Məhkəmə qərarları › İş №2(049)-4113/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4113/2023

25.12.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4113/2023 25.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh2 iştirakları ilə İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması» tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisləri tələfindən Lənkəran rayonu, Zövlə kəndi ərazində yerləşən mülkiyyətlərində olan 0.5 ha torpaq sahəsinə yerində müayinə keçirilməsi üçün cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətiləriinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar hazırda ailə üzvləri ilə Lənkəran rayonu, Zövlə kəndində yaşayırlar. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 10 saylı qərarı ilə onların mülkiyyətinə Lənkəran rayonu, Zövlə kəndi ərazisində 0.5 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin döngə nöqtələri yerində ölçülərək atasına tanıdılmışdır. Bu barədə onların adına JN:0092 KOD-80220028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilərək verilmişdir. Həmin torpaq sahəsində 4-5 il buğda əkib, becərmişilər. Sonradan isə orada meyvə ağacları əkmişilər. Daha sonra onlar ailəlicə yaşamaq üçün Rusiya Federasiyasına getmişlər. Cavabdehlər də bundan istifadə edərək həmin torpaq sahəsini dəmir lövhələrlə hasara almışlar. Hazırda onlar mülkiyyətlərinə verilmiş həmin 0.5 ha torpaq sahəsinə dair çıxarış almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran ərazi idarəsinə müraciət ediblər. Həmin idarənin mütəxəssisləri həmin torpaq sahəsinə qəlib, müayinə işləri apararkən cavabdehlər həmin mütəxəssisləri onların mülkiyyətinə olan həmin 0.5 ha torpaq sahəsinə buraxmamışlar. Ona görə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran ərazi idarəsinin mütəxəssisləri həmin torpaq sahəsinin kordinatlarını müəyyənləşdirə bilməmişlər. Ona görə də onlar cavabdehlərin qanunsuz hərəkətlərə son qoyulması məqsədi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə baxışı zamanı iddiaçıarın nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçının iddia tələbində qeyd etdiyi torpaq sahəsi ona məxsusdur. Belə ki, həmin torpaq sahəsi ona 2007-ci ildə Lənkəran rayonu, Zövlə kənd bələdiyyəsinin qərarına əsasən verilmişdir. 2009-cu ildən isə icra hakimiyyətinin razılığına əsasən orada yaşayış evi inşa etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşlarının orada müayinə aparmalarına etiraz etmir. Belə ki, həmin torpaq sahəsinin GPS koordinatlarının müəyyən edilməsi onun üçün də maraqlıdır. İddia tələbi üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan “torpağa mülkiyyət hüququna dair” JN seriyalı, 0092 nömrəli, kodnömrəsi:80220028 olan dövlət aktından görünür ki, Lənkəran rayonu, Zövlə kəndində yerləşən ümumi sahəsi 0,5 hektar olan “kənd təsərrüfatı məhsulları istehsalı” məqsədi üçün nəzərdə tutulmuş torpaq sahəsi Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 10 nömrəli qərarı əsasında hazırki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ayrılmışdır. Dövlət aktının “torpaq sahəsinin hlan, cizgisi” bölməsində torpaq sahəsinin döngə nöqtələri, koordinatları və nöqtələr arasındakı məsafə, “torpaq sahəsinin qaiməsi” bölməsində torpaq sahəsinin nömrəsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 202738/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “Lənkəran rayonu, Zövlə kəndi ərazisində yerləşən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı əsasında ümumbirgə mülkiyyətə verilmiş 0.50 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə dair əvəllər yaranmış hüquqların qeydiyyatı ilə əlaqədar təqdim edilmiş hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi araşdırılarkən məlum olmuşdur ki, sözügedən torpaq sahəsinin yerləşdiyi çevrədə torpaq istifadəçiləri arasında mübahisə mövcud olduğundan (torpaq sahəsi digər bir vətəndaş tərəfindən hasara alınmışdır) müayinə aparmaq mümkün olmamışdır.”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsində qeyd edilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Eyni Məcəllənin 5.1-ci maddəsində qeyd edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Eyni Məcəllənin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Eyni Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Eyni Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (A.Bağırova şikayəti üzrə Konstitusiya Məhkəməsinin 01 mart 2023-cı il tarixli qərarı). İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçıların birgə mülkiyyətində olan Lənkəran rayonu, Zövlə kəndi ərazisində ümumi sahəsi 0.5 ha olan pay torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsində Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşları tərəfindən müayinə keçirilməsinə iddiaçı ilə cavabdeh arasında mübahisə mövcuddur. Məhkəmə belə qənaətə gəlir ki, “maneələrin aradan qaldırılması” hissəsində iddia tələbi təmin edilməlidir. Məhkəmə iddia tələbinə “cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbində konkret olaraq cavabdehin qanunsuz hərəkətlərinin hansı hərəkətlərdən ibarət olduğu qeyd edilməmişdir. Qeyd edilən səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsalanaraq və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “Torpağa mülkiyyət hüququna dair” JN seriyalı, 0092 nömrəli, kod nömrəsi:80220028 olan dövlət aktına əsasən, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus olan Lənkəran rayonu, Zövlə kəndi ərazisində yerləşən ümumi sahəsi 0.5 ha olan sahəsinə yerində müayinə keçirilməsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsininin əməkdaşlarına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar