Məhkəmə qərarları › İş №2(049)-4755/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4755/2025

16.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4755/2025 16.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2/600 (iki min altı yüz) manat pulun və 46,40 (qırx altı manat, qırx qəpik) manat dövlət rüsumunun alınıb onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəlidir, himayəsində övladları və həyat yoldaşı var. Cavabdeh tanıyır. Onun Lənkəran Rayonlararası Ağciyər Xəstəlikləri dispanserinin həkimi olması barədə məlumatlıdır. Yaxın keçmişdə, yəni 10 iyun 2025-ci il tarixdə onun yanında olması ilə qızının, yəni X3 Astara rayonunda olan xəstəxanaların birində xadimə və ya oxşar başqa işlə təmin edilməsinin mümkünlüyü ilə bağlı ona müraciət etmişdir. Cavabdeh bununla bağlı 2600 (iki min altı yüz) manat pul verməli olmağının zəruriliyini ona bildirmişdir. O, bunun səbəbini soruşduqda qeyd etdi ki, verəcəyi həmin məbləğ zəruri ödəmələrin təmin edilməsi ilə bağlıdır. Həmin söhbətdən bir müddət sonra cavabdehin ona heç bir məlumat vermədiyini nəzərə almaqla bir neçə dəfə bilavasitə və ya telefonla onunla əlaqə saxlaması ilə ya işin düzəldilməsini, bu, mümkün olmayacağı halda, ona verdiyi 2600 manat pulun geri qaytarılmasını tələb etmişdir. Nəhayət Cavabdeh işin düzəldilməsinin mümkün olmayacağını etiraf etsə də, pulu xərcləmiş olduğunu və yaxın vaxtlarda həmin məbləği düzəldib ona qaytaracağını bildirmişdir. Təkrar-təkrar ona yalan vədlər verməsindən özü də yorulmaqla ***-***-**-** nömrəli mobil telefonundan həmin dövrdə istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona “Watsapp” sosial şəbəkəsi vasitəsilə videogörüntü göndəməklə “Asif əmi, sənə olan 2600 manat borcumu inşallah həftənin birinci günü çatdıraram saat 12-yə qədər, çatdırmasam qanuni şikayət edərsən məndən” deyə bildirmişdir. Həmin söhbətdən xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh ona olan borcunu qaytarmadığından məhkəməyə müraciət etmişdir. O, həmin pul məbləğini cavabdehə ödəyərkən qarşı tərəf onda saxta inam yaratmış və ondan alınmış 2600 manat pulun qanuni əsasları var. Lakin bununla əlaqədar sonradan ona məlum olmuşdur ki, həmin məbləğin ondan alınmasının heç bir qanuni əsası yoxdur. Cavabdeh 2600 manat pul vəsaitini ondan alarkən cinayət qanunvericiliyinin tələblərini də pozmaqla və vəzifə səlahiyyətlərini aşmaqla həmin hərəkətləri etmişdir. Bu baxımdan hesab edir ki, onun əməlində cinayət tərkibinin əlamətləri olduğundan gələcəkdə əlavə araşdırmanın aparılması da zəruri ola bilər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat və əlavə olaraq bildirdi ki, cavabdeh onun qızını işə düzəltmək üçün ondan 2600 manat almışdır. Bu hadisə 10 iyun 2025-ci ildə baş vermişdir. Heç bir hüquq mühafizə orqanına müraciət etməmişdir. İşi düzəldə bilmədiyi üçün cavabdehdən pulu geri tələb edib. Cavabdeh pulun geri qaytaracağını bildirib. Bu qədər vaxt keçməyinə baxmayaraq, hələ də pulu qaytarmamışdır. Məhkəməyə sübut kimi cavabdehin videoyazısı olan diski təqdim edib. Qeyd etdiklərini həmçinin məhkəmədə şahidlər də təsdiq edə bilər. İddia tələbinin təmin olumasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, iddiaçı onun atasıdır. Cavabdeh pul verən zaman onu tanımışdır. Cavabdeh onun bacısını işə düzəltmək adı ilə onun atasından 2.600 manat pul amışdır və hazıradək həmin pul vəsaitini atasına qaytarmamışdır. Həmin pulun 2.000 manat hissəsinə atası onun iştirakı ilə cavabdehə nağd vermişdir, qalan 600 manatı kart vasitəsi ilə ödəyiblər. Müəyyən vaxt keçdikdən sonra nə işə düzəltmişdir, nə də pulu qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində şahid X1 qeyd etdiklərini təsdiqlədi. Məhkəmə iddiaçının izahatını və şahidləri dindirib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim edilən və iş materiallarına əlavə edilmiş, CD diskdə olan video materiala məhkəmə iclasında baxış keçirilərək, tədqiq edilən zaman müəyyən edildi ki, həmin videoda kişi cinsli şəxs kiməsə müraciət edərək bildirir ki, ““Asif əmi, sənə olan 2600 manat borcumu inşallah həftənin birinci günü çatdıraram saat 12-yə qədər, çatdırmasam qanuni şikayət edərsən məndən”. İddiaçı məhkəmə iclasında izahatında ona verilən suala cavab olaraq bildirmişdir ki, həmin video çəkiliş Cavabdeh tərəfindən Vhatsapp ani mesajlaşma proqramı vasitəsilə ona göndərilmişdir. “Elektron məhkəmə” informasiya sistemində olan Cavabdeh şəxsiyyətini müəyyən edən sənəddə oln şəkil eyniləşdirilərkən onun yuxarıda qeyd edilmiş video çəkilişdə olan şəxslə eyni şəxs olaması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı iddia tələbi üzrə 46,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 21.1 və 21.2-ci maddələrinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).” Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh hazırki mülki iş üzrə keçirilmiş məhkəmə iclaslarında iştirak etməmiş, ona qarşı irəli sürülmüş iddia tələbinə münasibət bildirməmiş və iddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş “whatsap” tətbiqndə olan video yazını mübahisələndirməmişdir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 121.1 maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, 2.600 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46,4 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2.600 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46,40 manat olmaqla, cəmi 2.646,4 (iki min altı yüz qırx altı manat, 40 qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar