Məhkəmə qərarları › İş №2(049)-532/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-532/2024

11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-532/2024 11.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı Vaqıf qızının, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7.500 (yeddi min beş yüz) manat pulun və ödənilmiş 95 (doxsan beş) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əri Rakim Heydərov ilə onun dostunun evinə gedirmiş. Həmin vaxt əri Rakim demişdir ki, dostu Azər də onlarla birlikdə dostu Əlinin evinə getmək istəyir, onları da götürsünlər. Onlar yolda Azər və onun arvadı Əminəni maşına götürmüşlər. Yolda söhbət zamanı o, Əminə ilə tanış olmuşdur. Həmin vaxt Əminə "Favorlic" kasmetikdə işləyirmiş. Əminənin əri Azər demişdir ki, Rakimin arvadı Sevinci yəni onu da həmin şirkətə qoşsun və guya işləyib pul qazansın. O, isə demişdir ki, ehtiyac yoxdur. O, özü onlayn satışı həyata keçmirir. Mal gətizdirib satır. Bundan sonra Əminə ilə bir-birlərinə nömrələrini vermişlər. Bir müddət sonra o, styatusuna xalça qoymuşdur. Əminə ona zəng edib xalçaların satılıq olub-olmadığını soruşmuşdur və o, da demişdir ki, gətizdirib satır, Əminə ona xalçaları nisyə almağın mümkün olub-olmadığını soruşdu. O, da demiş ki, nisyə sata bilər. Sonra Əminə ona xalça sifariş verdirdi, Əminə ondan xalçaları götürüb satırdı və həmişə vaxtında pulu verirdi. Sonra isə ondan digər əşyalar məsələn ətçəkən, pastel, qazan dəstləri və digər əşyalar da alıb satırdı və pulunu vaxtında verirdi. Bir dəfə Əminə 28 ədəd xalça sifariş verdi. O, 2021-ci ilin noyabr ayında həmin 28 ədəd xalçanı Əminə üçün sifariş vermişdir. Xalçalar onların evinə gəldi. Xalçalar bir neçə gündən sonra onların evinə gəldi. O, Əminəyə zəng edərək Xalçaları götürməsini demiş və Əminə gəlib onlardan xalçaları götürmüşdür. Bundan sonra Əminə Cəlilabad rayon sakini Şəmistana həmin xalçaları vermişdi. Həmin xalçalar bunlardır: 14 ədədinin ölçüsü 1,50 metrin-2.30 metr olub və hər birinin qiyməti 300 manat olub, 6 ədədinin ölçüsü 2 metrin-3 metrə olub və hər birinin qiyməti 350 manat olub, 1 ədədinin ölçüsü 4 metrin 4 metrə olub və qiyməti 350 manat olub, 4 ədədinin ölçüsü 1 metrin-12 metrə olub və hər birinin qiyməti 540 manat olub, 3 ədəd xalça isə 2.50 metrin-3.50 metrə olub və hər birinin qiyməti 300 manat olub. Həmin 28 ədəd xalçanın ümumi qiyməti 9710 manat təşkil edib. Əminə ona həmin xalçaların pulunu verə bilmədikdə ondan mütəmadi olaraq əlaqə saxlayaraq xalçaların pulunu verməsini tələb etmişdir. Həmin vaxt Əminə mənə dedi ki, sənə birdəfəlik olaraq pul ödəyə bilmirəm. Sən məni lotareya oyununa qoş həmin oyunda sən və qohumların da olsun. Ancaq mən sənin yerinə hər ay pul qoyacağam. Sən pul qoymazsan. Sonda isə sənin pulu almaq vaxtın çatanda özün götürərsən. İddiaçı da onunla razılaşmış və öz qohumlarını da lotareyaya salmışdır. Qohumları isə X1, X2 və X5 olub. Digər adamlar öz pullarını vaxtı-vaxtında öz növbələri çatanda pullarını götürmüşlər. Lakin adlarını saldığı qohumlarının pulu götürmək vaxtı 2022-ci ilin avqust ayından başlayırdı. Yəni avqust ayında Sevda, sentyabr ayında o, özü, oktyabr ayında Tərbiyyə, noyabr ayında isə Müqabil pul götürməli idi. Lotereyanın da pulunu hər ay Əminə gəlib onlardan götürüb gedirdi. Avqust ayında Sevdanın pulu götürmək vaxtı çatanda Əminə ilə əlaqə saxlamaq mümkün olmamışdır. O. Əminəni çox axtarsa da bir daha tapa bilməmişdir. Bundan sonra qohumlarımın lotereyaya verdikləri pulları da o, özü işləyərək qaytrarmışdır. Lotaereyadan ona olan borcu isə 4.000 (dörd min) manat təşkil edirdi. Əminənin ona olan toplam borcu 13.711 manat təşkil etdi. O, qohumlarımın borcunu qaytarandan sonra Əminə ilə əlaqə saxlamağa çox cəhd etsə də bunun faydası olmamışdır. Bundan sonra o, əri Rakim ilə birlikdə Əminənin əri Azərin evinə gedərək müxtəlif xalçalar, qazan, ətçəkən maşın, pərdələr götürmüşdür. Əminənin evindən götürdüy əşyalarının qiyməti 6.211 manat təşkil edir. Bundan sonra Əminənin ona olan toplam borcu 7.500 manat qalmışdır. Cavabdeh onun 7.500 manat pulunu qaytarmadığı üçün həmin pulu ondan tələb etmək məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə etməklə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh Əminə Əlizadə ilə aralarında olan alış-veriş və lotereya oyunu zamanı hesablaşmaları yalnız şifahi qaydada olmuşdur. Bu hesablaşmalara dair aralarında heç bir yazılı qaydada qeyd aparmamışlar, heç bir qəbz, müqavilə və sair tərtib etməmişlər. Aralarında olan həmin hesablaşmaya görə cavabdehin ona 7.500 manat borcu qalmışdır və o, hazıradək borcunu qaytarmaqdan yayınır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə etməklə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, İddiaçı tərəfindən Cavabdeh barəsində qanunamüvafiq tədbir görülməsi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edilmişdir və hazıradək vəkil sorğusu da verilməsinə baxmayaraq polisdən həmin müraciətə dair rəsmi cavab verilməmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, İddiaçı həyat yoldaşı Rakim onun evində qapı düzəltmişdir. Bundan sonra Rakimin vasitəsilə Sevinci tanımışdır. Sonradan Sevinclə onun arasında müəyyən alış-veriş olmuşdur. Belə ki, o, Sevincdən nisyə qab-qacaq və xalça almışdır və mütəmadi olaraq onların pulunu tamamilə ödəyib qurtarmışdır. Sonuncu dəfə Sevinc onun evinə gələrək, ona qalan borcuna dair müəyyən məişət əşyalarını yığıb aparmışdır. Sevincin onun evindən apardığı məişət əşyalarının dəyəri ona olan borcundan da artıq məbləğ təşkil etmişdir. Aralarında olan lotereya oyunu nəticəsində də Sevincə və onun qohumlarına heç bir borcu qalmamışdır. Hal-hazırda İddiaçı heç bir borcu qalmamışdır və ona qarşı irəli sürülmüş iddia tələbi tamamilə əsassızdır. Qeyd edilənlərə əsasən ona qarşı irəli sürülmüş iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş şahid X6 ifadəsində bildirdi ki, iş üzrə İddiaçı onun həyat yoldaşıdır. Əminənin evində plastik qapı quraşdırmışdır. Sonradan Əminə onun vasitəsilə həyat yoldaşı Sevinclə tanış olmuşdur. Bundan sonra Əminə ilə Sevincin arasında qab-qacaq və xalça alveri olmuşdur. Qab-qacaq və xalça alverindən Əminənin Sevincə 7.500 manat borcu yaranmışdır. X9 təklif etmişdir ki, lotereya oynasınlar və lotereya da oynamışlar. Əminənin Sevincə olan borcuna dair onlar Əminənin evinə gedərək həmin borcun əvəzində onun evindən müəyyən əşyalar da götürmüşlər. Həmin əşyaları götürdükdən sonra Əminənin Sevincə qalan borcu 7.500 manat təşkil etmişdir. Lakin həmin borcun hansı hesablamanın nəticəsində yarandığını bilmir. Yalnız onu bilir ki, hazırda Əminənin Sevincə ümumi olaraq 7.500 manat borcu vardır. İşin məhkəmə baxışında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş şahid X3 ifadəsində bildirdi ki, İddiaçı onun gəlinidir. Ona məlumdur ki, Sevinc “Sədərək” ticarət mərkəzindən qab-qacaq, xalça gətirib satırdı. Cavabdeh onun gəlini Sevincdən nisyə olaraq qab-qacaq və xalça alıb aparırdı. X4 borcunu ödəmək üçün Sevincə lotereya oynamağı təklif etmişdi. Lotereyanın pulunu Əminə yığırdı və həmin lotereyaya yalnız onun qohumları qoşulmuşdu. Ona lotereya pulu ödənilməli olduğu vaxtda Əminə oulu başqasına vermişdi. Sonradan bilmişdir ki, Əminə qaçıb gedib. Sevinc Əminənin əvəzinə ona 500 manat lotereya pulu ödəyib. Əminənin Sevincə borcu olduğunu bilir. Amma həmin borcun nə qədər olduğunu və hansı hesablamanın nəticəsində yarandığını dəqiq bilmir. İşin məhkəmə baxışında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş şahid X1 ifadəsində bildirdi ki, İddiaçı onun qohumudur. Sevincin Əminə ilə münasibəti olduğunu bilmişdir. Onların arasında xalça olduğunu bilmişdir. Əminə Sevincə lotereya oynamağı təklif etmişdir. Əminən ona da 600 manat lotereya borcu qalmışdır. Əminənin Sevincə borcu olduğunu eşitmişdir, amma həmin borcun hansı məbləğdə olduğunu və hansı hesablama nəticəsində, hansı əsasla yarandığını bilmir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilin izahatını və şahidlərin ifadəsini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsini 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsi ilə müəyyən edir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 14.2 maddəsinin tələbinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Həmçinin həmin məcəllənin 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1 maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi də müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunvericilik borc müqaviləsi üçün borc müqaviləsi predmetinin məbləğinin üç min manatdan çox olmadığı hallarda yazılı formanı məcburi şərt kimi nəzərdə tutmur. Lakin, mübahisə halında, xüsusilə də borcun ümumiyyətlə verilibverilməməsi məsələsi mübahisələndirilən halda, borc münasibətlərinin mövcudluğu sübut edilməli hala çevrilir ki, bu halda sübut etmə vəzifəsi belə münasibətin həqiqətən mövcud olduğunu iddia edən tərəfin üzərinə düşür. Beləliklə işin məhkəmə baxışı nəticəsində müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən ona yaranmış borcuna dair 7.500 manat pul vəsaitini tələb edir. İddiaçı cavabdehin ona olan həmin borcunun nisyə alış-veriş zamanı və lotereya borcundan yarandığını əsaslandırır. Cavabdeh isə iddiaçıya heç bir borcunun olmadığını və iddia tələbinin əsassız olduğunu bildirir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən, iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı isə məhkəməyə həmin halları sübut etmək üçün heç bir mötəbər sübut, məsələn, qəbz, müqavilə, iltizam və s. məhkəməyə təqdim etməmişdir. Hazırda iddia tələbində qeyd edilən borc 7.500 manat, yəni 3.000 manatdan artıq məbləğdə olmasına baxmayaraq bu borca dair tərəflər arasında heç bir yazılı formada müqavilə bağlanmamışdır. Həmçinin tərəflər arasında əşyaların nisyə alqı-satqısına dair də müqavilə bağlanmamışdır. İşin məhkəmə baxışında iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlər ifadələrində cavabdehin iddiaçıya borcunun olduğunu bildirməklə, həmin borcun dəqiq hansı əsasla və hansı hesablamanın nəticəsində yarandığını bilmədiklərini qeyd etdilər. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilən və məhkəmə iclasında elan edilməklə tədqiq edilən “Vhatsapp” ani mesajlaşma sistemindən olan dnışıqların çıxarışlarından da iddia tələbində qeyd edilən borc məbləğinin yaranma əsası və iddia tələbinin əsaslandırılması müəyyən edilmir. Məhkəmə hesab edir ki, hazırki mübahisədə sübut etmə vəzifəsi iddiaçının üzərində olduğundan, cavabdehin onun qarşısında öhdəliyinin yaranmasına və öhdəliyə dair pulun ödənilib ödənilmədiyinə dair heç bir sübut təqdim olunmadığından onun irəli sürdüyü tələb əsassızdır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən müəyyən edilir ki, iddiaçı tərəfindən hazırki mülki iş üzrə iddia ərizəsinin məhkəməyə verilməsi üçün 95 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Vaqıf qızının Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən hazırki mülki iş üzrə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 95 manat dövlət rüsumu onun özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar