Məhkəmə qərarları › İş №2(049)-3914/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3914/2025

01.12.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3914/2025 01.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması» tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhəri, Hacılar küçəsində yerləşən 0.0066 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyat aparılmaqla çıxarışın və texniki pasportun verilməsi üçün onun və 10 saylı Əİ-nin mütəxəssislərinin fərdi yaşayış evinin müayinə olunmasına Cavabdeh tərəfindən yaradılan süni maneələr (0,0066 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin ölçülməsinə) və digər qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli, 4Ə-951 saylı daşınmaz əmlakın bağışlanılması müqaviləsinə əsasən oğlu X4 (hədiyyə verən) ƏMDK-nın yanında DƏDRX- nin 10 saylı Lənkəran Əİ tərəfindən xx.xx.2018-ci il tarixli, **********00 reyestr nömrəli ********** qeyddiyyat nömrəli dövlət reyestrindən çıxarışla mülkiyyətində olan 0.0066 ha torpaq sahəsini ona bağışlamışdır. Həmin bağışlanılma müqaviləsi əsasında o, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Lənkəran şəhəri, Hacılar küçəsində yerləşən 0.0066 ha torpaq sahəsinin onun xüsusi mülkiyyətinə verilməsinə dair **********00 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il tarixli çıxarış almışdır. Bildirmək istəyir ki, oğlu Kərəm Əbilov cavabdehlə ailə həyatı qurduqdan sonra hal-hazırda çıxarışla mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə cavabdeh gəlin gəlməmişdir. Həmin fərdi yaşayış evi də demək olar ki, artıq cavabdehlə ailə qurana qədər başa çatdırılmışdı (həmin ev onun tərəfindən tikilib) və bir müddət keçəndən sonra oğluyla cavabdeh həmin fərdi yaşayış evinə köçmüşdür. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi (0.0066 ha) qardaşı tərəfindən oğlu Kərəm Əbilova bağışlanılmışdır. Həmin torpaq sahəsinə dair o, xx.xx.2018-ci il tarixdə müvafiq çıxarış da almışdır. Bağışlanan daşınmaz əmlakı da (birgə nikah dövründə əldə olunan əmlak sayılmadığına görə) oğlu yuxarıda qeyd olunduğu kimi xx.xx.2025-ci il tarixdə ona bağışlamışdır. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı 10 saylı Əİ-yə müraciət etməyinə baxmayaraq hüquqların dövlət qeydiyyatından imtina edilmiş və xx.xx.2025-ci il tarixli cavab məktubda 0.0066 ha torpaq sahəsi üzərində yerləşən yaşayış evinin faktiki yerində olan vəziyyəti ilə bağlı müayinə (çöl ölçmə işləri) təmin olunan zaman mübahisənin mövcud olması səbəbindən ərizənin icrasının qeyri-mümkün olması qeyd olunmuşdur. Haqlı olaraq 10 saylı Əİ bu cür cavab yazmışdır ki, cavabdeh 10 saylı Əi-nin nümayəndələrini qərəzli şəkildə evə buraxmamış və bununla da süni maneələr yaradaraq müayinənin qarşısını almışdır. Həmin məktubda bundan əlavə tərəflər arasında fərdi yaşayış evi ilə bağlı məhkəmə çəkişmələrinin olması səbəbi də qeyd olunmuş, lakin iddia ərizəsinə əlavə etdiyi vəkil sorğusuna cavab olaraq Lənkəran rayon Məhkəməsi tərəfindən göndərilmiş məktubda elektron Məhkəmə informasiya ssistemində qeydiyyata alınmış işlər üzrə Cavabdeh ilə İddiaçı arasında fərdi yaşayış evi ilə bağ! hansı mülki mübahisənin olmadığı qeyd olunmuşdur. Lənkəran şəhəri, Hacılar küçəsində yerləşən 0.0066 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyat aparılmaqla çıxarışın və texniki pasportun verilməsini xahiş etsə də, 10 Əİ-də idarənin müavini tərəfindən qəbul edilmişdir və ona şifahi olaraq həmin ərazidə bir dəfə nümayəndələrin olmasını, cavabdeh tərəfindən müayinəyə süni maneələr yaradılmasını izah edərək müayinə aparılmasının qeyri-mümkün olduğunu bildirmiş və bununla bağlı məhkəmədə iddia qaldırmağını tövsiyyə etmişdir. Hazırki vəziyyətdə cavabdeh Əbilova X3 şəhəri, Hacılar küçəsində yerləşən 0.0066 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyat aparılmaqla çıxarışın və texniki pasportun verilməsi üçün 10 saylı Əİ-nin mütəxəssislərinin fərdi yaşayış evinin müayinə olunmasına süni maneçilik törədir və həmin mütəxəssislərin evə daxil olmasına şərait yaratmır (qapını açmır). Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirirmişdir ki, o, iddiaçının oğlu olan X4 ilə 3 iyun 2016-cı ildə ailə qurmuşdur. Nikahları 09 fevral 2017-ci ildə rəsmiləşdirilmişdir. Onlar 3 iyun 2016-cı ildə qeyri-rəsmi nikaha daxil olmuşdurlar. O, iddiaçının qardaşı olan X1 yaşadığı evinə gəlin getmişdir. İddiaçı məhkəməyə tamam yalan və böhtan iddia yazdığı üçün onun iddiasını qəti surətdə qəbul etmir və ona öz etirazını bildirir. Belə ki, cavabdeh onun evinə gəlin gedərkən onların yaşamağa bir otaq evləri var idi. İndi də iddiaçı həmin bir otaqda arvadı ilə yaşayır. İddiaçının qardaşı X5 onlara müvəqqəti yaşamaq üçün bir otaq vermişdir. Cavabdeh həmin otağa gəlin gəlmiş və cehiz əmlakını da həmin otağa yığmışdır. O, əminin onlara müvəqqəti yaşamaq üçün verdiyi otaqda 2 il həyat yoldaşı olan Əbilov Kərəm ilə yaşamışdılar. Sonradan əmisi Əbilov Gülverdi özünə məxsus olan torpaqdan 0,00661 hektar torpaq sahəsini Kərəmə 2018-ci ilin may ayında bağışlamışdır. Həyat yoldaşı olan X4 15 may 2018-ci il tarixində həmin torpağa çıxarış almışdır. Onlar birgə nikah dövründə, yəni 21 may 2018-ci il tarixində evlərini tikməyə başlamışdılar. Avqust ayında tikintini başa çatdırmışdılar. Həmin ayın 26-da onlar təzə evlərinə köçmüşdülər. Təzə evləri 2 mərtəbəli evdir. Onun həyəti yoxdur. Qapısı düz yola açılır. Onun gəlin getdiyi ev şəkildən də aydın görünür ki, bir mərtəbəlidir. Təzə evinin bu cür pilləkənləri yoxdur. Gəlin getdiyi evin həyəti var. Xahiş edir ki, evinə yerli baxış keçirilsin. Onun həyat yoldaşı X4 düz yoldan azdığı üçün ailə və uşaqlara baxmır və xoşagəlməz həyat tərzi keçirdir. Cavabdeh ondan bezdiyi üçün boşanma və aliment tələbi ilə məhkəməyə iddia qaldırmışdır. Əri bilir ki, nikah pozulduqdan sonra o, birgə nikah dövründə əldə olunan əmlakın bölgüsü barədə məhkəməyə iddia qaldıracaq. Buna görə də həyat yoldaşı X4 əmisinin ona bağışladığı torpaq sahəsini atası İddiaçı bağışlamışdır. Atası həmin torpağa xx.xx.2025-ci il tarixində çıxarış almışdır. Hazırda onların birgə nikah dövründə tikdiyi evi öz adına rəsmiləşdirməklə onu və 2 uşağını evdən çıxartsın. O da haqlı olaraq birgə nikah dövründə tikdiyi evə başqa şəxsləri buraxmır. İddiaçı haqsız olaraq iddia ərizəsində yazır ki, guya həmin ev tikilmişdir. Sonra oğlu və cavabdeh o evə köçmüşdülər. Bu yalandır. Məhkəməni və onları aldadır. Yuxarıda göstərdiyi faktlar sübut edir ki, iddiaçı yalan ifadələr yazıb. Əmisi ona 2018-ci il may ayında torpaq bağışlayıb. O onların evinə 2016-cı ildə gəlin getmişdir. 2018-ci ilin may ayının 26-dan evi tikməyə başlamışdılar, avqust ayının 26- da isə evlərinə köçmüşdülər. Cavabdeh evin ilk bünövrəsindən başlayaraq dam örtüyünə qədər və evin təmirinə kimi zəhmət çəkib işləmişdir. Onlar birgə nikah dövründə özlərinə, yəni Əbilov Kərəmin adına xaricdə istehsal olunan və dəyəri 17.000 manat olan minik maşını da almışdılar. Bölgüdən yayınmaq üçün maşını da bu yaxınlarda anasının adına köçürtmüşdür. Hörmətli məhkəməyə bildirir və çox xahiş edir ki, haqq və ədalətin sübut olunması üçün evinə yerli baxış keçirəsin və canlı şahid olan iddiaçının doğma qardaşı X2 məhkəməyə dəvət edilsin. Təkrar edir ki, İddiaçı yalan və böhtan ifadələrlə yazılmış iddiasını qəbul etmir və ona qəti etirazını bildirir. İddiaçı iddiası əsassız, yalan və böhtan xarakterli olduğu üçün, həm də heç bir hüquqi əsası olmadığından onun iddiasını rədd edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəməyə təqdim etdim etdiyi iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, iddia əsassız və yalan olduğundan iddianı qəbul etmir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan “daşınmaz əmlakın bağışlanmasına dair” xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Lənkəran şəhəri, Hacılar küçəsində yerləşən 0.0066 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi hədiyyə verən X4 tərəfindən hədiyyə alan İddiaçı bağışlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyat nömrəli, **********00 reyestr nömrəli çıxarışdan görünür ki, Lənkəran şəhəri, Hacılar küçəsində yerləşən 0.0066 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 10 saylı Lənkəran əraz idarəsinə ünvanlanmış ərizənin surətindən görünür ki, ərizəçi Lənkəran şəhəri, Hacılar küçəsində yerləşən 0.0066 ha torpaq sahəsi üzrəində yerləşən yaşayış evinin vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatının aparılmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, sözügedən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin faktiki yerində olan vəziyəti ilə bağlı müayinə (çöl ölçmə işləri) təmin olunan zaman mübahisənin mövcud olması səbəbindən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsində qeyd edilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Eyni Məcəllənin 5.1-ci maddəsində qeyd edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Eyni Məcəllənin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Eyni Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Eyni Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (A.Bağırova şikayəti üzrə Konstitusiya Məhkəməsinin 01 mart 2023-cı il tarixli qərarı). İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçılanın mülkiyyətində olan Lənkəran şəhəri, Hacılar küçəsində yerləşən 0.0066 ha olan pay torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsində Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşları tərəfindən müayinə keçirilməsinə iddiaçı ilə cavabdeh arasında mübahisə mövcuddur. Məhkəmə belə qənaətə gəlir ki, “maneələrin aradan qaldırılması” hissəsində iddia tələbi təmin edilməlidir. Məhkəmə iddia tələbinə “cavabdehin digər qanunsuz hərəkətlərinə son qoyulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbində konkret olaraq cavabdehin qanunsuz hərəkətlərinin hansı hərəkətlərdən ibarət olduğu qeyd edilməmişdir. Qeyd edilən səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsalanaraq və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyat nömrəli, **********00 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan və Lənkəran şəhəri, Hacılar küçəsində yerləşən 0,0066 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə yerində müayinə keçirilməsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsininin əməkdaşlarına Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar