Məhkəmə qərarları › İş №2(049)-3893/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3893/2024

04.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3893/2024 04.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X4, İddiaçı: Javadov Mirmailin iştirakları ilə, İddiaçı Mirmail Javadovun Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə. müəyyən etdi: İddiaçı Mirmail Javadov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 750 manat pulun, 100 manat digər xərclərin və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ildə Qazaxıstan Respublikasından Azərbaycana gəlmiş və hazırda Lənkəran rayonu, Rvo kəndində yaşayır. Ailəlidir, 3 övladı var. Heç kimlə düşmənçilik və şəxsi ədavəti yoxdur. Cavabdeh qonşu kənddə yaşayır və onunla 10 ildən çoxdur ki, münasibəti var. 2020-ci ilin sentyabrında, çayxanada söhbət zamanı cavabdehə sürücülük vəsiqəsinə ehtiyacı olduğunu bildirmiş, o isə ona meruda işlədiyini, dəfələrlə başqa şəxslərə sürücülük vəsiqəsi düzəltdiyini və bununçün 720 manat rüsum ödəmək lazım olduğunu demişdir. O, cavabdehlə razılaşmış və 2020-ci ilin sentyabr ayında 720 manatı Zabitə vermişdir. Bir neçə ay sonra Zabitdən vəziyyətin nə yerdə olduğunu soruşanda, cavabdeh onun üçün Qazaxıstan Respublikasına sorğu verildiyini, cavab gələn kimi Sumqayıta gedib sürücülük vəsiqəsini götürəcəyini bildirmişdir. 2020-ci ilin dekabrında cavabdeh yenidən sorğu ilə bağlı ondan əlavə 80 manat pul istəmiş, üstündə pul az olduğu üçün o, cavabdehə 30 manat vermiş və 50 manatı sürücülük vəsiqəsi hazır olanda cavabdehə verəcəyini demişdir. Bundan sonra dəfələrlə soruşsa da, Zabit onu aldatmış və bir daha ondan xəbər ala bilməmişdir. Nəhayət aldandığını başa düşüb hadisə ilə bağlı Lənkəran ŞRPŞ-yə ərizə ilə müraciət etmişdir. Təhqiqat zamanı cavabdehin olduğu yer barədə müsbət cavab əldə olunmadığı üçün onun ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlanılmış və sürücülük vəsiqəsi almaq adı ilə ondan 750 manat pul aldığı üçün onun haqqında polisə şikayət etdiyini onun nəzərinə çatdırmışlar. Cavabdeh isə öz növbəsində onu tanıdığını, dosluq münasibətində olduğunu və ondan həqiqətəndə 750 manat pul aldığını etiraf etmişdir. Daha sonra bildirmişdir ki, Bakıdakı işləri bitincə gəlib polisdə izahatını verəcəkdir. Polsidə araşdırma zamanı Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bütün bunlara baxmayaraq cavabdeh pulu qaytarmaqdan yayınır və dəfələrlə ona xəbər göndərməyinə baymayaraq bu günə kimi bir manat olsun belə pul ödəməmişdir. Cavadehin onu aldadaraq etibarından sui-istifadə etməsi nəticəsində vurduğu ziyan təkcə 750 manat vəsaitlə yekunlaşmır. Belə ki, bu günə qədər borcun tələb edilməsi istiqamətində saysız-hesabsız telefon danışıqlarına, nəqliyyat xərclərinə və bu kimi digər xərclərə əlavə olaraq 100 manatdan çox pul xərcləmiş ki, hesab edir ki, həmin xərclər də cavabdehdən tutularaq ona ödənilməlidir. Yuxarıda sadaladığlarına görə o, mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Mirmail Javadov izahatında bildirdi ki, hazırda Azərbaycan Respublikasınd daimi yaşaq icazəsi ilə yaşayır. Onun ad soyadı X1r. İddia ərizəsində göstərilənləri təsdiq edib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi cavabdehin elektron kabinetinə yerləşdirilməklə lazımi qaydada xəbərdar edilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəmə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin “Cinayət işi başlanmasının rədd edilməsi” barədə qərardan görünür ki, X2 pul tələbi ilə bağlı mübahisə üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə cinayət işi rədd edilmiş və ona mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmə müraciət etmək üçün ümumilikdə cəmi 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iddia tələbini, məhkəməyə sübut kimi təqdim edilmiş sənədləri araşdırıb, habelə tərəfləri dinləyib nelə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2021-ci il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, “mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. “ Məhkəmə, qeyd olunan normalara, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan qərarlarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, hazırkı iş üzrə təqdim edilmiş sübut, Lənkəran ŞRPŞ-nin 28 dekabr 2021-ci il tarixli qərarı işin halları ilə təsdiq olunduğuna görə sübut kimi qəbul edilməlidir. Belə ki, qeyd olunan qərardan da cavabdehin iddiaçıya borcu olması tam təsdiq edilmişdir, habelə həmin qərar cavabdeh tərəfindən mübahisləndirilməmişdir. Məhkəmə, MPM-nin 82.4-cü maddəsinin imperativ normasına əsasən hesab edir ki, qanuni qüvvəyə minim qərarda göstərilən hal məcburi əhəmiyyətə malik olduğundan iddia tələbi təmin edilməlidir. Məhkəmə, göstərilən normalara əsasən, habelə məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, iddianın təmin edilməsi qanunvericilik baxımından da əsaslıdır. Bununla yanaşı məhkəmə, iddianın digər xərclər kimi 100 manat tələb edilməsi hissəsinə dair qeyd edir ki, həmin halla bağlı məhkəməyə hər hansı sübut- foto, video, qəbz, sənəd, şahid ifadəsi təqdim edilmədiyinə görə iddia həmin hissədə MPM-nin 77.1-ci maddəsinin tələbləri baxımından rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu 30 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə, qət etdi: İddiaçı Mirmail Javadovun iddiası qismən təmin edilsin. Cavabdeh 750 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Mirmail Javadova ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar