Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4642/2025 12.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi və Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi istinad edilən təqsirləndirilən şəxs Cavabdeh tərəfindən ona dəymiş ziyana dair 9.600 manat məbləğində pul vəsaitinin cinayət işi üzrə təqsirləndirilən şəxs, mülki iddia üzrə Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən dələduzluq yolu ilə 9600 manat maddi vəsaiti mənimsənilmişdir. Belə ki, Cavabdeh "Tiktok” internet platformasında "Hyundai Elantra” markalı avtomobilin Avropadan Azərbaycana gətirilməsi ilə bağlı məlumat yerləşdirmişdir. Ona da avtomobil lazım olduğundan daima belə məlumatları izləyirdi. Ona görə də o, Azərə məxsus olan 050-490- 68-08 nömrəli mobil telefonuna zəng edərək, avtomobil barədə söhbət edərək həmin avtomobili 17.500 (on yeddi min beş yüz) manata almaq barədə razılığa gəlmişlər. Bundan sonra o, Azərə məxsus 4127-2093- 0270-3704 nömrəli Beynəlxalq Bank kartına 14 iyun 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən ödəmə terminalından 400 manat, 17 iyun 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən ödəmə terminalından 2800 manat, 19 iyun 2024cü il tarixdə Bakı şəhəri Səbail rayonu Badamdar şossesi, 1-ci Y/M, ev 34-də yerləşən ödəmə terminalından 1650 manat, 20 iyun 2024-cü il tarixdə həmin ödəmə terminalından 50 manat, 01 iyul 2024-cü il tarixdə yenə həmin ödəmə terminalından 2700 manat və 16 iyul 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, X1 yerləşən ödəmə terminalından 2000 manat olmaqla cəmi 9600 manat pul köçürmüşdür. Bundan sonra Azər özü Azərbaycana gəldiyini və tezliklə maşını gömrükdən çıxararaq ona təhvil verəcəyinə qalan pulu isə avtomobil onun adına rəsmiləşdikdən sonra ondan alacağına onu inandırmışdır. Bundan sonra o, bir neçə dəfə onunla telefonla danışmış və Azər ona Azərbaycanda olduğunu və onunla görüşəcəyini demişdir. Sonra yenə Cavabdeh ona dəfələrlə görüş yeri verərək onu gözlətmiş, lakin gəlməmişdir. Yalnız bundan sonra o, Cavabdeh tərəfindən dələduzluq yolu ilə aldanılaraq maddi vəsaitinin ələ keçirilməsini başa düşərək Bakı şəhəri Səbail RPİ-nin 41-ci Polis Şöbəsinə onun barəsində şikayət etmişdir. Cavabdeh törətdiyi dələduzluq əməlinə görə başlanılan cinayət işi yekunlaşaraq baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmiş və onun əməlinə hüquqi qiymət verilərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(012)-629/2025 saylı hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 3(üç) il 02( iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmədə mülki iddia qaldırmadığı üçün indi məhkəməyə müraciət edir. İddiaçı məhkəməyə teleqramla müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası üzrə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz, vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə İddiaçı və Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(012)-629/2025 sayılı hökmündən görünür ki, həmin hökmlə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) 02 (iki) ay il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Cavabdeh təkrarən özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə “Tiktok” internet platformasında “Hyundai Elantra” markalı avtomobilin Avropadan Azərbaycana gətirilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yerləşdirib, onunla telefonda əlaqə saxlayan İddiaçı etibarından sui-istifadə edib, həmin avtomobili satacağını yalandan vəd verib aldadaraq, İddiaçı ona məxsus 4127-2093-0270-3704 nömrəli Beynəlxalq Bank kartına 14 iyun 2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən ödəmə terminalından göndərdiyi 400 manatı, 17 iyun 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən ödəmə terminalından göndərdiyi 2800 manatı, 19 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 1-ci Y/M, ev 34-də yerləşən ödəmə terminalından göndərdiyi 1650 manatı, 20 iyun 2024-cü il tarixdə həmin ödəmə terminalından göndərdiyi 50 manatı, 01 iyul 2024-cü il tarixdə həmin ödəmə terminalından göndərdiyi 2700 manatı və 16 iyul 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən ödəmə terminalından göndərdiyi 2000 manatı ümumilikdə vahid niyyətlə 9.600 manat pulu alıb ələ keçirərək, zərərçəkmiş İddiaçı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. “Elektron məhkəmə” informasiya sisteminə edilmiş sorğu nəticəsində əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh barəsində cinayət işinə apellyasiya instansiyası məhkəməsində baxılmamışdır. Beləliklə hazırki mülki iş üzrə məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edilmişdir ki, Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(012)-629/2025 saylı hökmü ilə məhkum edildiyi cinayət əməli nəticəsində onun tərəfindən İddiaçı vurduğu maddi ziyan 9600 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 29.1-ci maddəsinə əsasən “Hər kəsin mülkiyyət hüququ vardır.” İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.” Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (S.Bayramovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 16 iyul 2012-ci il tarixli Qərarı)” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” Həmin məcəllənin 445.7-ci maddəsinə əsasən, Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tələblərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəzərə alınmalıdır ki, MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Habelə MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin məcəllənin 82.4 maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə hazırki iddia tələbi ilə əlaqədar 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilərək maddi ziyana dair 9.600 manat və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 manat olmaqla, cəmi 9.720 (doqquz min yeddi yüz iyirmi) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin Vurulmuş maddi ziyana dair 9.600 manat və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 manat olmaqla, cəmi 9.720 (doqquz min yeddi yüz iyirmi) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-4642/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4642/2025
12.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver