Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-432/2024 13.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X6, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19 fevral 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X7 əmək haqqının dörddə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarımasını xahiş etmişdir. İddiaçı ərizəsi iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə nikahı Lənkəran rayon məhkəməsinin qətnaməsi əsasən 2010-cu il tarixdə pozulmuşdur. Birgə nikahlarından 19 fevral 2009-cu il tarixdə X1 üçün hər ay sabit pul məbləğində 130 manat aliment müəyyən edilmişdir. Hal-hazırda uşağın 14 yaşı var, orta məktəbdə təhsil alır, məhkəmə tərəfindən müəyyən edilmiş 130 manat aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Cavabdeh ha-hazırda Lerik rayonu Rvarud kənd tam orta məktəbində müəllim işləyr. Aylıq əmək haqqı 1395 manat təşkil edir. Cavabdehin aylıq gəliri olduğu üçün gəlirlərinin dörddə bir hissəsi qədər aliment müəyyən olunmalıdır. Uşaq böyüdükcə onun maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində göstəriklərini təsdiq edib göstərdi ki, övladının hazırda 14 yaşı var və orta məktəblə yanaşı fərdi müəllim hazırlıqlarına da gedir ki, həmin müəllimlərin də pulu ödəməyə onun gücü çatmır. Uşağını bir müddət atası da müəllim olduğuna görə cavabdehin yanına göndərmiş, lakin bir müddət sonra cavabdeh uşağını hazırlaşdırmaqdan imtina etmişdir. Hazırda uşağın tələbatları da artır ki, 130 manatla o tələbatları qarşılamaq mümkün deyil. Buna görə də iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, hazırda evlidir və üç uşağı vardır ki, həmin uşaqlarından biri üç dəfə əməliyyat olmuş, digəri isə epilepsiya xəstəsidir. Özü Lənkəran rayonu, Girdəni kəndində yaşamaqla hər gün Lerik rayonuna işə gedir. Aylıq əmək haqqı 1266 manat təşkil edir ki, həmin məbləğdən də hər ay 130 manat aliment çıxılır. Hazırda onun ailə və maddi vəziyyəti alimentin artırılmasına imkan vermir və buna görə də iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(049)-1151/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh 19 fevral 2019-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü sabit pul məbləğində hər ay 130 manat alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran rayon qeydiyyat şöbəsinin nikahın pozulması haqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görunur ki, xx.xx.2011-ci il tarixdə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran şəhər Girdəni kənd icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Girdəni kənd sakini Əliyev X2 qeydiyyatda olmaqla arvadı X4, qızı X8, oğlu X12, qızı X9 ilə birlikdə yaşayır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran - Astar Regional Təhsil İdarəsi Orand kənd tam orta məktəbin direktoru Rəhimov Babək tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdən Orand kənd orta məktəbində müəllim vəzifəsində işləyir. Ona hesablanmış əmək haqqı 1266.18 manat təşkil edir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Əliyev X5 –Astara Regimal Təhsil İdarəsində müəllim işləyir və 1266.18 manat maaş alır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşağlarını saxlamadıqda uşağlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşağların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə, iddiaçının iddia ərizəsində adlandırma olaraq alimentin həcminin artırılması kimi qeyd etsə də, mahiyyət etibarı ilə alimentin təyin edilmə formasının dəyişdirilməsinitələb etməsini nəzərə alaraq və hazırda aliment məbləğinin 130 manat olmasını, cavabdehin işləməklə 1266 manat əmək haqqı almasını və Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinin tələbinə görə həmin məbləğin ¼ hissəsinin tələb edilə bilməsini mümkün saydığından, həmin məbləğin də təxminən 300 manatdan çox olmasını nəzərə alaraq hesab edir ki, tələb eyni zamandan artırılma kimi də qiymətləndirilməldir. Məhkəmə hesab edir ki, aliment məbləğinin sonuncu dəfə 2018-ci ildə, yəni təxminən 5 ilə yaxın müddə əvvət artırlması, ötən 5 il ərzində iqtisadi fəallığın artması, yeni bazar qiymətlərinin müəyyən edilməsi, habelə yaşayış minimumunun da hər il müəyyən faiz məbləğində artırılması (2018-ci ildə yaşayış minimumu 154 manat olduğu halda, 2024-cü il tarixdə bu məbləğ 270 manat, uşaqlar üçün isə 235 manat təşkil edir) hazırda da məhkəməyə alimentin miqdarını artırmağa əsas verir. Məhkəmə hesab edir ki, alimentin artırılmasına məqsəd əlavə təhsil xərcləri deyil, yəni iddiaçınən iddia etdiyi kimi uşağın əlavə məşğələlərə getməsinin təmini ilə bağlı deyil, məhz iqtisadi dinamika ilə əlaqədar yetkinlik yaşına çatmayan şəxsin minimum dolanacaq xərclərinin qarşılanmasıdır. Məhkəmə bu qənaətə gələrkən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarlarında göstərilmiş hüquqi mövqeyi əsas götürmüşdür. Belə ki, Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında göstərirlir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddələrində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunanları, o cümlədən uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumum keçən 5 il ərzində artmasını, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, həmçinin uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini, uşağın hazırda iddiaçının yanında olmasını, cavabdehin isə işləyərək sabit gəlir əldə etməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilən əsaslara görə məhkəmə qərara gəlir ki, uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilərək hər ay qazancın ¼ hissəsi miqdarında tutulması tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırki iş üzrə alimentin artırılmış miqdarının 186 manat olması nəzərə alınmaqla, bir il ərzində ödəmənin məcmusu 2238 manat müəyyən edilir. Qüvvədə olan qanunverdiciliyə əsasən həmin məbləğə görə cəmi 42.40 manat dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə bağlı məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunan şəxs statusunda olmasına baxmayaraq mediasiya prosesi ilə bağlı 55 manat məbləği iddiaçı özü ödəmiş, cavabdeh isə mediasiya prosesinin nəticəsinə dair onunla barışıq sazişi bağlamadığından iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Hazırki iş üzrə cavabdeh dövlət rüsumunu ödəməkdən azad olunan şəxs statusunda olmadığından məhkəmə hesab edir ki, iddiaçının mediasiya prosesində ödədiyi 55 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin məbləğ, yəni 55 manat, alimentin artırılmış miqdarına görə cavabdehin ödəməli olduğu 42.40 manat dövlət rüsumunu əhatə etdiyindən cavabdehdən əlavə olaraq hər hansı miqdarda dövlət rüsumu tutulmamalıdır. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(049)-1151/2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 19 fevral 2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşağa 130 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək əmək haqqının dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı Farid qızına verilsin. İddiaçının mediasiya prosesində ödədiyi 55 manat Cavabdeh tutularaq İddiaçı Farid qızına ödənilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-432/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-432/2024
13.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver