Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-516/2024 04.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3 və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “ümumi istifadədə olan yol kimi nəzərdə tutulan yolun üzərində inşa edilmiş təndirxananın və dəmir darvazanın sökülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X10 tərəfindən Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən xx.xx.2020-ci il tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş ********** saylı çıxarışa əsasən ona məxsus həyatyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gedən gediş - gəliş yolu kimi nəzərdə tutulan yolun üzərində inşa edilmiş təndirxananın və dəmir darvazanın cavabdehin hesabına sökülməsi, cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, eyni zamanda dövlət rusumu kimi ödədiyi 100 manat pulunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayonu, Şağlaküçə kəndində ailə üzvləri ilə birlikdə özünə məxsus fərdi yaşayış evində yaşayır. Ev 1982-ci ildə tikilmişdir. Bundan başqa əmisinin də həmin ərazidə həyətyanı evi vardır. Hər ikisinin həyətyanı yolu eynidir. Böyükləri tərəfindən evləri tikiləndə 3 ailənin gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Lakin həm qohum, həm də qonşu olan iş üzrə cavabdeh X10 tərəfindən onun, yəni 2 ailənin gediş-gəliş yolunu qanunsuz tutmuş və yolunun üzərində təndirxana və dəmir darvaza qomuş və qıfılla bağlamışdır. Dəfələrlə yolun açılmasına görə ona müraciət etsələr də əhəmiyyət verməmişdir. O, cavabdeh X7 qarşı 2021-ci ildə qanunsuz gediş-gəliş yolunun zəbt edilməsinə dair Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi vermişdir. Mülki işə məhkəmə icraatında baxılan zaman məhkəmə mühəndis texniki ekspertizası keçirilmişdir. Ekspertizasının xx.xx.2021-ci il tarixli №10/1061 nömrəli rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********97-10301 Reyestr nömrəli Çıxarış və Texniki Pasporta əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən 0.56 ha torpaq sahəsində mövcud olan fərdi yaşayış evinə yerquruluşu layihəsində gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Həmin yol bütövlüklə cavabdeh X10 tərəfindən istifadə edilir. Bu mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Onun iddia ərizəsinə əsasən xx.xx.2021-ci il tarixli 1(49)-958/2021 saylı Lənkəran Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul olunmuşdur. Həmin qətnamədə cavabdeh X4 İddiaçı mülkiyyətində Lənkəran rayonu Şağlaküçə kəndində yaşayış evinə gediş-gəliş üçün olan yoldan çıxarılması qət edilmişdir. Qətnamə içra olunması üçün Lənkəran rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra şöbəsində sözügedən qətnamədən yolun üzərində təndirxana və dəmir darvazası tikililəri mövcud olması ilə bağlı heç bir göstəriş olmadığından icra edilməsi mümkün olmamışdır. İcra məmuru Elvin Babayev 2(049)958/2021 saylı qətnamə üzrə verilmiş icra sənədinə izah verilməsi məsələsinə baxmağını xahiş etmişdir. Lənkəran rayon məhkəməsi 24 sentyabr 2021-ci il tarixli 8(049)-264/2021 saylı qərardadı ilə Lənkəran rayon məhkəməsinin 01 iyun 2021 -ci il tarixli 2(049)958\ 2021 saylı qətnaməsinə izah verilməsi barədə Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elvin Babayevin ərizəsini təmin etməmişdir. Belə ki, sözügedən yol üstündə cavabdeh X10 qanunsuz darvaza qoymuş və təndirxana tikmişdir. Həmin yoldan istifadə edən zaman X9 və X1 həmişə ünvanlarına nalayiq küçə söyüşləri və təhqir edir. Yoldan istifadə edilməsi mümkün deyildir. Dəfələrlə Lənkəran rayon Şağlaküçə kənd bələdiyyəsinə müraciət etmişdir və Lənkəran rayon İcra Başçısının qəbulunda olmuşdu. Belə ki, cavabdeh uzun müddətdir ki, Lənkəran rayon Şağlaküçə kəndində ailə üzvlərinə məxsus evə gediş-gəliş yollundan istifadə edilməsinə imkan vermir. Cavabdehin bu hərəkətləri nəticəsində onlar həmin yoldan istifadə edə bilmirlər. Müxtəlif orqanlara həmin yolun ümumi istifadədə olan yol olduğunu qeyd etsələr və bu barədə cavabdehə desələr də cavabdeh bunların heç birinə əmiyyət verməmişdir. Həmin yol umumi istifadə üçün nəzərdə tutulmuşdur. Məhz bu səbəbdən cavabdehin qanunsuz və özbaşnalıq hərəkətlərindən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Sonradan İddiaçı nümayəndəsi və vəkili X11 tərəfindən məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən xx.xx.2020-ci il tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş ********** saylı çıxarışa əsasən iddiaçıya məxsus həyatyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gedən gediş- gəliş yolu kimi nəzərdə tutulan yolun uzunluğunun 84 m, eninin isə 5 m. olmaqla açılmasına, həmin yol üzərində inşa edilmiş təndirxananın və dəmir darvazanın cavabdeh X4 hesabına sökülməsini, cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, eyni zamanda dövlət rusumu kimi ödənilmiş 100 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il taixli Məhkəmə tikinti-texniki ekspertiziyasının rəyindən görünür ki, xx.xx.2020-ci il tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş ********** saylı çıxarışa əsasən İddiaçı Sevər oğlunun mülkiyyətində olan fərdi yaşayış evinə və həmin evə aid torpaq sahəsinə mübahisəli ərazidən gediş-gəliş yolunun mövcud olması müəyyən olunmuşdur. Mövcüd baza məlumatlarına əsasən həmin gedişgəliş yolunun bələdiyyə mülkiyyətinə aid olması müəyyən olunmuşdur. Mövcüd baza məlumatlarına əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reysterindənl xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə və həmin evə aid torpaq sahəsinə gediş-gəliş yolunun cavabeh X10 tərəfindən istifadə olunması müəyyən olunmuşdur. Həmin yolun orta hesabla uzunluğunun 84 m, eninin isə fərqli ölçülərdə 5 m, 4,8, 2.8m ( orta hesabla 4.2 m.) olması müəyyən olunmuşdur. Bu səbəbdən iddia ərizəsinə dəqiqləşdirmə verilməsinə zərurət vardır. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək, qeyd etmişdir ki, Lənkəran Rayon Məhkəməsinin (hakim Mütəllim İsayev) 01 iyul 2021-ci il tarixli, 2 (049)- 958/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin qismət təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən fərdi yaşayış evinə gediş-gəliş üçün olan yoldan çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə Lənkəran Rayon İcra və Probasiya şöbəsi tərəfindən tam icra edilmişdir. Mövcud baza məlumatlarına əsasən həmin gediş-gəliş yolunun bələdiyyə mülkiyyətinə aid olması müəyyən olunmuş İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə və həmin evə aid torpaq sahəsinə gediş-gəliş yolunun Cavabdeh tərəfindən istifadə olunması müəyyən olunmuşdur. Məsələnin kökü ondan ibarətdir ki, arxiv arayışından X15 filialında saxlanılan Şağlaküçə kənd inzibati ərazi vahidinin 2006-2010-cu və 2011-2015-ci illərə aid təsərrüfatbaşı kitablarında Cavabdeh təsərrüfatının xüsusi mülkiyyətində cəmi torpaqlar 0,17 hektar qeyd edilmişdir. Cavabdeh ata - anası da daxil olmaqla 10 nəfər ailə üzvləri həmin 0,17 ha həyətyanə torpaq sahəsindən istifadə edirlər. Mövcud gediş-gəliş yolunun üzərində hər hansı tikili, iddiaçının iddia etdiyi təndirxana yoxdur. Darvazanın isə iddiaçının iddiasına heç bir aidiyyatı yoxdur. Ümumiyyətlə İddiaçı gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsi mülkiyyətində olan, dədə- babadan ona keçən və əkin yeri olan torpaq sahəsidir. Bunu Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzin 3-16-16/2- 10/4547 nömrəli Ekspert Rəyi də tam doğru -düzgün təsdiq edir. Lakin Torpağın Mülkiyyətə verilməsinə Dair JN-403A KOD 80223018 saylı Şəhadətnamədə Cavabdeh adına səhvən 0,10 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Hal-hazırda Şirvan İnzibati Məhkəməsində bu məsələ mübahisələndirilir. İddiaçı nümayəndəsi və vəkili X11 məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, iddia tələbinin girişində olan darvaza onun tərəfindən quraşdırılmışdır və həmin darvazanın açılıb-bağlanmasını özü idarə edir. Odur ki, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, İddiaçı onun doöma oğludur. Cavabdeh, onun anası və atası Əlinin evinə gedən yoldan istifadədə onlara maneçilik törədirlər. Küçədən Əlinin evinə getmək üçün ümumi gediş-gəliş yolu vardır. Mayis həmin yolun üzərində təndirxana tikmiş və dəmir darvaza quraşdırmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan və mübahisəli torpaq sahəsinə yerli baxış keçirdikdən sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə yerli baxış keçirilərkən müəyyən edilmişdir ki, 3-21-3-43/2-1535/2024 saylı mütəxəssis rəyinə əlavə edilmiş “yer quruluş planı”nda göstərilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə və həmin evə aid torpaq sahəsinə mübahisəli ərazidən gediş-gəliş yolu faktiki olaraq mövcuddur. Həmin gediş-gəliş yolunun kəndarası əsas yola bitişik hissəsində iki qapılı dəmir darvaza mövcuddur. Həmin dəmir darvaza bağlı olduğu təqdirdə İddiaçı gediş-gəliş yolundan istifadəsinə məhdudiyyət yaradılır. Eyni zamanda iddia edilən mübahisəli torpaq sahəsində faktiki olaraq mövcud olan təndirxana “yer quruluş planı”nda qeyd edilən gediş-gəliş yolundan kənarda yerləşir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən təqdim edilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli, **********97-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən 0,56 ha ölçüsə “yaşayış məntəqələrinin torpaqları” torpaq sahəsində yerləşən 196,8 kv.m. yaşayış sahəsi Xancanov X5 xüsusi mülkiyyətindədir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-958/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X7 qarşı iddia tələbi qismən təmin edilərək, cavabdeh X8 İddiaçı xüsusi mülkiyyətində olan Lənkəran rayonu, Şağlaküçə kəndində yeləşən fərdi yaşayış evinə gediş-gəliş üçün olan yoldan çıxarılması qət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(049)-264/2021 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-958/2021 saylı qətnaməsinə izah verilməsi barədə Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elvin Babayevin ərizəsi təmin edilməmişdir. Qərardadın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, icra məmuru ərizəsində qeyd etmişdir ki, sözügedən məhkəmə qətnaməsinin icrası məqsədilə tədbirlər görülərkən Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən fərdi yaşayış evinə gedən mübahisəli gediş-gəliş yolunun üzərində yaşayış evi, təndirxana, hasar, darvaza və s. tikililərin mövcud olması müəyyən edildiyindən və həmin tikililərlə bağlı hər hansı göstəriş olmadığından icra sənədinin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2- 1535/2024 saylı mütəxəssis rəyində qeyd edilmişdir ki,: Lənkəran rayonu, Şağlaküçə kəndi ərazisində yerləşən, mülki iş üzrə mübahisə predmeti olan əraziyə baxış keçirilərək koordinatları müəyyən edilmişdir. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə və həmin evə aid torpaq sahəsinə mübahisəli ərazidən gediş-gəliş yolunun mövcud olması müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən həmin gediş-gəliş yolunun bələdiyyə mülkiyyətinə aid olması müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə və həmin evə aid torpaq sahəsinə gediş-gəliş yolunun Cavabdeh tərəfindən istifadə olunması müəyyən olunmuşdur. Həmin yolun orta hesabla uzunluğunun 84 m, eninin isə fərqli ölçülərdə 5 m, 4,8 m, 2,8 m (orta hesabla 4.2 m) olması müəyyən olunmuşdur. Araşdırma zamanı mülki iş üzrə mübahisə predmeti olan, Lənkəran rayonu, Şağlakücə kəndi ərazisində yerləşən cavabdeh tərəfindən istifadə olunan həmin gedişgəliş yolunun üzərində hər hansı tikilinin mövcud olması aşkar edilməmişdir. Həmin mübahisəli yolun cənub istiqamətində (kəndarası yola bitişik yerdə) əvvəllər mövcud olması iddia edilən darvazanın isə tədqiqat zamanı mövcud olmaması müəyyən edilmişdir. Eyni zamanda araşdırma zamanı İddiaçı naturada gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin bir hissəsinin mövcud baza məlumatlarında öz əksini tapan həmin gedişgəliş yolu ilə uyğun gəlməməsi müəyyən olunmuşdur. Belə ki, mövcud baza məlumatlarında mövcud olan ümumi istifadə üçün nəzərdə tutulmuş həmin gediş-gəliş yolunun başlanğıc və son hissələri (əsas yola və iddiaçının həyətyanı torpaq sahəsinə bitişik hissələri) İddiaçı naturada gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsi ilə uyğun gəlməsi, orta hissəsinin isə uyğun gəlməməsi müəyyən olunmuşdur. İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin orta hissəsi üzərində cavabdehə məxsus təndirxananın mövcud olması müəyyən edilmişdir. Baza məlumatlarında təndirxananın yerləşdiyi yerdə yol olması müəyyən edilməmişdir. Baza məlumatlarında mövcud olan yolun həmin təndirxananın qərb istiqamətindən keçməsi müəyyən olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-516/2024 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı mütəxəssis rəyinə yerquruluşu planı əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4547 nömrəli ekspert rəyinin nəticə hissəsində də xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1535/2024 saylı mütəxəssis rəyində qeyd edilənlərə uyğun xüsusatlar qeyd edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatdır. ********** nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırki iddia tələbi ilə əlaqadar İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə baxış zamanı müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə və həmin evə aid torpaq sahəsinə mübahisəli ərazidən gediş-gəliş yolu mövcuddur. Həmin gediş-gəliş yolunun kəndarası əsas yola bitişik hissəsində iş üzrə Cavabdeh tərəfindən iki qapılı dəmir darvaza quraşdrılmışdır. Həmin darvaza bağlı olduğu təqdirdə iddiaçının gediş-gəliş yolundan istifadəsinə məhdudiyyət yaradılır. Qeyd edilən dəmir darvazanın açılıbbağlanması cavabdeh tərəfindən idarə edilir. Həmçinin zamanda sözügedən gediş-gəliş yolundan istifadədə cavabdeh tərəfindən iddiaçıya maneələr yaradılır. Eyni zamanda müəyən edilmişdir ki, iddia tələbində qeyd edilən təndirxana mübahisəli gediş-gəliş yolunun üzərində yerləşmir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 153.1 maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Həmin məcəllənin 153.2 maddəsinə əsasən qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir. Eyni Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanunvericiliyin tələbinə görə ilk növbədə mübahisəli əmlakın iddia edən şəxsin mülkiyyətində olub-olmaması, həmin əmlakın digər şəxsin (şəxslərin) sahibliyində olubolmaması və bu sahibliyin qanunsuz olub-olmaması müəyyən olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən təqdim edilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli, **********97-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrindən” Çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən 0,56 ha ölçüdə “yaşayış məntəqələrinin torpaqları” torpaq sahəsində yerləşən 196,8 kv.m. yaşayış evinə gediş- gəliş yolu kimi nəzərdə tutulmuş (uzunluğu: 84 m, eni fərqli ölçülərdə: 5 m, 4,8 m, 2,8 m (orta hesabla 4.2 m)) olan yolun üzərində inşa edilmiş dəmir darvaza Cavabdeh hesabına sökülərək, həmin gediş-gəliş yolundan istifadədə Cavabdeh tərəfindən İddiaçı yaradılan maneələr aradan qaldırılmalı və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə, məhkəmə xərclərinə dair hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmçinin iddia tələbi qismən təmin edildiyinə görə cavabdehlər Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat pul vəsaiti X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK- CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən təqdim edilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli, **********97-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrindən” Çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Şağlaküçə kəndində 0,56 ha ölçüdə torpaq sahəsinə və torpaq sahəsində yerləşən 196,8 kv.m. yaşayış evinə gediş-gəliş yolu kimi nəzərdə tutulmuş yolun (3-21-3-43/2-1535/2024 saylı mütəxəssis rəyinə əlavə edilmiş “yer quruluş planı”nda göstərilmiş uzunluğu: 84 m, eni fərqli ölçülərdə: 5 m, 4,8 m, 2,8 m (orta hesabla 4.2 m) olan) üzərində inşa edilmiş dəmir darvaza Cavabdeh hesabına sökülsün və həmin gediş-gəliş yolundan istifadədə Cavabdeh tərəfindən İddiaçı yaradılan maneələr aradan qaldırılsın. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat məbləğində pul vəsaiti X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-516/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-516/2024
04.11.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver