Məhkəmə qərarları › İş №2(049)-492/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-492/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-492/2023 19.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X1, cavabdeh: Cavabdeh Məhərrəmli oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 750 manat borc pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat cəmi 780 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh 2018-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tovuz rayonunda yerləşən N saylı hərbi hissəsində hərbi qulluqçu işləmiş və onlar həmin vaxtı tanış olmuşlar, münasibətləri yaxşı olmuşdur. xx.xx.2018-ci ildə çavabdeh onun yanına gələrək oğluna kiçik toy mərasimi etmək istədiyini və bunun üçün ona borca pul lazım olduğunu demişdir. O, da həmin vaxt notoriat qaydada olmaqla və xx.xx.2019-cu il tarixdə qaytarmaq şərti ilə ona 900 manat borc pul vermişdir. Lakin qeyd olunan vaxt cavabdehin pulu qaytarmadığını görə onunla danışmışdır. O, bir müddət də vaxt verməyini xahiş edərək pulu tezliklə qaytaracağına söz vermişdir. Münasibətləri yaxşı olduğundan bir müddət də gözləməli olmuşdur. Lakin o cavabdehin yenə də pulunu qaytarmadığını görüb onun yanına gedərək pulunu geri istəmiş və o, 2020-ci ilin iyul ayında ona olan borcundan 100 manat, avqust ayında isə 50 manat qaytarıb qalıq məbləği tezliklə verəcəyini bildirmişdir. Lakin cavabdeh hal-hazıradək ona qalıq borclu olduğu 750 manat pulumu qaytarmır. Ona görə də bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə ərizə göndərərək səhhəti ilə əlaqədar yolun uzaq olmasını nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək iddianın təmin olunmasınına etirazı olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Tovuz rayon notariat kontorunun xüsusi notariusunun kredit müqaviləsi bağlanması haqqında ərizəsindən görünür ki, İddiaçı Cavabdeh 900 manat məbləğində pul borcunu xx.xx.2019-cu ilədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət üçün 30,40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, cavabdehi dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MM-nin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən, müəyyən olunur ki, cavabdeh iddiaçıdan 900 manat pulu xx.xx.2019-cu il tarixədək qaytramaq şərti ilə borc olaraq almış, qeyd olunan məbləğ iddiaçı tərəfindən cavabdehə verilsə də, cavabdeh öhdəliyin icrasından boyun qaçırmışdır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, cavabdeh tərəfindən iddianın etiraf edilməsini və həmin etirafin mülki iş üzrə məhkəmədə müəyyən olunan hallarla təsdiq olunduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq ona ödənilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 750 manat borc pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ümumlikdə 780 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar