Məhkəmə qərarları › İş №2(049)-438/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-438/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-438/2023 29.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «müqavilə öhdəliyinin pozulmasından irəli gələn pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin direktoru İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayon Göyşaban kənd sakini Cavabdeh ilə aralarında bağlanmış 22 fevral 2022-ci il tarixli №14-li “Yaranmış borc pulun ödənilməsinə dair razılıq müqaviləsi” üzrə "xxxx" MMC-yə ödəmədiyi 20000 (iyirmi min) manat əsas borc və ödəmədiyi günlərə görə 24.000 (iyirmi dörd min) manat məbləğində cərimə, ümumilikdə 44.000 (qırx dörd min) manat pul məbləğinin ondan alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 22 fevral 2022-ci il tarixində Cavabdeh ilə "xxxx" MMC-nin direktoru İddiaçı arasında №14-li “Yaranmış borc pulun ödənilməsinə dair razılıq müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən borc alan Cavabdeh "xxxx" MMC qarşısında yaranmış 20000 (iyirmi min) manat borc məbləğini etiraf etmiş və müqaviləyə uyğun qaydada ayda 500 (beş yüz) manat olmaqla hissə-hissə ödəməyə razılıq bildirmişdir. Həmin müqavilənin 1.3-cü bəndində müqavilə üzrə öhdəliyin icra olunmadığı təqdirdə hər gün üçün ümumi məbləğin 1%-i cərimə olaraq hesablanacağı göstərilmişdir. № 14-li “Yaranmış borc pulun ödənilməsinə dair razılıq müqaviləsi”nin 1.4-cü bəndinə əsasən əgər müqavilə öhdəliyi 3 ay (90 gün) müddətində icra olunmazsa müqavilənin ləğvi, yaranmış borc və cərimənin tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı göstərilmişdir. Hazırda müqavilə bağlanıldıqdan sonra cavabdeh olan şəxs Cavabdeh şirkətə heç bir ödəniş etməmiş və müqavilə öhdəliyini icra etməkdən qərəzli şəkildə boyun qaçırır. "xxxx" MMC tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməsindən ötrü Cavabdeh xx.xx.2022-ci il, xx.xx.2022-ci il və son olaraq xx.xx.2022-ci il tarixlərdə pretenziya qaydasında xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq bu günə kimi cavabdeh şəxs tərəfindən hər hansısa bir uğurlu addım atılmamışdır. Nəticə etibarı ilə "xxxx" MMC olaraq cavabdehin bu əməli sayəsində şirkətə külli miqdarda ziyan dəymişdir. Belə ki, əgər borc məbləği şirkət hesabında olduğu təqdirdə şirkət hər ay həmin 20000 (iyirmi min) manat müqabilində 8% gəlir əldə edə bilərdi. Bu da müqavilənin 1.4-cü bəndinə uyğun olaraq 3 ay (90 gün) müddətin ötməsini nəzərə alaraq hesablandıqda 4800 (dörd min səkkiz yüz) manat gəlir deməkdir. Lakin cavabdehin qərəzli şəkildə borc məbləğini geri qaytarmaması nəticəsində şirkət həmin gəlirdən məhrum qalmışdır. Cavabdeh ilə "xxxx" MMC-nin direktoru İddiaçı arasında № 14-li “Yaranmış borc pulun ödənilməsinə dair razılıq müqaviləsi”nin 1.3-cü bəndində müqavilə üzrə öhdəliyin icra olunmadığı təqdirdə hər gün üçün ümumi məbləğin 1%-i cərimə olaraq hesablanacağı nəzərə alaraq 24.000 (iyirmi dörd min) manat cərimə məbləği tətbiq edilməlidir. Hal-hazırda "xxxx" MMC olaraq Cavabdeh 20000 (iyirmi min) manat real borc və 24.000 (iyirmi dörd min) manat cərimə məbləğini tələb etmək hüququdur. Cavabdeh şəxsə dəfələrlə borc məbləğinin ödənilməsi barədə müraciətlər olunmasına baxmayaraq cavabdeh ödəniş etməkdən boyun qaçırmışdır. Aralarında müqavilə bağlandıqdan sonra Cavabdeh öz iradəsini ifadə edərək gələcəkdə müqavilə şərtlərinə onun tərəfindən əməl olunmadığı təqdirdə şirkət tərəfindən ona qarşı qaldırılmış iddianın haqlı olduğunu notarial qaydada təsdiq olmuş ərizə ilə bildirmişdir. Cavabdeh borc məbləğini ödəmədiyini, aralarında bağlanmış № 14-li “Yaranmış borc pulun ödənilməsinə dair razılıq müqaviləsi”nin şərtlərini və xx.xx.2022-ci il tarixli ərizələri əsas götürərərk iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Cavabdeh ilə "xxxx" MMC-nin direktoru İddiaçı arasında № 14-li 22 fevral 2022-ci il tarixli “Yaranmış borc pulun ödənilməsinə dair razılıq müqaviləsi”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilənin 1.2-ci bəndinə əsasən borc alan Cavabdeh "xxxx" MMC qarşısında yaranmış 20000 (iyirmi min) manat borc məbləğini etiraf etmiş və müqaviləyə uyğun qaydada ayda 500 (beş yüz) manat olmaqla hissə-hissə ödəməyə razılıq bildirmişdir. Həmin müqavilənin 1.3-cü bəndində müqavilə üzrə öhdəliyin icra olunmadığı təqdirdə hər gün üçün ümumi məbləğin 1%-i cərimə olaraq hesablanacağı göstərilmişdir. Qeyd olunan müqavilənin 1.4-cü bəndinə əsasən əgər müqavilə öhdəliyi 3 ay (90 gün) müddətində icra olunmazsa müqavilənin ləğvi, yaranmış borc və cərimənin tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı göstərilmişdir Cavabdeh tərəfindən Lənkəran Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC-nin direktoru İddiaçı ilə aralarında bağlanmış 22 fevral 2022-ci il tarixli № 14-li “Yaranmış borc pulun ödənilməsinə dair müqavilə”nin öz sözləri ilə yazıldığını, müqavilədə olan imza və fotoşəkilin ona məxsus olduğunu bildirmiş, gələcəkdə onun tərəfindən müqavilə şərtlərinə əməl olunmadığı təqdirdə ona qarşı qaldırılmış olacaq iddianın haqlı olduğunu göstərmişdir. "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə ünvanlanmış pretenziya qaydasında xəbərdarlıq məktublarından görünür ki, cavabdehə borcunu ödəməsi təklif edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş qəbzlərdən görünürki, iddiaçı tərəfindən 220 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia borc müqaviləsi üzrə yaranmış hüquq münasibətləri ilə əlaqədar olduğundan iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739-cu maddəsi təşkil edir. MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar iddianın əsaslılığını təsdiq edir. Belə ki, tərəflər arasında 22 fevral 2022-ci il tarixdə yazılı borc müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh 20000 (iyirmi min) manat borc məbləğini etiraf etmiş və müqaviləyə uyğun qaydada ayda 500 (beş yüz) manat olmaqla hissə-hissə ödəməyə razılıq bildirmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə 24000 (iyirmi dörd min) manat cərimə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehdən 2400 (iki min dörd yüz) manat həcmində tutulmasını daha ədalətli hesab edir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 20000 (iyirmi min) manat əsas borc, 2400 (iki min dörd yüz) manat cərimə, iddia qismən təmin edildiyindən 157,20 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, ödənilmiş dövlət rüsumunun 64,80 manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20000 (iyirmi min) manat əsas borc, 2400 (iki min dörd yüz) manat cərimə, 157,20 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 64,80 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar