Məhkəmə qərarları › İş №2(049)-4357/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-4357/2025

22.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-4357/2025 22.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan alınan borc üzrə 910 (doqquz yüz on) manat pulun və ödənilmiş 30,00 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci il tarixində Lənkəran rayonu Gərmətük qəsəbəsində anadan olmuşdur, hazırda Lənkəran rayonu Gərmətük qəsəbəsində qeydiyyatdadır və orada yaşayır. Lənkəran şəhər sakini Cavabdeh ilə əvvəlcədən tanışdır. Cavabdeh xarici dövlətlərə TİR maşını ilə mal, avadanlıqların daşınması ilə məşğuldur. xx.xx.2021-ci il tarixdə iddiaçının fəaliyyət göstərdiyi yanacaqdoldurma məntəqəsindən Cavabdeh 910 manat məbləğində dizel yanacağı satmışdır və cavabdeh pulunu sonra verəcəyini bildirmişdir. Bunu təsdiq edəcək sübutlar Əliqismət tərəfindən imzalanmış yazılardır. Cavabdeh pulu gah Rusiya Federasiyasına, gah da İran İslam Respublikasına gedib qayıdandan sonra qaytaracağını bildirmişdir. Ona dəfələrlə etdiyi şifahi xəbərdarlıqlar, özünə etdiyi zənglər və mobil nömrəsindəki whatsApp sistemindəki nömrəsinə yazdığı mesajların alınmış borcun qaytarılmasında heç bir irəliləyiş olmamışdır. İddiaçı ona həmin borcun qaytarılması məqsədilə poçt vasitəsilə sonuncu xəbərdarlığını etmişdır. Lakin borclu borcun qaytarmasından boyun qaçırmışdır. Məcburiyyət qarşısında qalıb qanunla müəyyən edilmiş qaydada məsələni məhkəmə qaydasında həll edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iştirak edib iddia tələbini müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq bildirmişdir ki, o özü sahibkarlıq fəaliyyəti ilə məşğuldur və vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdadır. Lənkəran rayonu Gərmətük qəsəbəsində ona məxsus olan yanacaqdoldurma məntəqəsi vardır və cavabdeh də ondan mütəmadi olaraq nisyə olaraq dizel yanacağı almışdır və xarici ölkələrə yük maşını ilə yük daşınması ilə məşğul olmuşdur. İddia tələbində cavabdehdən tələb etdiyi pul vəsaiti həmin dizel yanacağının satışından yaranmış bor mələğidir. İddiaçı tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini izah etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, hazırkı mülki iş kommersiya məhkəməsinə aid olduğundan iş aidiyyəti məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. "İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndinə əsasən MPMin 1 -ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin Qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri,) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndinə əsasən əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Həmin Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Qanunvericilyin yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” İnformasiya sistemindən əldə edilmiş “vergi ödəyicisi barədə” məlumatdan görünür ki, hazırkı mülki iş üzrə İddiaçı (VÖEN: **********) və Cavabdeh (VÖEN: **********) vergi ödəyicisidirlər. İşin məhkəmə baxışı zamanı iş materiallarından və iddiaçının izahatından müəyyən edilmişdir ki, o, cavabdehə verdiyi borc pulun geri qaytarılmasını tələb edir və həmin borc iddiaçı və sahibkarın sahibkarlıq fəaliyyəti nəticəsində, yəni dizel yanacağının nisyə satışı nəticəsində yaranmışdır. Bu səbəbdən həmin mübahisədən irəli gələn münasibətlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Hazırki mülki işin faktiki hallarından müəyyən edildi ki, iddia tələbi üzrə iddianının əsasını təşkil edən mübahisənin predmeti və hüquq münasibətləri baxımından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Göründüyü kimi, mövcud mübahisə üzrə aidiyyət Şirvan Kommersiya Məhkəməsinə aid olduğu halda, mülki prosessual qanunvericiliyin tələbləri pozularaq, iddia ərizəsi aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasındakı hazırkı mübahisə kommersiya xarakterli olduğundan hazırki iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 31, 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində ondan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar