Məhkəmə qərarları › İş №2(049)-47/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-47/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-47/2024 14.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katbi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünə məxsus “KAMAZ 53212” markalı ** BC *** dövlət qeydiyyat nişanlı yük maşınının və ya onun dəyəri olan 16500 manat məbləğində pulun, ödənilmiş 141 manat dövlət rüsumunun, cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsini “pul tələbi” başlığı ilə adlandırsa da, iddianın məzmunundan aydın olunur ki, o, əslində əmlak tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı, iddiasını onunla əsaslandırmışdır ki, mülkiyyətində "KAMAZ 53212“ markalı **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı yük maşını vardır. Özü Bakı şəhərində olduğu üçün həmin yük maşınını idarə edib ailəsini dolandırmaqdan ötrü kürəkəni olan Qulama vermişdir. Bir müddət Qulam həmin yük maşını ilə yük daşımaqla məşğul olaraq ailəsini dolandırmışdır. Sonradan Qulam xəstələndiyi üçün həmin maşını yük daşımaq üçün başqa şəxsə icarəyə vermək qərarına gəlmişdir. Hazırki iş üzrə cavabdeh olan Cavabdeh da maşını ondan hər ay 800 manat ödəməklə icarəyə götürüb həmin pulu da kürəkəni Qulama verməyə razılaşmışdır. Bundan sonra o, xx.xx.2020-ci il tarixdə Cavabdeh 1 illik maşını idarə etmək üçün etibarnamə vemişdir. Həmin vaxtda Cavabdeh maşını idarə edib, ona hər ay 800 manat icarə haqqı verməliydi. Cavabdeh bir müddət, yəni ümumilikdə 5300 manat icarə pulu verəndən sonar, icarə pulunu ona verməyi dayandırdı. O, vəziyyəti belə görüb ona bildirmişdir ki, ya icarə pulunu versin, ya da maşını qaytarsın. Lakin o, əvvəlcə maşının əvəzinə onun üçün başqa maşın alacağına söz versə də, sonradan onunla danışıqlardan yayınmış və sonradan məlum olmuşdur ki, o, həmin maşınla İran İslam Respublikasından yük daşıyarkən maşını orada girov qoyaraq hansısa miqdarda yük götürüb, çıxıb, gəlmişdir. Dəfələrlə onunla əlaqə saxlamaq istəsə də, telefonlara cavab verməmişdir. Vəziyyəti belə görüb, onunla bağlı Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə şikayət yazmışdır. Orada şikayət araşdırılarkən onun mobil telefonu ilə əlaqə saxlamaq istəsələr də, mümkün olmamış və məlum olmuşdur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasına getmişdir. Onun tapılması mümkün olmadığı üçün ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin artırılması barədə ərizə verərək iddiaçıya məxsus “KAMAZ 53212” markalı ** BC *** dövlət qeydiyyat nişanlı yük maşınının və ya onun dəyəri olan 20 000 manat məbləğində pulun, ödənilmiş 151 manat dövlət rüsumun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını və anasının 40 mərasimi ilə bağlı məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan notariat hərəkətləri haqqında çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhər 21 Saylı notariat ofisində İddiaçı mülkiyyətində olan “KAMAZ 53212” markalı ** BC *** dövlət qeydiyyat nişanlı yük maşınını etibarnamə əsasında xx.xx.2021-ci il tarixədək Lənkəran rayonu, Velədi kəndində yaşayan Cavabdeh istifadəsinə vermişdir. Həmin etibarnamə xx.xx.2021-ci il tarixdə qüvvədən düşmüşdür. İş materiallarında olan Nərimanov RPİ-nin 17-ci polis şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış cavabından görünür ki, İddiaçı özünə məxsus “KAMAZ 53212” markalı ** BC *** dövlət qeydiyyat nişanlı yük maşınını Nərimanov rayon ərazisində yerləşən 21 Saylı Notariat idarəsində bir illik etibarnamə ilə icarə əsasında aylıq 800 manat ödəmək şərti ilə Lənkəran rayonu, Velədi kəndində yaşayan Cavabdeh idarəsinə vermiş, Elməddin ümumilikdə 5300 manat icarə pulu ödədikdən sonra ödənişi dayandırmışdır. İzahatı alınmaqdan ötrü mobil nömrə ilə əlaqə saxlamağa cəhd olunsa da, Elməddinlə əlaqə saxlamaq mümkün olmamış və daha sonra sonuncunun xx.xx.2023-cü il tarixdə RF-yə getdiyi məlum olmuşdur. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/9405 saylı ekspert rəyindən və kassa mədaxil orderindən görünür ki, “KAMAZ 53212”markalı, 1984-cü il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin hazırki nəzəri orta bazar qiyməti təxminən 20000 manat müəyyən edilmiş və göstərdiyi xidmətə görə ekspertə 50 manat xidmət haqqı ödənilmişdir. Ödəniş qəbzlərindən görünür ki, iddianın verilməsi üçün iddiaçı tərəfindən xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə ümumilkidə 280 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, “KAMAZ 53212” markalı ** BC *** dövlət qeydiyyat nişanlı yük avtomaşını mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. O, həmin avtomaşını xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək etibarnamə əsasında cavabdehin qanuni istifadəsinə vermişdir. Həmin etibarnamənin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Həmin tarixdən sonra qeyd olunan avtomaşın cavabdehin qanunsuz sahibliyində olmuş, cavabdeh həmin avtomaşını iddiaçıya qaytarmaq əvəzinə, onu qaytarmamış, buna görə də, iddiaçı avtomaşınının geri tələbi ilə bağlı Nərimanov RPİ-nin 17ci polis şöbəsinə müraciət etmiş, oradan ona cavab verərək cavabdehin Rusiya Federasiyasına getdiyi bildirlmişdir. Buna görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin qanunsuz sahibliyində olan “KAMAZ 53212” markalı ** BC *** dövlət qeydiyyat nişanlı yük avtomaşını, həmin avtomaşın qətnamə icra olunan vaxt mövcud olmasa, onun dəyəri olan 20 000 manat məbləğində pul Cavabdeh pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ümumilkiidə 280 manat dövlət rüsumu ödəmişdir. Lakin o, dövlət rüsumu olaraq 151 manat tələb etdiyindən, məhkəmə hesab edir ki, həmin 151 manat dövlət rüsumu cavabdehə aid edilməli və sonuncudan alınaraq iddiaçıya verilməlidir. Məhkəmə eləcə də hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehə aid edilməli və ondan tutularaq Məhkəmə Eksperetiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏVİ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası təmin edilsin. “KAMAZ 53212” markalı ** BC *** dövlət qeydiyyat nişanlı yük avtomaşını, həmin avtomaşın qətnamə icra olunan vaxt mövcud olmasa, onun dəyəri olan 20 000 (iyirmi min) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh 151 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehə aid edilsin və ondan tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar