Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3998/2024 10.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X1, İddiaçı: İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2300 manat pulun, 43 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi uzun müddətdir ki tanıyır. Belə ki, Cavabdeh indiyənədək əlbəəl şəkildə müxtəlif vaxtlarda ondan borc müqabilində pul almışdır. Ümumi olaraq müxtəlif vaxtlarda 500 manat, 200 manat, 500 manat, 500 azn 500 manat və 1000 azn məbləğində pul vəsaitini ondan almış və yaxın bir müddət ərzində qaytaracağını bildirmişdir. Lakin ümumilikdə olan 3200 manat pul vəsaitindən bugünə kimi cəmi 900 azn məbləğində pul qaytarmışdır. Geridə qalan 2300 manat pulu isə hələdə qaytarmamışdır. Cavabdeh həmin borcu 2 il müddət ərzində qaytarmasını bildirsə də, söylədiyi müddətdən artıq 2 il keçmişdir. Bu günə kimi geridə qalan 2300 manat pul vəsaitindən heç bir hissəsini ona qaytarmamışdır. Öz üzərinə düşən öhdəliyi yerinə yetirmədiyinə görə bu barədə özünə dəfələrlə şifahi şəkildə xəbərdarlıq edilib məlumat verilmişdir. Lakin cavabdehə bu barədə öz iradını bildirdikdə müxtəlif bəhalələrlə süni maneələr yaradaraq yaxın bir müddət ərzində verəcəyini ona söyləmişdir. Lakin buna baxmayaraq Cavabdeh 2 il müddətində ödənilməli olan lakin ödənilməmiş 2300 manat pulun heç bir hissəsini ona qaytarmamışdır. Məhkəməyə müraciət etməzdən əvvəl pretenziya qaydasında özünə xəbərdarlıq etməyimə baxmayaraq heç bir xəbər çıxmamışdır. İddia ərizəsinə ödəniş çekləri ilə bağlı ödəniş qəbzləri sübut kimi əlavə olunmuşdır. Cavabdehi bu barədə xəbərdarlıq etməyimə baxmayaraq heç bir razılıq əldə olunmamışdır. Bütün bunları nəzərə alaraq sonda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, cavabdeh onun keçmiş kürəkənidir. Keçmiş kürəkəni ondan iş qurmaq adı ilə müxtəlif vaxtlarda pul almış, o, da bütün pulları poçt və ya bank vasitəsi ilə göndərmişdir. Əslində o, daha çox pul göndərmiş, lakin hazırda həmin qəbzləri saxlamamışdır. Dəfələrlə cavabdehə pulu qaytarmasını bildirsə də, pulu qaytarmamışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş gəlməməsi barədə məhkəmə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə 2300 manat məbləginə pulun qaytarılması ilə bağlı onu xəbərdar etmiş və əks halda 3 gün müddətinə tələb icra olunmadığı halda məhkəməyə müraciət edilməsini bildirmişdir. Məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş xx.xx.2020-ci il tarixli BPM**********10 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehin adına 500 manat pul göndərilmişdir. Məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş xx.xx.2020-ci il tarixli BPM**********49 nömrəli qəbzdən görünür ki,iddiaçı tərəfindən cavabdehin adına 200 manat pul göndərilmişdir Məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş xx.xx.2020-ci il tarixli BPM**********86 nömrəli qəbzdən görünür ki,iddiaçı tərəfindən cavabdehin adına 500 manat pul göndərilmişdir Məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş xx.xx.2020-ci il tarixli AT**********860 nömrəli qəbzdən görünür ki,iddiaçı tərəfindən cavabdehin adına 500 manat pul göndərilmişdir Məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş xx.xx.2020-ci il tarixli 2103-********** nömrəli qəbzdən görünür ki,iddiaçı tərəfindən cavabdehin adına 498 manat pul göndərilmişdir Məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmə müraciət etmək üçün ümumilikdə cəmi 43 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iddia tələbini, məhkəməyə sübut kimi təqdim edilmiş sənədləri araşdırıb, habelə tərəfləri dinləyib nelə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Məhkəmə, sübutlara qiymət verərkın ilk olaraq sübutun mötəbərliyini və işin həlli üçün əsaslılığını müəyyən etməyi zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2021-ci il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, “mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. “ Məhkəmə, qeyd olunan normalara, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan qərarlarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, hazırkı iş üzrə təqdim edilmiş sübut, ödəniş qəbzəlrinin mötəbərlilik kriteriyasına cavab verməklə, iddia tələbini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhz buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən qəbzlər, işin halları ilə təsdiq olunduğuna görə sübut kimi qəbul edilməlidir. Həmin sübutdan, qəbzlərdən müəyyən edilir ki, iddiaçı cavabdehə ümumilikdə 2198 manat məbləğdə pul vermiş, cavabdeh isə həmin məbləğdə pulu geri qaytarmamışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi 2198 manat həddində təmin edilməlidir. Bununla yanaşı, qalan pul məbləğlərinə dair iddiaçı tərəfindən məhkəməyə hər hansı başqa sübut- şahid ifadəsi, telefon danışığı, foto, video - təqdim edilməməsini və MPM-nin yuxarda şərh olunan 14.2 və 77.1-ci maddələrinə əsasən iddianın qalan hissədə təmin edilməsi əsassız və qanunsuzdur. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə, qət etdi: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 2198 manat məbləğində pul və 42 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-3998/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3998/2024
10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver