Məhkəmə qərarları › İş №2(049)-41/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-41/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-41/2023 14.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli RBLF-9836_KMP nömrəli kredit müqaviləsi üzrə 1389,33 manat əsas borc, 3,28 manat faiz borcu - cəmi 1392,61 manat borc və ödənilmiş 30,00 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Lənkəran filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli RBLF-9836 KMP nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 1 % faiz olmaqla 1 il güzəşt müddəti ilə 5 il müddətinə 1406,13 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə Cavabdeh1 kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ay 24,04 manat ödəniş etməklə əsas borc və faiz borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq xx.xx.2019-cu il tarixdə digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin Cavabdeh2 xx.xx.2019-cu il tarixli RBLF-9836 KMP nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə Cavabdeh1 ilə birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit borcunun ödənilməsi ilə bağlı öhdəliyini vaxtında və lazımı qaydada icra etməmiş, kredit müqaviləsi üzrə əsas borc, faiz borcu məbləğlərini tam və vaxtında ödəməmişdir. Bununla bağlı cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə öhdəliklərinin icrası təmin edilməmişdir. xx.xx.2019-cu il tarixli RBLF-9836 KMP nömrəli kredit müqaviləsi üzrə 1389,33 manat əsas borc, 3,28 manat faiz borcu - cəmi 1392,61 manat ödənilməmiş borc qalmışdır. Hazırda iddiaçı cəmi 1392,61 manat borc və ödənilmiş 30,00 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə göndərdiyi ərizəsində Cavabdeh1 vərəsəsi müəyyən olunanadək hazırki mülki iş üzrə icraatın dayandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin vəsatəti təmin edilməmiş və mülki iş üzrə məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. İş üzrə Cavabdeh2 hazırki vəziyyətdə işə baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə verilmiş ölüm haqqında tibbi şəhadətnamənin və xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ 067710 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Cavabdeh2 iddia tələbinə etirazı olmadığını bildirdi və məhkəmə baxışı iclasında izahat verərək göstərdi ki, mərhum Cavabdeh1 onun tanışı olmuşdur. xx.xx.2019-cu il tarixdə Cavabdeh1 ilə iddiaçı arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh1 xahişi ilə o, həmin kredit müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq iddiaçı ilə zaminlik müqaviləsi bağlamışdır. Bir müddət sonra Cavabdeh1 vəfat etmiş və kredit borcunun ödənilməsində gecikmələr yaranmışdır. O, qeyd olunan kredit müqaviləsi üzrə iddiaçıya olan borcdan xəbərdardır. Hazırda həmin borcu şəxsən özünün bir dəfəyə ödəmək üçün maddi imkanı olmasa da, mərhum Cavabdeh1 ailə üzvləri ilə birgə borcun hissə-hissə ödənilməsini təmin edəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı Cavabdeh2 izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli RBLF-9836_KMP nömrəli kredit müqaviləsi, həmin müqaviləyə əlavə edilən ödəniş cədvəli, xx.xx.2019-cu il tarixli RBLF- 9836_KMP nömrəli zaminlik müqaviləsi, xx.xx.2019-cu il tarixli hesabdan çıxarış, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli bildirişlər, həmin bildirişlərə aid poçt reyestrləri, xx.xx.2021-ci il tarixli maliyyə arayışı və xx.xx.2021-ci il tarixli mədaxil qəbzi ilə müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019cu il tarixli RBLF-9836 KMP nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 illik 1 % olmaqla 1 il güzəşt müddəti ilə 5 il müddətinə 1406,13 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 1449,22 manat əsas borc və faiz borcunu ödəməli olması ilə bağlı ödəniş cədvəli təqdim edilmişdir. xx.xx.2019-cu il tarixli RBLF-9836_KMP nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli RBLF-9836_KMP nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 onunla iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli RBLF- 9836_KMP nömrəli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kredit borcunun cədvəl üzrə ödənişi qaydalarına tam şəkildə riayət edilməmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə 1389,33 manat əsas borc qalmış, əsas borca 3,28 manat faiz borcu hesablanmışdır. İddiaçı tərəfindən cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edildikdən sonra da kredit borcunun ödənilməsi təmin edilməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmiş və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda xx.xx.2019-cu il tarixli RBLF-9836 KMP nömrəli kredit müqaviləsi üzrə 1389,33 manat əsas borc, 3,28 manat faiz borcu və 30,00 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən birgə qaydada tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası olaraq kredit və zaminlik müqavilələrinə, ödəniş cədvəlinə, hesabdan çıxarışa xəbərdarlıq məktublarına və maliyyə arayışına istinad edir. İş üzrə Cavabdeh1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasında iddia tələbinə etirazı olmadığını bildirmiş və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata Cavabdeh1 ilə bağlı hissədə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə xitam verildiyi nəzərə alınmalı, iddia tələbi Cavabdeh2 ilə bağlı hissədə isə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan hüquq normalarının tələblərinə görə məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli RBLF-9836_KMP nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçının qarşısında mövcud olmuş öhdəliklərinə görə onun vəfatından sonra Cavabdeh2 həmin öhdəliklərin icrası üçün bilavasitə maddi məsuliyyət daşıyır. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, iş üzrə icraata Cavabdeh1 ilə bağlı hissədə xitam verildiyindən, Cavabdeh2 isə xx.xx.2019-cu il tarixli RBLF- 9836_KMP nömrəli kredit müqaviləsi üzrə öhdəliklərə görə iddiaçının qarşısında Cavabdeh1 ilə eyni həcmdə maddi məsuliyyət daşıdığına görə xx.xx.2019-cu il tarixli RBLF-9836_KMP nömrəli kredit müqaviləsi üzrə 1389,33 manat əsas borc, 3,28 manat faiz borcu məhz Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumu məbləği də Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2019-cu il tarixli RBLF-9836_KMP nömrəli kredit müqaviləsi üzrə 1389,33 manat əsas borc, 3,28 manat faiz borcu, 30,00 manat dövlət rüsumu cəmi 1422,61 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar