Məhkəmə qərarları › İş №2(049)-3961/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3961/2024

26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3961/2024 26.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında 26 dekabr 2024-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1000 manat borcun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun bacısıdır. Əvvəllər işlədiyinə görə maaş alırdı. 2020-ci ildə cavabdeh ondan 1200 manat borca pul istəmiş və o, pulu hansı səbəblərə görə borc aldığını soruşanda, oğlunun həbs olunduğunu və onun yanına getməsi üçün lazım olduğunu bildirmişdir. O da bacısı olduğuna görə 1200 manat məbləğdə pulu ona vermişdir. Dəfələrlə bacısına borcun qaytarılmasını desə də sonuncu vəziyyətlərinin pis olduğunu, bir qədər ona vaxt verilməsini istəmişdir. Buna görə də ona vaxt vermiş və ondan 1200 manatı deyil, heç olmazsa 1000 manat pulu geri qaytarmasını xahiş etmişdir. Lakin yenə də bacısı ondan vaxt istəmiş və oğlu həbsdə olduğuna görə onun yanına gedib-gəldiyini, xəstə olduğunu, dərman pulunu güclə çatdırdığını qeyd etmişdir. Bacısı Ülviyyə və yoldaşının pensiyaya çıxdığını və onların vəziyyətlərinin yaxşı olduğunu bilib verdiyi 1200 manat borcundan 1000 manatın geri qaytarmasını xahiş etmişdir. Lakin, cavabdeh Ülviyyə bu günə kimi onun borcunu qaytarmamış və o, məcburiyyət qarşısında qalaraq Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət etmişdir. Cavabdeh PŞ-də izahat verərək ona borclu olduğunu etiraf etmişdir. Ona da Lənkəran ŞRPŞ-dən cavab verilərək bildirilmişdir ki, onun şikayəti mülki qaydada həll olunmalı olduğundan onun məhkəməyə müraciət etmək hüququ vardır. O, Lənkəran ŞRPŞ-dən cavabdehin izahatını tələb etsə də, ona yalnız məhkəmə sorğusu əsasında verilə biləcəklərini bildirmişlər. Hazırda heç bir yerdə işləmir və heç bir yerdən gəliri yoxdur. Oğlu taksi fəaliyyəti ilə məşğul olur və onları dolandırır. Cavabdeh və yoldaşı isə pensiya alır. Borcluya dəfələrlə xəbər göndərməsinə baxmayaraq, o, borcunu ödəmir. Ona görə də məcburiyyət qarşısında qalraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddiasını müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, bacısının ona borclu qalmasını iddia ərizəsdinə əlavə etdiyi WhatsApp sosial şəbəkəsi vasitəsilə cavabdehin qızı Tükəzbanla etdiyi yazışmalarla sübuta yetirir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçını dinləyib, işdə olan materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə işdə olan WhatsApp sosial şəbəkəsi vasitəsilə iddiaçının cavabdehin qızı Tükəzbanla etdiyi yazışmalardan görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Tükəzbana kartının şəklini atıb mesaj yazaraq cavabdehə verdiyi 1000 manat pulun hissə-hissə həmin karta göndərilməsini xahiş etmişdir. Cavab mesajında Tükəzban iddiaçıya yazmışdır ki, onsuzda keçən dəfə onun anası demişdir ki, onun pulunu verərik... pulunu sənə çatdıracağıq. Məhkəmə qeyd edir ki, iddiaçı öz iddia ərizəsində iddiasının əsası kimi həmin WhatsApp yazışmalarını göstərsə də, cavabdeh iddia ərizəsinin surətin aldığına baxmayaraq iddiaya qarşı etiraz verməmişdir. Buna görə də, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya pul borclu olması faktı iş materialları ilə tam təsdiq olunduğu üçün əsaslı sayılaraq təmin edilməli, Cavabdeh 1000 manat məbləğində pul tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və sonuncudan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1000 manat məbləğində pul, eləcə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 1030 (bir min otuz) manat alınaraq, İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar