı tərəflərin dəlilləri, həmçinin, iş materiallarına əlavə edilmiş köçürmələrə dair hesabdan çıxarışlar və yazışmalar, iddiaçının polis şöbəsinə müraciətinə cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli məktub və xx.xx.2025-ci il tarixli mədaxil qəbzi ilə işin mübahisələndirilməyən halları olaraq müəyyən edildi ki, tərəflər arasında olan razılaşmaya əsasən iddiaçı 2024-cü ilin fevral, mart və aprel ayları ərzində və ondan sonrakı müddətlərdə cavabdehə ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə borc pul vermişdir. İddiaçı cavabdehə borc olaraq verdiyi məbləğlərin bir hissəsini geri ala bilmədiyi üçün ərizə ilə polis şöbəsinə müraciət etmiş, polis şöbəsindən verilən məktubda məhkəməyə müraciət etməsi ona tövsiyə edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün 36.50 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı cavabdehə verdiyi və ödənilməmiş qalan 1350 manat borc məbləği və məhkəməyə müraciət etmək üçün ödədiyi 36.50 manat dövlət rüsumu - cəmi 1386.50 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsasları olaraq onunla cavabdeh arasında olan şifahi razılaşmalara, pulun göndərilməsi ilə bağlı köçürmələrə dair hesabdan çıxarışlara və mobil telefonla yazışmalara istinad edir. Cavabdeh iddia tələbinə etirazı olmadığını, iddiaçıya 1350 manat borcu olduğunu etiraf etdiyini, həmin borcu və dövlət rüsumunu hissə-hissə ödəyəcəyini bildirir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının və cavabdehin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı 2024-cü ilin fevral, mart və aprel ayları ərzində və ondan sonrakı müddətlərdə cavabdehə ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə borc pul vermişdir. Sonradan cavabdeh aldığı borc məbləğlərinin bir hissəsini ödəsə də, borc məbləğinin 1350 manatdan ibarət hissəsi ödənilməmişdir. Həmin faktlar iddiaçının dəlilləri və iş materialları ilə tam sübuta yetirilmiş, cavabdeh də bunu inkar etməmişdir. Məhkəmə hazırki iddia tələbi üzrə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinə qiymət verərəkən ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə tərəflər arasında borc alnıb-verilməsi ilə bağlı şifahi razılaşma olduğu müəyyən olunmuşdur. Cavabdeh özü də belə bir razılaşmanın olduğunu inkar etmədiyinə görə məhkəmə tərəflər arasında olan şifahi razılaşmanı şifahi formada bağlanmış borc müqaviləsi kimi nəzərə alır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinə mülki qanunvericiliyin borc müqaviləsindən irəli gələn müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Qanunvericiliyin tələbinə əsasən borc müqaviləsində tərəflərdən birinin digərinə müəyyən məbləğdə pulu və ya digər əvəz edilən əşyanı müqavilənin digər tərəfinin mülkiyyətinə keçirmək öhdəliyini, alan tərəfin isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində geri qaytarmaq öhdəliyini üzərinə götürdükləri nəzərə alınarsa, hazırki işin faktiki hallarından iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra edərək cavabdehə borc pul verdiyi, bununla da, borcun alınıb-verilməsi ilə bağlı hüquq münasibətlərindən irəli gələn öhdəliyini borcverən olaraq icra etdiyi görünür. Lakin sonradan cavabdehin aldığı borcu tam şəkildə qaytarmış olması, bununla da, borcun alınıb-verilməsi ilə bağlı hüquq münasibətlərindən irəli gələn öhdəliyini borcalan olaraq tam icra etməsi halları müəyyən edilməmişdir. İddiaçının cavabdehə borc olaraq verdiyi məbləğlərin 1350 manatdan ibarət hissəsinin indiyədək qaytarmadığı iddiaçının dəlilləri ilə yanaşı cavabdehi özünün etirafı ilə də təsdiq edilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə iddiaçının dəlillərini iddia tələbinin əsası kimi istinad edilən halların təsdiqi üçün yetərli olduğunu qəbul edir və hesab edir ki, cavabdeh borcalan olaraq öz öhdəliyini yerinə yetirmədiyinə görə iddiaçının borcverən kimi borcun tam şəkildə qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə tədqiq olunmuş sübutlara qeyd olunan hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə qiymət verərək qərara gəlir ki, cavabdehin iddiaçıya 1350 manat borcu qalması işin faktiki halları ilə sübuta yetirilmiş, cavabdeh özü də iddia tələbini qəbul etmişdir. Cavabdeh tərəfindən iddia tələbinin həmin hissəsinin etiraf edilməsi qanuna zidd olmayıb hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından cavabdehin etirafının məhkəmə tərəfindən təsdiq edilməsinə də heç bir maneə yoxdur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin 1350 manat borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 36.50 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh borc məbləği olaraq 1350 və dövlət rüsumu kimi ödənilmiş 36.50 manat - cəmi 1386.50 manat tutularaq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar