Məhkəmə qərarları › İş №2(049)-4612/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4612/2025

17.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4612/2025 17.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19000 manat pulun və 147 manat dövlət rüsumunun alıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə istintaqa dəqiq məlum olmayan "İlqar" adlı şəxslə birlikdə, ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda adını qeydiyyatdan keçirməklə veriləcək təkər və maşın qaldıran aparatları satdıqdan sonra ona 75.000 manat pul veriləcəyinə dair yalan vədlər verib, onu aldadaraq özünə inandırıb etibarını qazandıqdan sonra, ona olan inam və etibarından suiistifadə edərək, 2024-cü ilin may ayının ortalarından, 19 iyun 2024-cü il tarixədək olan müddət ərzində Lənkəran şəhərində hissə-hissə ona məxsus xeyli miqdarda, yəni ümumilikdə 20.003 (iyirmi min üç) manat pulu ələ keçirməklə ona qarşı dələduzluq etmişdir. Lənkəran şəhər sakini Cavabdeh 2022-ci il tarixdən etibarən tanıyır. Elminlə qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. 2022-ci il tarixdə oğlu Şaddıq ona məxsus VAZ 2107 markalı maşını təmir etdirmək üçün Elminin usta işlədiyi Lənkəran şəhəri Füzuli küçəsində yerləşən avtomobil təmiri sexinə aparıb qoymuşdur. O, bir dəfə həmin avtomobil təmiri sexinə getmiş və Elminlə tanış olmuşdur. O, Elmindən maşınının təmiri ilə maraqlanmışdır. Elmin də ona, maşını üçün bir neçə ehtiyat hissələri lazım olduğunu, həmin ehtiyat hissələrini özü aldıqdan sonra, pulunu göndərməyini bildirmişdir. O da Elminlə razılaşmışdır. Elmin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsini ona vermişdir. O da maşını üçün Elminin aldığı ehtiyat hissələrinin pullarını Elminə oğlu Şaddıqdan göndərmişdir. O, maşınının təmiri ilə maraqlanmaq üçün bir neçə dəfə istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Elminin istifadəsində olan həmin mobil telefon nömrəsinə zəng edib Elminlə danışmışdır. Təxminən 3-4 ay ərzində Elmin onun maşınını təmir edib ona vermişdir. Təxminən 2-3 aydan sonra həmin maşınını satmışdır. 2024-cü ilin aprel ayının axırları və yaxud da may ayının əvvəllərində Elmin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng etmiş və onun hal- əhvalını soruşandan sonra "oğlun Şaddıq mənə dedi ki, sənin maddi vəziyyətin ağırdır və mən sənə köməklik edə bilərəm" bildirmişdir. O da Elmindən ona necə köməklik edəcəyini soruşmuşdur. Elmin də ona, Bakı şəhərində Əhalinin Sosial Müdafiəsi Nazirliyində yerləşən Məşğulluq Mərkəzində işləyən İlqar adlı bir dostunun olduğunu, avtoqəza törətdiyi zaman xeyli ziyana düşdüyünü, həmin İlqar adlı dostunun ona təkər dəyişdirən, maşınqaldıran aparatlar göndərdiyini və o da həmin aparatları satıb vəziyyətdən çıxdığını bildirib, satıb maddi imkanını düzəltməsi üçün İlqarın vasitəsi ilə ona da həmin aparatlardan göndərməyi təşkil edə biləcəyini söyləmişdir. O da Elminə inanıb razılaşmışdır. Həmçinin Elmin ona, İlqarın onunla əlaqə saxlaması üçün mobil telefon nömrəsini İlqara verəcəyini bildirmişdir.Təxminən 2-3 gündən sonra ***- ***-**-** mobil telefon nömrəsindən onun istifadəsində olan həmin mobil telefon nömrəsinə zəng gəlmiş və o, telefonu açıb zəngə cavab verərkən, telefonda bir nəfər şəxs ona "sənin mobil telefon nömrəni mənə Elmin verib, adım İlqardır, mən Əhalinin Sosial Müdafiəsi Nazirliyində yerləşən Məşğulluq Mərkəzində işləyirəm, maddi imkanı olmayan şəxsləri qeydiyyatda götürüb, onların sosial müdafiəsinin yaxşılaşdırmaq məqsədi ilə onlara müxtəlif texniki avadanlıqlar, maşın və ev verirəm, bundan başqa 75.000 manat da pul verirəm" bildirmişdir. O da nə verəcəyini İlqardan soruşmuşdur. İlqar da ona "əvvəlcə sənə təkər və maşınqaldıran aparatlar verəcəm, həmin aparatları satıb vəziyyətini düzəltdikdən sonra, sənə sənədləşdirmə əsasında 75.000 manat pul verdirəcəm, sonra isə sənə Bakı şəhərində bina evi və "Xəzər" markalı avtomobil verdirəcəm, sən bunun müqabilində mənə Elminin vasitəsi ilə 20.000 manat pul göndərərsən, həmin pulların 5000 manatını dövlət rüsumlarına xərcləyəcəm, 15.000 manat pulu isə Nazirlikdə işləyən tanışıma verəcəm ki, sənin işini qabağa salsın" bildirmişdir. O da 20.000 manat pulunun olmadığını İlqara bildirmişdir. İlqar da ona verəcəkləri şeylərin qarşılığında 20.000 manat pulun heç nə olduğunu, 20.000 manat pulu Elminin vasitəsi ilə hissə-hissə ona göndərərsə, söz verdiklərini ona təşkil edəcəyini bildirmişdir. O da İlqar adlı şəxsdən fikirləşib bir qərara gəlməsi üçün vaxt istəmişdir. Amma İlqar adlı şəxs həmin tanışının adını ona deməmişdir. Bundan sonra, bu barədə Elminə zəng edib bildirmiş və Elmin də ona "İlqarla razılaş, varlanacaqsan" bildirmişdir. O, bu barədə oğlu Şaddıqa da məlumat vermiş, amma oğlu Şaddıq ona, İlqar adlı şəxsin kimliyini bilmədiyini, ola bilsin ki, İlqar adlı şəxsin onu aldadacağını bildirmişdir. O da oğlu Şaddıqa, İlqar adlı şəxsin danışığından yaxşı adama oxşadığını və Elminin də İlqarı təriflədiyini bildirmişdir. Səhərisi günü Elmin yenə də onun mobil telefonuna zəng edərək,bir qərara gəlib-gəlmədiyini soruşmuşdur. O da bu barədə hələ fikirləşdiyini, amma 20.000 manat pulunun olmadığını Elminə bildirmişdir. Elmin də ona "sən pulu az-az mənə göndər, İlqarla özüm danışaram, sənə nə köməklik lazımdırsa, mən edəcəm" bildirmişdir. O da Elminə inanıb razılaşmışdır. Səhərisi günü İlqar adlı şəxs ona zəng edərək, "Elmin mənə səni tapşırıb, sən 20.000 manat pulu az-az mənə göndər, əvvəlcə sənin barəndə hazırlayacağım sənədlərin dövlət rusumunu köçürüm ki, səni tez qeydiyyatda götürsünlər" bildirmişdir. O da İlqar adlı şəxsdən hansı sənədlərin lazım olduğunu soruşmuşdur. İlqar adlı şəxs də ona, telefonda adını, soyadını, atasının adını, təvəllüdünü və şəxsiyyət vəsiqəsinin seriya nömrəsini deməyini, bundan sonra elektron bazadan onun şəxsiyyət vəsiqəsinin kserosurətini çıxardacağını və bunların əsasında onu qeydiyyatdan keçirdəcəyini bildirmişdir. O da soyadını, adını, atasının adını, təvəllüdünü və şəxsiyyət vəsiqəsinin seriya nömrəsini İlqar adlı şəxsə telefonda demişdir. Bundan başqa, o, İlqar adlı şəxsdən, ona göndərəcəyi aparatları harada və kimə satacağını soruşmuşdur. İlqar da ona, narahat olmamağını, həmin aparatları Bakı şəhərində özü satıb 75.000 manat pul ona göndərəcəyini bildirmişdir. 2024-cü ilin may ayının ortalarında bir baş inəyini 1800 manata, bir baş inəyini isə 2000 manata satmış və həmin cəmi 3800 manat pulu Elminə aparıb verməsi üçün oğlu Şaddıqa vermişdir. Şaddıq da həmin pulları Elminə nə üçün verdiyini soruşmuşdur. O da İlqarın həmin pulları ondan dövlət rüsumlarını köçürmək üçün istədiyini bildirmişdir. Həmin günü axşam saatlarında oğlu Şaddıq evə gəlmiş və pulları Elminə verdiyini ona bildirmişdir. Təxminən 1 saatdan sonra Elmin ona zəng edərək, narahat olmamağını, pulları İlqara göndərdiyini və onun işinə özü nəzarət edəcəyini bildirmişdir. 23 may 2024-cü il tarixdə günorta saatlarında Elmin onun mobil telefonuna zəng edərək, İlqarın onun bəzi sənədlərinin dövlət rüsumunu köçürmək üçün 400 manat da pul istədiyini və 400 manat pulu ona göndərməyini bildirmişdir. O, həmin günü oğlu Şaddıqa 300 manat pul verərək, 300 manat pulu Elminə göndərməyini və səhər Elminə göndərmək üçün ona 100 manat da verəcəyini bildirmişdir. Oğlu Şaddıqda 300 manat pulu Elminin kartına köçürmüşdür. Səhərisi günü, yəni 24 may 2024-cü il tarixdə oğlu Şaddıqa 100 manat da pul vermiş və oğlu Şaddıqda həmin 100 manat pulu yaşadıqları Vilvan kəndində olan Limon marketdə yerləşən “e-MANAT” terminalından Elminin Leobank kartına göndərmişdir. Həmin günü axşam saatlarında Elmin ona zəng edərək, göndərdiyi 400 manat pulun ona çatdığını və onun işinə nəzarət etdiyini bildirmişdir. Bir neçə dəqiqədən sonra İlqar adlı şəxs də onun mobil telefonuna zəng edərək, onun bəzi sənədlərinin rüsumunu səhər ödəyəcəyini, yaxın günlərdə onu qeydiyyata götüzdürəcəyini bildirmişdir. O da Elmin və İlqar adlı şəxsə inanmışdır. Bundan sonra, o, Elminin istəyi ilə Elminə oğlu Şaddıqın vasitəsi ilə 25 may 2024-cü il tarixdə 250 manat, 300 manat, 26 may 2024-cü il tarixdə 300 manat, 550 manat, 27 may 2024-cü il tarixdə 300 manat, 28 may 2024-cü il tarixdə 400 manat, 29 may 2024-cü il tarixdə 600 manat, 218 manat və 31 may 2024-cü il tarixdə 950 manat olmaqla, cəmi 4268 manat da pul göndərmişdir. O, 01 iyun 2024-cü il tarixdə günorta saatlarında Elminə zəng edərək, ona hazırkı günədək cəmi 8068 manat pul göndərdiyini, hər dəfə ona pul göndərəndə, işini yaxın günlərdə düzələcəyini dediyini bildirib, nə üçün indiyə qədər onu İlqarın işlədiyi yerə çağırıb, ona dediklərini vermədiklərini soruşmuşdur. Elmin də and-aman edərək, narahat olmamağını, yaxın günlərdə onu Bakı şəhərinə çağıracaqlarını, ona təkər və maşınqaldıran aparatlar verəcəklərini və həmin aparatları da İlqar satdıqdan sonra ona manat pul göndərəcəyini bildirmişdir. O, yenə də Elminə inanmışdır. Təxminən 1 saatdan sonra İlqar adlı şəxs ona zəng edərək, "ağsaqqal deyəsən çox narahatsan, narahat olma, sənin adını qeydiyyatdan keçirmişəm, sən yerdə qalan pulları da mənə göndər ki, sənin adına həmin aparatları yazdıra bilim və bundan sonra apratları sənə versinlər ki, mən də həmin aparatları satdıqdan sonra sənin 75.000 manat pulunu göndərim ki, sən 55.000 manat pul qazanasan" bildirmişdir. O da İlqara inanmışdır. Həmçinin İlqar ona, bu işləri qurtardıqdan sonra ona ev və maşında da təşkil edəcəyini bildirmişdir. Bundan sonra, o, həmin günü oğlu Şaddıqın vasitəsi ilə Elminə 1050 manat və 02 iyun 2024-cü il tarixdə 600 manat pul göndərmişdir. Elmin onun mobil telefonuna zəng edərək, bu yaxın günlərdə onun adının birinci qeydiyyata düşəcəyini və onu Bakı şəhərinə çağıracaqlarını bildirmişdir. O da Elminə inanmışdır. 03 iyun 2024-cü il tarixdə səhər saatlarında Elmin onun mobil telefonuna zəng edərək, İlqarın onun işi ilə bağlı tanışına pulları çatdırmalı olduğunu, İlqara göndərmək üçün pulların qalanını da ona göndərməyini bildirmişdir. O, həmin ərəfələrdə yaşadığı kənddə olan 39 sot torpaq sahəsini satdığı puldan 4800 manat pulu Elminə verməsi üçün oğlu Şaddıqa vermişdir. Şaddıqda həmin pulu aparıb Elminə vermişdir. 04 iyun 2024-cü il tarixdə, səhər saatlarında Elmin onun mobil telefonuna zəng edərək "sən yerdə qalan pulları da göndər ki, 20.000 manat düzəlsin sənin işin gecikməsin və tez düzəlsin" bildirmişdir. O da oğlu Şaddıqın vasitəsi ilə Elminə 04 iyun 2024-cü il tarixdə 815 manat, 06 iyun 2024-cü il tarixdə 1250 manat, 12 iyun 2024-cü il tarixdə 740 manat, 80 manat, 13 iyun 2024-cü il tarixdə 300, 14 iyun 2024-cü il tarixdə 300 manat, 17 iyun 2024-cü il tarixdə 1500 manat, 19 iyun 2024-cü il tarixdə 300 manat və 20 iyun 2024cü il tarixdə 200 manat pul göndərmişdir. O, səhərisi günü Elminə zəng edərək, istədikləri 20.000 manat pulu ona göndərdiyini və onun işinin tez həll olunması üçün İlqarla danışmağını bildirmişdir. Elmin də ona, narahat olmamağını, İlqarla danışacağını və onun işi həllini tapacağını bildirmişdir. Lakin, o, Elmin və İlqar adlı şəxslə dəfələrlə zəng edib danışsa da, Elmin və İlqar müxtəlif bəhanələr gətirərək onu aldatmağa başlamışlar. 2024cü ilin iyun ayının axırlarında Elminə zəng edib "sən məni aldatdın, İlqar adlı şəxs də sənin özünsən, çünki, sənin səsin onun səsi ilə eynidir, mənim pullarımı qaytar" bildirmişdir. Elmin də ona and- aman edərək, İlqar adlı şəxsin, o, olmadığını, İlqarın onun işini yaxın günlərdə düzəldəcəyini bildirmişdir. Onun arvadı Sahibə də onun işi ilə bağlı Elmin və İlqarla danışmışdır. Sahibə, Elmin və İlqarla danışdıqdan sonra ona, Elmin və İlqar adlı şəxsin eyni adam olduğunu və Elminin onu aldatdığını bildirmişdir. Təxminən 2 gündən sonra Elmin onun mobil telefon nömrəsinə zəng edərək, ondan harada olduğunu soruşmuşdur. O da Vilvan kəndində plakatın yanında olan işlədiyi mağazanın qarşısında olduğunu Elminə bildirmişdir. Bir neçə dəqiqədən sonra Elmin həmin yerə gəlmiş və onunla görüşmüşdür. Elmin ona, İlqarla danışdığını və öz adına götürdüyü Leobank kartını ona verəcəyini, bir neçə günə 75.000 manat pulun yarısının həmin karta, yarısının isə oğlu Şaddıqın kartına köçürüləcəyini və bundan sonra banka gedib pulları çıxardacağını bildirmişdir. O da Elminə inanıb kartı ondan almışdır. Həmin günü axşam saatlarında oğlu Şaddıq evə gəlmişdir. O, Elminin verdiyi Leobank kartını Şaddıqa göstərib, Elminin dediklərini Şaddıqa bildirmişdir. Lakin bir neçə gün keçsə də oğlu Şaddıq kartına pul köçürülmədiyini və Elminin onu aldatdığını bildirmişdir. Bundan sonra, o, Elminə zəng edərək, onu yenə də aldatdığını, Şaddığın kartına pul gəlmədiyini bildirib, Elmindən pullarını qaytarmağını tələb etmişdir. Elmin də telefonda ona, narahat olmamağını, onun pullarına cavabdeh olduğunu və İlqarla danışıb ona məlumat verəcəyini bildirmişdir. Bir neçə dəqiqədən sonra Elmin ona zəng edərək, İlqarla danışdığını və İlqarın Bakı şəhərində həmin kartlara pul köçürməsi üçün gəlib kartları ondan götürərək İlqara göndərəcəyini və İlqar pulları kartlara köçürdükdən sonra, kartları onlara göndərəcəyini bildirmişdir. Bundan sonra, oğlu Şaddıqdan Leobank kartını almışdır. Səhərisi günü hər iki kartı Vilvan kəndinə Elminə vermişdir. Lakin bir neçə gün keçsə də Elmindən xəbər çıxmamışdır. Bundan sonra, anlamışdır ki, Elmin onu aldaraq 20.000 manat pulunu aldadaraq almışdır. Elmin barəsində Lənkəran polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Vurulmuş maddi ziyandan 1000 manatını Elmin geri qaytarmışdır. Hazırda Cavabdeh şikayətçidir. Cavabdeh qohumları da ondan bezdiyi üçün Elminin yerinə pul qaytarmaqdan imtina edirlər. Cavabdeh ona vurmuş olduğu ziyanı tam ödəmədiyi üçün Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(049)-38/2025 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Cavabdeh Lənkəran Rayon Məhkəməsinin 1(049)-38/2023 saylı 22 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 02 ay 06 gün müddəti Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 07 ay 03 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Cavabdeh qəti olaraq 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(049)-38/2025 saylı hökmündən görünür ki, Cavabdeh tərəfindən ona dəymiş 20003 manat ziyandan 1000 manat ödənilmiş, qalan ziyan isə ödənilməmişdir. On görə də məcburiyyət qarşısında qalaraq hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş: Lənkəran Rayon Məhkəməsinin 1(049)-38/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Cavabdeh Lənkəran Rayon Məhkəməsinin 1(049)-38/2023 saylı, 22 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il ay 06 gün müddəti Azərbaycan Respublikası CM-nin 68.1.1-1 -ci maddəsinə əsasən 07 ay gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Cavabdeh qəti olaraq 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə doğulmuşdur. xx.xx.2025-ci il tarixli, 25214 №-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməd iddia ərizəsinin verilməsinə görə 148 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İlk növbədə qeyd edilməlidir ki, iddia tələbinin qanuni əsası Mülki Məcəlləsinin 1097.1-ci maddəsidir. Həmin maddənin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsində mülki hüquq pozuntusunun anlayışı verilmişdir. Həmin normada qeyd olunur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Hazırki işin hallarından göründüyü kimi, Cavabdeh törətmiş olduğu cinayət əməli, yəni dələduzluq etməsi nəticəsində İddiaçı 20003 manat ziyan vurulmuş və vurulmuş ziyandan cəmi 1000 ödəniş edilmiş, dəymiş maddi ziyanın ödənilməmiş hissəsi 19000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd edilir ki,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 19000 manat məbləğində pul və iddia verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 147 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş maddi ziyana görə 19000 manat və iddia verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 147 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar