Məhkəmə qərarları › İş №2(049)-47/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-47/2023

02.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-47/2023 02.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş şüşəbəndin və qidrofonun sökülməsi, Cavabdeh ona vurduğu 1000 manat məbləğində maddi ziyan pulunun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Lənkəran şəhəri, Qala Xiyabanı, ev 28 ünvanda yerləşən 17 saylı mənzil mülkiyyət hüququ üzrə ona məxsusdur. Ondan bir mərtəbə yuxarıda eyni ünvanda yerləşən 20 saylı mənzil iş üzrə Cavabdeh məxsusdur. Cavabdeh həmin mənzili alana kimi onun əvvəlki mülkiyyətçi ilə heç bir problemi olmamışdır. Cavabdehlə də onun heç bir problemi olmamışdır. Lakin cavabdeh həmin mənzili alandan sonra orada təmir işlərini aparmağa başlamış və həmin mənzilin balkonunu şüşəbəndlə bağlamışdır. Bundan sonra bütün problemlər yaranmağa başladı. Belə ki, cavabdeh özünə məxsus mənzilin balkonunu şüşəbəndlə bağlayandan sonra yağış yağan zaman yağışın suyu birbaşa onun mənzilinə axır. Baxmayaraq ki, o mənzilini təzəcə təmir elətdirib, həmin şüşəbənddən onun mənzilinə axan yağış suyunun nəticəsində otağın bütün divar kağızları nəmlənərək qopmuşdur. Bununla da cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan dəymişdir. Cavabdehin qanunsuz hərəkətləri bununla kifayətlənmir. Bundan əlavə cavabdeh suyu binanın çöl hissəsi ilə balkonuna, oradan da evinə çəkmiş və balkonda da qidrofon quraşdırmış və qidrofonun səsindən evdə yatmaq olmur. Həmçinin cavabdeh mənzilində kondinsioner quraşdırmış və vintilyatorun şlanqını sallaq vəziyyətdə saxladığı üçün onun suyu da onun mənzilinə axır. Onların yaşadıqları binada heç bir mülkiyyətçi özünə məxsus mənzilin balkonunu şüşəbəndlə bağlamamışdır. Çünki, həmin şüşəbənd binanın ümumi görüntüsünü pozur. O bu barədə Mənzil Təsərrüfatı İdarəsinə baş vermiş hadisə ilə əlaqədar onları xəbərdarlıq etmiş, lakin həmin idarənin işçiləri gəlib, onun mənzilinə baxış keçirtməmişlər. Cavabdehin şüşəbəndindən onun mənzilinə suyun axması nəticəsində ona xeyli miqdarda ziyan dəymişdir. O cavabdehlə dəfələrlə söhbətlər aparmış, lakin heç bir nəticəsi olmamışdır. Məhkəmənin hazırlıq iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində qeyd olunanlara uyğun izahat vermişdir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh iddia tələbini qəbul etməyib, iddianın rədd edilməsini xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, Lənkəran şəhəri, Qala Xiyabanı, ev 28 ünvanda yerləşən 20 saylı mənzil mülkiyyət hüququ üzrə ona məxsusdur. O iddiaçı ilə qonşuluqda, yəni bir binada yaşayır. İddiaçının mənzili onun mənzilinin alt mərtəbəsində yerləşir. Onun tərəfindən Lənkəran şəhəri, Qala Xiyabanı, ev 28 ünvanda yerləşən 20 saylı mənzilin eyvanına şüşəbənd quraşdırılmışdır. Lakin həmin şüşəbəndin iddiaçıya heç bir maneçiliyi yoxdur. Yağış sularının iddiaçının eyvanına axıdılması həmin şüşəbəndin quraşdırılması səbəbindən baş verməmişdir. Məhkəmənin baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqram göndərərək bildirmişdi ki, iddianı tam müdafiə edir. Məhkəmə iclasında iştirakı olmadan məhkəmə iclasını keçirib qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Lənkəran şəhəri, Qala Xiyabanı küçəsində yerləşən 28 saylı binanın 17 saylı mənzili üzərində İddiaçı tam mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Elektron məhkəmə informasiya sistemindən Çıxarışdan görünür ki, Lənkəran şəhəri, Qala Xiyabanı küçəsində yerləşən 28 saylı binanın 20 saylı mənzili Cavabdeh məxsusdur. Höumət ödəniş portalından çıxarışdan görünür ki, iddianın məhkəməyə verilməsi üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbini iddia ərizəsinə göstərilənlərlə, habelə iş materiallaırnda olan sənədlərlə qarşılıqlı şəkildə araşdırıb aşağda qeyd olunanlar əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbində görünür ki, iddiaçı qonşusu, yəni cavabdeh tərəfindən eyvanına quraşdırılan şüşəbəndin onun hüquqlarına toxunduğunu, həmin şüşəbənidən quraşdırılması səbəbindən yağış sularının onun evinə axıdılması nəticəsində onun evinin təmirinin yararsız hala düşməsini və ona maddi ziyan vurumasını iddia etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin («Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş şüşəbəndin və qidrofonun sökülməsi» hissəsində) qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi təşkil edir. Həmin maddəyə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki hüquq nəzəriyəsində ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.4-cü maddəsi əşya hüquqlarının neqator iddiası qaydasında müdafiə edilməsini tənzimləyir. Neqator iddiasına görə, mülkiyyətçi sahiblikdən məhrum edilməklə bağlı olmayan pozuntulara son qoymağı pozuntu törədəndən məhkəmə vasitəsilə tələb edir. Bu iddia mülkiyyətçinin əşyaya sahiblik hüququnun itirilməsi ilə bağlı deyil. Neqator iddiası yalnız mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Bu hallar əşyaya sahiblik səlahiyyətinin yox, yalnız əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olur. Neqator iddianın verilməsinə əsas olan həmin hallar mülkiyyətçinin əşyaya sahiblik səlahiyyətini pozmur və onu bu səlahiyyətdən məhrum etmir. Deməli, neqator iddia əşyaya sahiblik səlahiyyətinə malik olan mülkiyyətçinin əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. İddia qeyd olunan Mülki Məcəllənin 157.4-cü maddəsində nəzərə tutulan dizpozisiya şərtlərinə uyğun gəldiyi halda əsaslıdır. Qeyd olunan hüquq normasının dispozisiya şərtləri aşağıdakılardır:

1. əşya mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmalı

2. mülkiyyətdən istifadəyə qəsd edilməli və bu qəsd mülkiyyətdən məhrum etmədən və onu götürmədən həyata keçirilməli, yəni iddiaçı sahiblikdən məhrum edilməməlidir. Birinci dispozisiya şərti ilə bağlı: İddiaçının Lənkəran şəhəri, Qala Xiyabanı, ev 28 ünvanda yerləşən 17 saylı mənzildə yaşaması, həmin mənzilin onun mülkiyyətində olması, cavabdehin isə bir üst mərtəbədə yaşamaqla, iddiaçının qonşusu olması və cavabdehin yaşadığı mənzilin eyvanına şüşəbənd quraşdırması işin mübahisəsiz hallarıdır. Belə ki, qeyd olunan hallar, həm tərəflərin məhkəmənin hazırlıq iclasında verdiyi izahatları, həm də iddia ərizəsinə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli Çıxarış və elektron məhkəmə informasiya sistemidə olan məlmatlarla təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddia Mülki Məcəllənin 157.4-cü maddəsində nəzərdə tutulmuş 1-ci dispozisiya şərtinə uyğundur. İkinci dispozisiya şərti ilə bağlı: İşin mübasəli halları, Mülki Məcəllənin 157.4-cü maddəsində nəzərdə tutulmuş 2-ci dispozisiya şərti ilə bağlıdır. Belə ki, iddiaçı cavabdehin öz mənzilinin eyvanına şüşəbəndin quraşdırılması nəticəsində yağış sularının onun mənzilinə axıldığını və mənzilinin yaşayır hala düşdüyünü, buna görə də onun yaşadığı mənzilə ziyan vurulduğunu bildirir, cavabdeh isə bunu inkar edir. Qeyd olunan halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, iş üzrə məhkəmə mühəndis-tüxniki və məhkəməəmtəəşünaslıq ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Mərkəz tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/6569 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzilin balkonuna cambalkon quraşdırılması binanın layihəsində nəzərə tutulmadığından, cambalkon quraşdırılan zaman balkonun aşağı hissəsinə navalça və yuxarı hissəsinə çətir quraşdırılmadığı halda, yağış sularının cavabdehin balkonuna quraşdırılmış şüşələrdən süzülərək balkonun aşağı hissəsindən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanındakı mənzilin fasad divarı istiqamətinə sızmasına səbəb ola bilərdi. Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzilə (balkona) su nasosu quraşdırılmamışdır. Smeta üzrə hesablamalar nəticəsində İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanındakı mənzildə su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün təqribən 1426.0 manat məbləğində vəsait tələb olunur. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzilin eyvanına quraşdırılmış şüşbənd (cambalkon) tikinti texniki qaydalara uyğun quraşdırılmamış, eyvanın aşağı hissəsinə navalça və yuxarı hissəsinə çətir quraşdırılmamış, buna da İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanındakı mənzilə su sızmasına səbəb ola bilər. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, iddia Mülki Məcəllənin 157.4-cü maddəsində nəzərdə tutulmuş 2-ci dispozisiya şərtinə də uyğun gəlir və buna görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş şüşəbəndin sökülməsi hissəsində əsaslıdır. Məhkəmə iddianın «cavabdehin mənzilinə quraşdılmış qidrofonun sökülməsi» hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, yuxarıda qeyd olunan ekspert rəyi ilə müəyyən olunur ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzilə (balkona) su nasosu quraşdırılmamışdır. Buna görə də iddia bu hissədə Mülki Məcəllənin 157.4-cü maddəsinin 2-ci dispozsiya şərtinə uyğun gəlmədiyindən rədd edilməlidir. Məhkəmə iddianın cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyanın ödənilməsi hissəsini də əsaslı hesab edir. Belə ki, iddianın həmin hissədə qanuni əsasını 1097.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddia tələbindən görünür ki, iddiaçı vurulmuş ziyana görə 1000 manat tələb edir. Yuxarıda qeyd olunan ekspert rəyindən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanındakı mənzildə su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün təqribən 1426.0 manat məbləğində vəsait tələb olunur. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanındakı mənzildə su sızması cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verdiyindən, vurulmuş ziyana görə də cavabdeh məsuliyyət daşıyır, buna görə də iddia həmin hissədə təmin edilməli, vurulmuş ziyana görə 1000 manat pul cavabdehdən alınaraq iddiaçıya ödəməlidir. Vurulmuş ziyana görə iddiaçının tələb etdiyi məbləğlə ekspert rəyində qeyd olunan məbləğ arasında yaranmış fərqlə bağlı məhkəmə qeyd edir ki, MPM-nin 218.3-cü maddəsinin tələbi baxımından məhkəmə yalnız iddia tələbi həddində mübahisəni həll edə bildiyindən, iddia tələbinn həcminin artırılması ilə bağlı da iddiaçının hər hansı müraciəti olmadığından iddia yalnız iddia ərizəsində göstərilən vurulmuş ziyan məbləği hissəsində təmin edilməlidir. Belə ki, MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə cavabdehin iddiaya qarşı etirazının dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər iddianın tamamilə rədd edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübut etmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ididaçı iddianın əsaslılığını təsdiq edən subutları məhkəməyə təqdim etdiyindən iddianın rədd edilməli olmasını təsdiq edən sübutları təqdim etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə iddiaya qarşı etirazını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzilin eyvanına quraşdırılmış şüşəbənd (cambalkon) sökülməli, həmin şüşəbəndin quraşdırılması səbəbindən su sızması nəticəsində İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanındakı mənzilə vurulmuş ziyana görə 1000(bir min) manat Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə «Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzilin eyvanına quraşdılmış qidrofonun sökülməsi» hissəsində rədd edilməlidir. MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddianın verilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30,40 manat Cavabdeh tutularaq İddiaçı, ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzilin eyvanına quraşdırılmış şüşəbənd (cambalkon) sökülsün. Vurulmuş ziyana görə 1000(bir min) manat və iddianın verilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30,40(otuz tam yüzdə qırx) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə, yəni «Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzilin eyvanına quraşdılmış qidrofonun sökülməsi» hissəsində rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar