Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3916/2025 01.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.550 (min beş yüz əlli) manat pulun və ödənilmiş 35,5 (otuz beş manat əlli qəpik) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun oğlu Cavabdeh 2024-cü ilin təqribən yay aylarında iddiaçının yanına gələrək ondan 350 (üç yüz əlli) manat məbləğində borc istəmişdir. O, da övladına həmin məbləğdə borcu vermişdir. Qeyd edir ki, o, Lənkəran rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Bundan əlavə pensiya da alır. Oğlu ondan həmin məbləğdə pulu alarkən qeyd etmişdir ki, yaxın zamanda işə girəcək və işə girən kimi pulu qaytaracaq. İddiaçı da bu səbəbdən oğluna həmin məbləğdə pulu borca vermişdir. Bundan təqribən qısa müddət sonra oğlu Cavabdeh yenidən onun yanına gələrək ona təcili olaraq 1200 (min iki yüz) manat məbləğində pul lazım olduğunu bir neçə günə işə düzələcəyini və işə düzələn kimi onun 1550 (min beş yüz əlli) manat pulunu qaytaracağını demişdir. İddiaçı da övladına xatir həmin 1200 (min iki yüz) manat məbləğində pulu ona borc olaraq vermişdir. Oğlu bir neçə gündən sonra Haftoni qəsəbəsində yerləşən "SPRİNQ" Hoteldə işə düzəldi. Lakin həmin vaxtdan bəri təqribən 1 ilə yaxındır ki, oğlundan mütəmadi olaraq borcunu geri qaytarmasını istəmişdir. Lakin oğlu ona deyir ki, “məni ver məhkəməyə mən də sənə hər ayda 100 (yüz) manat pul verərəm”. O bir müddət gözləmişdir ki, bəlkə iddiaçının pulunu geri qaytaracaqdır. Lakin o, görmüşdür ki, oğlunun həqiqətən də ona olan borcunu geri qaytarmaq fikri yoxdur. Onu da qeyd edir ki, oğlu ilə münasibəti ona görə pozulmuşdur ki, oğlu 2024-cü ilin sentyabr ayının sonlarında iddiaçı ilə cavabdehin qaynı arasında mübahisə düşmüşdür. İddiaçı oğlunun qaynına irad bildirəndə oğlu Fuad onun üzərinə cumaraq onu yumruqla döymüşdür. Bundan sonra iddiaçı Lənkəran ŞRPŞ-nə şikayət etmişdir. Lakin sonradan oğlunun həbs edilməsinə insafı yol vermədiyi üçün şikayətini geri götürmüşdür. Çünki, əgər o, şikayətçi olsaydı oğlu həbs ediləcəkdi və həmin işdə onun əlindən çıxacaqdı. O şikayətçi olmadığı üçün elə güman elədi ki, oğlu onunla münasibətlərini qaydasına qoymağa çalışacaqdır. Lakin yenə də onun islah olmadığını və ona qarşı hörmətsizlik etməyə davam eldiyini görüb, məcbur qalaraq məhkəməyə ona verdiyi pulu geri almaq üçün müraciət etməyi qərarlaşdırmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh oğlu Cavabdeh borcunu qaytarmayaraqla onu maddi olaraq çətin vəziyyətdə qoyur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıdan pul almadığını bildirmiş, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, tələb təmin edilməməlidir. Beləliklə işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 1550 manat məbləğində borc pul verdiyini, cavabdehin həmin borcu qaytarmadığını iddia edir. Bu səbəbdən cavabdehdən borca dair 1550 (min beş yüz əlli) manat pulun və ödənilmiş 35.5 (otuz beş manat əlli qəpik) manat dövlət rüsumunu tələb edir. İddiaçı məhkəməyə iddia tələbini əsaslandırmaq üçün heç bir sübut təqdim etməmişdir. Cavabdeh ərizəsində iddiaçıdan 2024-cü ildə "SPRİNQ" Hoteldə işə düzəlmək üçün pul almasının mümkün olmadığını, çünki 04.06.209-cu il tarixdən həmin oteldə otel xidmətçisi kimi çalışdığını bildirərək iş yerinə dair arayışı iş materiallarına əlavə etmişdir. Atasının ona qarşı irəli sürdüyü tələbin qanunauyğun olmadığını bildirmişdir. Bunun səbəbi də aralarında olan mübahisələrlə bağlıdır. İddia tələbindən görünür ki, tərəflər arasında yaranmış mübahisə borc müqaviləsinin icra edilməməsindən irəli gəlir ki, bu tələbi qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 14.2 maddəsinin tələbinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Həmçinin həmin məcəllənin 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1 maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, qanunvericilik borc müqaviləsi üçün borc müqaviləsi predmetinin məbləğinin üç min manatdan çox olmadığı hallarda yazılı formanı məcburi şərt kimi nəzərdə tutmur. Lakin, mübahisə halında, xüsusilə də borcun ümumiyyətlə verilibverilməməsi məsələsi mübahisələndirilən halda, borc münasibətlərinin mövcudluğu sübut edilməli hala çevrilir ki, bu halda sübut etmə vəzifəsi belə münasibətin həqiqətən mövcud olduğunu iddia edən tərəfin üzərinə düşür. Hazırda iddia tələbində qeyd edilən borc 1550 manat, yəni 3.000 manatdan az məbləğdə olmaqla bu borca dair tərəflər arasında heç bir yazılı formada müqavilə bağlanmamışdır. MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı iddianın əsasını təsdiq edən sübutları, yəni cavabdehə iddiaçı arasında yazılı borc müqaviləsinin mövcudluğunu təsdiq edən yazılı borc müqaviləsini məhkəməyə təqdim etdiyindən, bunun əksini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür ki, cavabdeh də həmin sübutları məhkəməyə təqdim etməmişdir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə hesab edir ki, hazırki mübahisədə sübut etmə vəzifəsi iddiaçının üzərində olduğundan, cavabdehin onun qarşısında öhdəliyinin yaranmasına və öhdəliyə dair pulun ödənilib ödənilmədiyinə dair heç bir əsaslı sübut təqdim olunmadığından onun irəli sürdüyü tələb əsassızdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən müəyyən edilir ki, iddiaçı tərəfindən hazırki mülki iş üzrə iddia ərizəsinin məhkəməyə verilməsi üçün 35.5 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 35,5 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-3916/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3916/2025
01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver