Məhkəmə qərarları › İş №2(049)-57/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-57/2025

09.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-57/2025 09.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu maddi ziyana dair 2.655 manat miqdarında və ödənilmiş 47 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Vaz-21214” markalı ** CJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını idarə edir. O, 12 avqust 2024-cü il tarixdə saat 22 radələrində idarə etdiyi “Vaz 21214" markalı ** CJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Lənkəran rayonu, Velədi kəndi ərazisində hərəkət edərkən qarşısında hərəkət edən Lənkərar şəhər sakini Cavabdeh idarə etdiyi “VAZ-21061” markalı ** BC *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla hərəkət edərkən sola dönmə işığını yandırıb, sola dönmək əvəzinə əks istiqamətdə, yəni sağa dönərək idarə etdiyi avtomaşınla toqquşmuşdur. Hadisə nəticəsində xəsarət alan olmasa da, onun maşını əzilərək ona maddi ziyan dəymişdir. Baş vermiş hadisə barədə dövlət yol polis əməkdaşları gələrək araşdırma aparıb, yol-nəqliyyat hadisəsinin sxemini çəkmişlər və hadisənin Cavabdeh təqsiri nəticəsində baş verdiyini müəyyən etmişlər. Yol polis əməkdaşları bu barədə inzibati xəta haqqında protokol tərtib edib və onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilərək 100 manat məbləğində inzibati qaydada cərimə etmişlər. Hadisə nəticəsində onun idarə etdiyi avtomaşına dəymiş maddi ziyanı müəyyən etmək üçün onu "xxxx" MMC-yə göndərmişlər. “Kamran" MMC-də onun idarə etdiyi avtomaşına baxış keçirilmiş və avtomaşına dəymiş ümumi ziyanın məbləği 2.655 manat olduğu müəyyən olunmuşdur. Cavabdeh ona dəymiş ziyanı ödəməkdən imtina edir. O, maddi ziyanla bağlı dəfələrlə cavabdehə müraciət etsə də cavadeh ona vurduğu maddi ziyanı könüllü olaraq ödəməkdən yayınır. Odur ki, Cavabdeh ona vurduğu ziyanı məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə müraciət edir. Qeyd etdiyi faktlar işə əlavə edilmiş sənədlərlə də təsdiqini tapır. İşin məhkəmə baxışında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və onun təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasında iştirak edərək, ifadəsində qeyd etmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, iddia ərizəsində qeyd edilmiş yol-nəqliyyat hadisəsi zamanı onun heç bir təqsiri olmamışdır. Əsassız olaraq o, cərimə edilmişdir. Bu səbəbdən də o, İddiaçı avtomaşınına dəymiş ziyanı ödəməməlidir. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutları yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan BD seriyalı, ******* nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, “Vaz-21214” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı, 2012-ci buraxılış ili olan avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin YPX-nin inspektoru, polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş TP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli “inzibati tənbehvermə haqqında” qərardan görünür ki, həmin qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3, 469.3 və 327.2-ci madələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 100 manat cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran ŞRPŞ-nin YPX-nin inspektoru, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş İXP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun, yol-nəqliyyat hadisəsinin sxeminin, İddiaçı və Cavabdeh izahatlarının məzmunundan müəyən edilir ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Lənkəran şəhəri ərazisində İddiaçı idarə etdiyi Vaz-21214” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh idarə etdiyi “VAZ-21061” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşaraq, yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan AD seriyalı, 495328 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, “Vaz-21061” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı, 1983-cü buraxılış ili olan avtomobil iddiaçı X2 mülkiyyətindədir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 19/704 nömrəli məhkəmə-əmtəə ekspert rəyinin nəticə hissəsindən görünür ki, Kamran" MMC-in xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2012-ci il buraxılışlı “VAZ-21214” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan təxminən 1.685 manat müəyyən edilir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, ekspertiza tədqiqatlarının dəyəri cəmi 50 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 29.1-ci maddəsinə əsasən “Hər kəsin mülkiyyət hüququ vardır.” İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.” Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (S.Bayramovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 16 iyul 2012-ci il tarixli Qərarı)” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).” Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.” Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti haqqında qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir və İddiaçı məxsus “VAZ-21214” minik markalı, **-CJ-*** qeydiyyat nişanlı avtomaşına ziyan vurmaqla, nəticədə iddiaçıya maddi ziyan vurmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1 maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin məcəllənin 1108.2 maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək 1685 manat məbləğində vurulmuş maddi ziyan Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, hazırki iş üzrə iddia tələbi qismən təmin edildiyindən keçirilmiş məhkəmə-əmtəşünaslıq ekspertizalarının xərci olaraq 50 (əli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47 manat pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Vurulmuş maddi ziyana dair 1.685 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh tutularaq İddiaçı verilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar